Məhkəmə qərarları › İş №2-1(103)-930/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-930/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-930/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), x4 və x3 ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi x2, “xxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi x1 iştirakı ilə İddiaçı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4323/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qərarından “xxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş apellyasiyanın mümkünlüyü əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 108 saylı mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan “xxxxxxxxxxxxxxx” MMC ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı müqavilə ilə nəzərdə tutulmuş 10.000 manatı ödədikdən sonra x5 üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş və nəticədə şərtləşdirilmiş 76.680 manat pulu “xxxxxxxxxxxxxxx” MMC ödəməmişdir. Ona görə də iddiaçıya kassa mədaxil orderinin qəbzi verilməmişdir. Maliyyə arayışı tərəf öhdəliyini tam yerinə yetirdikdən sonra ona ödənilmiş pulun müqabilində kassa mədaxil orderinin qəbzi verilir. Q.Kərimov isə müqavilə öhdəliklərini yerinə yetirmədiyinə görə onunla “xxxxxxxxxxxxxxx” MMC arasında təhvil-təslim aktı tərtib olunmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı saxtadır. İşə apellyasiya qaydasında baxılarkən “xxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi şikayətin həllini Məhkəmənin mülahizəsinə həvalə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İPM-in 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər. Lakin təcrübədə, hazırkı işdə olduğu kimi, maraqlarına toxunan şəxslərin məhkəmə icraatına cəlb olunmaması hallarına rast gəlinir. Belə olan halda həmin şəxslər Konstitusiyanın 60-cı maddəsi ilə nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun pozulduğunu qeyd edirlər. Çünki məhkəmə qərarı qanuni qüvvəyə mindiyinə görə həmin şəxslərin İPM-in 28-ci maddəsinə uyğun olaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi mümkün olmur və onlar inzibati məhkəmə icraatının iştirakçısı olmadığı üçün həmin Məcəllənin 81-ci maddəsinə əsasən bu qərardan apellyasiya şikayəti vermək hüququndan məhrum olurlar. İPM-in 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə, 28.2). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir (28.3). İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5). Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Bununla da, zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Sözügedən hüquqi məsələyə münasibət bildirən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında göstərmişdir ki, “Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin 12.04.2017-ci il tarixli Qərarına uyğun olaraq “xxxxxxxxxxxxxxx” MMC-yə izah edir ki, İPM-in 28.1-ci maddəsinin tələblərinə müvafiq qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.11.2018-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İPM-in 87.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: “xxxxxxxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4323/2018 nömrəli iş üzrə 02 noyabr 2018-ci il tarixli qərarından apellyasiyası mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar