Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-93/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-3968/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 600 kv. metr olan torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ona torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi həmin vaxtdan etibarən onun istifadəsindədir. Müvafiq qaydada sənədləri toplayıb sözügedən torpaq sahəsinə dair çıxarış və kadastr planının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu xx.xx.2019-cu il tarixli məktubu ilə torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair şübhə yarandığından Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərildiyini, sərəncamda torpaq sahəsinin ölçüsünün qeyd olunmadığı və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu bildirilmişdir. Bu səbəbdən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətləri qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinin üzərində hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Belə ki, Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 73 saylı torpaq sahəsinin cizgisindən də görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin ölçüsü 600 kv metrdir. Ona görə də cavabdehin sərəncamda torpaq sahəsinin ölçüsünün qeyd olunmaması barədə imtinası da əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Beləliklə hesab edir ki, onun mübahisəli torpaq sahəsinə dair reyestrdən çıxarış və kadastr planının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Etirazda göstərilmişdir ki, təqdim edilmiş Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair şübhə yarandığından Səbail rayon İcra hakimiyyətinə sorğu göndərilmişdir. Bakı şəhər Səbail rayon İcra hakimiyyətinin cavab məktubunda sözügedən sərəncam və onun tərkib hissəsi olan digər sənədlərin Səbail rayon İcra hakimiyyətinin arxivində aşkar edilmədiyi bildirilmişdir. Həmçinin sərəncamda sözügedən torpaq sahəsinin ölçüsü qeyd olunmamış və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu məlum olmuşdur. Bununla bağlı İdarə tərəfindən İddiaçı **********06 qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli və **********39 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli məktublar ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-3968/2020 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 842 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və kadastr planının verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verilərək, iş üzrə qərarın ləğv edilməsini, iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)- 3968/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 842 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamının surətindən və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının Səbail rayon İcra hakimiyyəti başçısının 842 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamından xx.xx.2018-ci il tarixli 3113 №li arxiv çıxarışından görünür ki, İddiaçı Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv. metr torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri Səbail rayon İcra hakimiyyətinin Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 73 nömrə ilə 28 aprel 2004-cü il tarixdə qeydə alınmış “Cizgi”nin surətindən görünür ki, Səbail rayon İcra hakimiyyəti başçısının 842 №li 13 mart 1995-ci il tarixli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış Badamdar qəsəbəsi 3 yaşayış massivində 600 kv. metr torpaq sahəsinin yerləşmə cizgisi təsdiq edilmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanında yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsi **********06 №li xx.xx.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, təqdim edilmiş Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı, xx.xx.1995-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncam əsasında ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin həqiqiliyinə dair şübhə yarandığından Səbail rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Həmçinin sərəncamda sözügedən torpaq sahəsinin ölçüsü qeyd olunmamış və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluğun mövcud olduğu məlum olmuşdur. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən qeydiyyat orqanında təqdim edilmiş hər hansı sənədlə bağlı onun həqiqiliyinə dair şübhəsi olduqda müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Apellyasiya baxışı zamanı məhkəmənin 17 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 600 kv. metr torpaq sahəsinin (döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək) naturada faktiki ölçüsü nə qədərdir ? İddiaçı faktik istifadə etdiyi torpaq sahəsi Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsidirmi ? Bakı şəhəri Səbail rayon İcra hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 842 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi hansı kateqoriya (dövlət, bələdiyyə) torpaqlara aiddir? Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5385 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən qərardadın birinci sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən göstərilən ümumi sahəsi 600,0 kv.m olan faktiki torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını aşağıdakı kimidir: X=397574.246, Y=4464753.129, X=397572.697, Y=4464733.725, X=397541.829, Y=4464734.042, X=397543.852, Y=4464753.752. Qərardadın ikinci sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, qeyd olunur ki, torpaq sahəsi ilə bağlı dəqiq istinad məlumatları, coğrafi yerləşmə mövqeyini bildirən cizgi təqdim edilmədiyi üçün sözügedən sahənin sərəncamda qeyd olunan sahə ilə uyğunluğu barədə məlumat verilməsi mümkün olmamışdır. Qərardadın üçüncü sualı üzrə: 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, göstərilən torpaq sahəsinin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyalı olmaqla dövlət mülkiyyətində olduğu müəyyən olundu (Torpaq sahəsi daş karxanası ərazisi olmuşdur). AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyun 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, faktiki torpaq sahəsinin giriş-çıxışı sərbəst olmaqla, bir tərəfi və ikinci tərəfinin bir hissəsi 9 mişar daşı hündürlükdə, digər hissələr və bir tərəfi isə 2-3 mişar daşı hündürlükdə daş hasarla sərhədlənmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı, xx.xx.1995-ci il tarixli sərəncam əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədlər iddiaçıda olmadığından iddiaçının iddia etdiyi sahənin Səbail rayon İcra hakimiyyəti başçısının 842 saylı, xx.xx.1995-ci il tarixli sərəncam ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün deyil. Bundan başqa, mütəxəssis rəyi ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi daş karxanası ərazisi olmuşdur. Faktiki torpaq sahəsinin giriş-çıxışı sərbəst olmaqla, bir tərəfi və ikinci tərəfinin bir hissəsi 9 mişar daşı hündürlükdə, digər hissələr və bir tərəfi isə 2-3 mişar daşı hündürlükdə daş hasarla sərhədlənmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-3968/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli, 2-1(112)-3968/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-93/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-93/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver