Məhkəmə qərarları › İş №2-1(103)-930/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-930/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-930/2023 20.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi tələbinə dair» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-06/1 nömrəli 14 iyul 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək, İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 iyun 2019-cu il tarixli qərardadı ilə iddia, «iddiaçının ailə üzvü Jamal Masoodaya «qaçqın» statusunun verilməsi» hissəsində mümkün sayılmamışdır. İddianın əsaslarına görə iddiaçı İran İslam Respublikasının vətəndaşı və etnik olaraq türk-azərbaycanlıdır. xx.xx.1979-cu ildə İran Əhər vilayətində Göyərçin kəndində anadan olub. Ailəlidir, bir qız, bir oğlan övladı var, hazırda onunla birlikdə Bakı şəhərində yaşayırlar. “GÜNAZ” televiziyası və Güney Azərbaycanlıların Milli Azadlıq Cəbhəsi (GAMAC) Təşkilatının üzvüdür. 20 ildir ki, İranın şimalında Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının dili, tarixi, hüquqları uğrunda mübarizə aparmışdır. İlk dəfə 2004-cü il tarixdə güney azərbaycanlıların azadlıq simvolu olan Güney Azərbaycanın Qaradağ mahalı ərazisində yerləşən Bəzz-Banək qalası istiqamətində dinc yürüşdə iştirak etdiyinə görə həbs olunmuş, 1 həftə qanunsuz saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. 2005-ci ildə Xocalı soyqırımı ilə bağlı tədbirdə iştirak etmiş və bu dəfə bu tədbirdə iştirak etdiyi üçün 1 ay müddətində azadlıqdan məhrum edilərək işgəncələrə məruz qalmışdır. 2ci Qarabağ müharibəsi zamanı İran ərazisindən yük maşınları ilə Ermənistana hərbi yardım daşınmasına etiraz olaraq mitinq təşkil elmiş, buna görə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təhdid olunduğu üçün xx.xx.2021-ci il tarixdə Türkiyəyə getmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. O, dinsiz, heç bir dini etiqadı olmadığı üçün dini rejim tərəfindən təqib riski altındadır. Azərbaycana gəldikdən sonra o, xx.xx.2022-ci il tarixdə sığınacaq üçün vəsatətlə müraciət etmiş, cavabdeh tərəfindən vəsatəti qeydiyyata alınaraq onunla müsahibə aparmışdır. İddiaçı bildirmişdir ki, milli, siyasi və dini baxışlarına görə İranda zorakılığa və təqibə məruz qalacağına görə geri qayıtmaq istəmir. Cavabdeh 14 iyul 2022-ci ildə DMX İQ-06/1 saylı qərarı ilə onun sığınacaq vəsatətini rədd etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2022 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozub və ciddi posessual pozuntulara yol vermişdir. Çünki, iddiaçı İran hökuməti tərəfindən təqibə məruz qalır, qaydacağı təqdirdə zorakılıq riski altındadır. Onun cavabdehə verdiyi izahatları inandırıcılıq keyfiyyətinə malik və mötəbər və daxili və xarici amillərin tələbatlarını ödəsə də həmin ixahatları izahtları “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə uyğun qiymətləndirilməyib. «Qaçqınların və məcburi köçkünlərin statusu haqqında» Azərbaycan Respublikası Qanunun və benəlxalq qanunvericiliyin,o cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presdentlərini nəzərə almamış, sığınacaq verilməsindən imtina etməklə, cavabdeh onun sığınacaq hüququnu pozmuşdur. Məhkəmənin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə işdə iştirak edən şəxsləri dinəyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu onun şikayətinə imtina qərarı ilə cavab vermiş, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi rədd olunmuşdur. İddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri, eləcə də, işdə olan digər sənədlər təhlil edildikdə, İran İslam Respublikasının vətəndaşı olan iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən olunmur. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən : «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir. Cavabdehin iş materiallarına əlavə edilmiş xx.xx.20122-cu il tarixli İQ-06/1 nömrəli qərarından, iddiaçının 26 aprel 2022-ci il tarixli vəsatətinə əsasən onunla apardığı müsahiənin ılmış müsahibənin nətixələrinə əsasən müəyyən olunur ki, iddiaçının ona qaçqın statusu verilməsi barədə vəsatəti qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında cavabdeh tərəfindən ətraflı araşdırılaraq qiymətləndirilmə aparılmış və nəticələri üzrə qəbul etdiyi əsaslandırılmış qərarı ilə onun həmin vəsatəti təmin edilməmiş, qaçqın statusu verilməsindən imtina olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İddiaçınn vəsatətinə baxılması ilə əlaqədar işə əlavə olunmuş iddiaçı tərəfindən dolduruluş ərizə anket, onun vəsatəti və həmin vəsatətinə baxılması ilə bağlı cavabdeh tərəfindən onunla aparılan müsahibə və nəticələrinə dair qəbul olunmuş qərar təhlili olunduqda müəyyən olunur ki, cavabdehin imtina qərarı “İnzibati icraat haqqında” Qanunun qeyd olunan tələbləri qaydasında əsaslandırılmışdır. Belə ki, tədqiq olunan həmin sənədlərə əsasən müəyyən olunur ki: «...İddiaçının adına 14-2022 nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Müsahiəbə zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçinin ərizə-anket və müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, onun siyasi fəaliyyəti müxtəlif qruplara tərəfdarlıq, həmin qruplar üçün təbliğatın təşkilindən ibarət olmuşdur. Ərizəçinin verdiyi məlumatlara əsasən həbs müddətlərinə nəzər saldıqda onun ən uzun həbs müddətinin 105 gün olduğu məlum olmuşdur. Qeyd olunan fakt, yəni, müxalif silahlı qruplara üzvlük və onlara yardım ittihamı ilə təqsirləndirilən şəxsin belə qısa müddət ərzində azadlığa buraxılması inandırıcılıq nöqteyinəzərindən ciddi şübhələr doğurmuşdur. Həmçinin, ərizəçinin özünün qeyd etdiyi kimi qardaşı və bacanağı da müxtəlif dövrlərdə oxşar ittihamlar əsasında həbs edilsə də onlar ölkəni tərk etməmiş, heç bir təzyiqə məruz qalmadan ölkə ərazisində yaşamaqdadırlar. Ərizə-anket və müsahibələrdən aydın olmuşdur ki, 2011-ci ildəki saxlanılmasından sonra dəfələrlə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da heç bir fiziki və mənəvi təzyiqlərə məruz qalmamış və əslində onların bəzilərinin hüquqa uyğun davranışından razılığını bildirmişdir. Ərizəçinin üzləşdiyi ən ciddi ittihamlardan biri hesab etdiyi iş üzrə cərimə tətbiq edilmiş, lakin özü ölkədə olmadığı üçün cərimənin qardaşı tərəfindən ödənilməsinin mümkün olmadığı məlum olmuşdur. Bu isə ona qarşı irəli sürülən ittihamın həyati və digər təhlükə ehtiva etmədiyi qənaətinə gətirmişdir. İş üzrə digər hal şəxsin həbs qərarı ola-ola ölkəni tərk etməsi hesab edilə bilər. Ərizəçi bu xüsusatda verilən sualı cavablandıra bilməmiş, öz fərziyyəsinə əsasən “ata” adındakı orfoqrafik səhv səbəbindən ölkəni tərk etməyə müyəssər olduğunu bildirmişdir. Lakin ərizəçinin digər məlumatlarından məlum olmuşdur ki, onun atasının adı pasportunda, milli şəxsiyyət vəsiqəsində və məhkəmə qərarında eyni cür yazılmış, bu isə onun həmin orfoqrafik səhvdən yararalanaraq ölkəni tərk etməsi iddiasını boşa çıxarmışdır. Həmçinin ərizəçinin 2004-cü ildən etibarən dəfələrlə həbs edilsə də, onun 2016, 2017, 2018-ci illərdə rahatlıqla ölkəni tərk etdiyi, həmçinin 2020-ci ilin 12 iyul tarixində bir il müddətinə barəsində həbs qərarı və digər şərti cəzalar verildiyi, lakin buna baxmayaraq həmin cəza və cərimələrin ödənilmədiyi və ya götürülmədiyi, xx.xx.2021-ci ildə yeni pasport əldə etdiyi məlum olmuşdur. Şəxsin verdiyi məlumatlardan aydın olmuşdur ki, o, 30 sentyabr 2021-ci ildə ölkəsini sonuncu dəfə tərk etdikdən sonra Türkiyə Respublikasına getmiş, sığınacaq üçün müraciət etmiş, lakin öz ərizəsinə əsasən qaçqın statusunun verilməsi prosedurunun dayandırılmasını xahiş edərək 6 ay ərzində orada qaldıqdan sonra, Azərbaycan Respublikasına gəlmişdir. Qeyd olunan fakt şəxsin Türkiyə Respublikasında mövcud vəziyyəti qiymətləndirdikdən sonra Azərbaycan Respublikasına gələrək sığınacaq əldə etmək istəməsini və öz bildirdiyinə əsasən məqsədinin gələcəkdə biznes qurmaqdan ibarət olmasını göstərir. Ərizəçi ərizə-anket zamanı ölkəni tərk edərkən, yalnız pasportunu götürməsi, digər sənədlərinə isə İranda ehtiyac olduğundan orada saxlamasını bildirməsi onun ölkəsi ilə hələ də hüquqi və siyasi bağlılığının olduğunu müəyyənləşdirmişdir. Həmçinin, müsahibə zamanı ərizəçinin şüşə işi ilə məşğul olduğunu, icazə verilərsə, İran İslam Respublikasından şüşə gətirərək burada onun satışı ilə məşğul olmaq istədiyini bildirməsi şəxsin ölkəsində əsaslı təqib qorxusu ehtimalının doğru olmadığını göstərir. Beləliklə də qeyd olunanlara və Qaçqınların və məcburi köçkünlərin statsu haqqında” Qanunun 1 hissəsinin 1-ci bəndində “qaçıqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığı dan, AR Prezideninin xx.xx.2000-ci il tarixli 419 N-li Fərmanı ilə təsdiq olunmuş “Qaçqın statusu verilməsi haqqında” vəsatətə baxılması Qaydası” nın 3-cü və 7ci bəndlərinə əsasən onunla aparılan müsahiəbədən sonra ələdə olunmuş nəticələrə əsas tutularaq ərizəçinin əsaslandırıliış təqib qoruxusuna uyğun gəlmədiyindən onun vəsatəti təmin olunmamış, qaçqın statusu verilməsindən imtina olunmuşdur ...” Göründüyü kimi, cavabdeh tərəfindən “ iddiaçının vəsatətinə əsasən hərtərəfli araşdırma aparılmış, onun İran İslam Respublikasında təqibə və təsirə məruz qaldığını əsaslandıran dəlilləri həqiəqətə uyğun olduğu təkzib olunmuş, onun istinad etdiyi hallara aydınlıq gətirə bilmədyi, mötəbərliyi açıq şübhə doğuran faktlar müəyyən edilmişdir ki, bütün bunlar da ona qaçqın statusu verilməsi imkanını istisna edir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11658/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar