Məhkəmə qərarları › İş №2-1(103)-930/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-930/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-930/2021 20.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızından və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 (10.03.1993-cü il tarixdə Naxçıvan MR-in Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “iddiaçının işlə təmin olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4221/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X3 27.04.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pozulmuş hüquqlarının bərpasını xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 2011 – 2016-cı illərdə Azərbaycan Tibb Universitetinin “stomatologiya” fakültəsində təhsil almış və həmin fakültəni dövlət sifarişli formada müvəffəqiyyətlə bitirmişdir. O, həmin ildə yüksək balla rezidenturaya qəbul olmuşdur. 3 illik rezidentura təhsilini bitirdikdən sonra 12 avqust 2016-cı il tarixli müqavilədə və 39 nömrəli qərarda qeyd edildiyi kimi, dövlət müəssisəsində təyinata uyğun işlə təmin olunmalı idi. «Rezidenturanı bitirən həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi Qaydaları»na əməl edilməmişdir. O, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə dəfələrlə ərizə ilə müraciət etsə də, müxtəlif bəhanə gətirilməklə, yəni Bakı şəhərində vakansiyanın olmaması, 10 dekabr 2019-cu il tarixdə stomatoloqlara azad təyinat verilməsi və s. məlumatlar bildirilməklə ona təyinat verilməsindən imtina olunmuşdur. Sonuncu ərizəyə 4 mart 2020-ci il tarixli cavab məktubu 14 mart 2020-ci il tarixdə ona poçt vasitəsilə çatdırılmışdır. Cavab məktubu ilə onun hüquqları bir daha pozulmuşdur. 16.06.2020-ci il tarixdə iddiaçı ərizə təqdim edərək, iddia tələbinin dəyişdirilərək işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 2-1(112)-4221/2020 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir. 22.10.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4221/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddiaçı X1 cavabdeh AR Səhiyyə Nazirliyinə qarşı «iddiaçının işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. 30.12.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti (apellyasiya şikayətində faktiki ünvan Xırdalan şəhəri, H.Əliyev prospekti, Kristal ünvan 2 verərək, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4221/2020 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə aşkar şəkildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rezidenturanı bitirdikdən sonra onu işlə təmin etmək öhdəliyini öz üzərinə götürdüyü görülür. Müqavilədə hər iki tərəf bərabərhüquqlu olduğundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi birtərəfli qaydada müqavilənin icrasından boyun qaçıra bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin qoşma hissəsində “vəsatət” qeyd edilmişdir, lakin iş materiallarında vəsatət mövcud deyil. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq müqavilədə soyadının “Qurbanova” qeyd edildiyi, lakin daha sonra 2017-ci ildə nikahla bağlı olaraq soyadının dəyişdirildiyini bildirdi. Məhkəmə Kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatında qaydasında baxılmalı deyil. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə iddiaçı X2 arasında bağlanılmış, 12.08.2016-cı il tarixli, 740 №-li Rezidenturada həkimmütəxəssis hazırlığı haqqında Müqavilənin 3.1.2-ci bəndinə əsasən Rezidenti hazırlığı uğurla başa vurmasından sonra həkim-mütəxəssis kimi işlə təmin etmək Nazirliyin əsas vəzifəsidir. Göründüyü kimi iddiaçının hazırkı iş üzrə iddia tələbi - işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması müqavilə münasibətlərindən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddiaçının hazırkı iddia ərizəsindən isə aydın şəkildə müəyyən olunur ki, iddiaçı cavabdeh qismində inzibati orqan olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyini göstərsə də, onun irəli sürdüyü tələb xüsusi hüquqdan- mülki hüquq münasibətlərindən irəli gəlir. Göründüyü kimi, hazırkı iddia tələbi mülki mübahisədir, ona görə publik hüquqla tənzimlənmir Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4221/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(112)-4221/2020 nömrəli ləğv edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “işlə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar