Məhkəmə qərarları › İş №2-1(103)-930/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-930/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-930/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 44 nömrəli Qərarı ilə İddiaçı 600 kv.m torpaq sahəsinin ayrılmasına dair hər-hansı məlumat aşkar edilməmişdir.

2. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir.

3. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir.

4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 11 avqust 2023-cü il tarixli 3- 48-2F/2-05608/2023 saylı müşayət məktubu ilə təqdim edilmiş Biləcəri bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2006-cı il tarixli, 44saylı qərarından və xx.xx.2006-cı il tarixli,02 saylı protokolundan görünür ki, İddiaçı Bələcəri bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək, Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir.

6. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, **********41 nömrəli məktubla bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi dövlət mülkiyyəti torpağıdır. Bundan başqa, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Eyni zamanda torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilmədiyindən sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

7. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 44 nömrəli qərarı ilə Bakı şəhər Biləcəri qəsəbə ərzisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq və Biləcəri bələdiyyə üzvlərinin ümumi iclasının 02 saylı xx.xx.2006-cı il tarixli protokoluna əsaslanaraq, xx.xx.2006-cı il tarixli, 44 nömrəli qərarla ona Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600.0 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ayrılmışdır. Bu torpaq sahəsinin ayrılması üçün Kapital Bank 1 saylı Binəqədi filialında 1344.0 (bir min üç yüz qırx dörd) manat dövlət rüsumu ödəyərək qəbz almışdır. Bundan sonra Bakı şəhər Biləcəri bələdiyyəsi razılığını bildirərək sxem əsasında torpağı təhvil vermişdir. Eyni zamanda Bakı şəhər Biləcəri bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixdə ünvanlanmış sorğuya cavab olaraq Binəqədi rayon Qaz İstismarı İdarəsi öz cavabında sxemdə göstərilən torpaq sahəsindən qaz xəttinin keçməməsi, "xxxx" Azərbaycan Elektrik şəbəkəsi MMC-nin X3 Şəbəkəsi isə öz cavabında sxemdə göstərilən torpaq sahəsindən 6-10 kv-luq kabelin və h/x-nin keçməməsi barədə yazılı məlumat vermişlər. Bütün bu proseslərdən sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ona ayrılmış torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixli ********** nömrəli müraciət ünvanlamışdır. Müraciətə baxılsa da, lakin cavabdeh tərəfindən elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi dövlət mülkiyyəti torpağı olduğunu, bundan başqa, torpaq sahəsinə dair Azərvaycan Respublikasının Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə, olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın təqdim edilməməsini, eyni zamanda torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilmədiyindən sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etməyin mümkün olmamasını əsas gətirərək iddiaçıya ayrılmış torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsinə dair rədd cavabı verilmişdir. Cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Əlavə olaraq cavabdeh imtina məktubunda Bakı şəhər Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 44 nömrəli qərarı ilə Biləcəri bələdiyyəsi ərazsindən 0.06 ha sahəsinin ayrıldığı halda: Həmin torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması; Alqısatqı aktının olmaması; Yerləşmə cizgisinin olmaması əsas gətirilmişdir. Digər sadalanan alqı-satqı aktının olmaması onun nöqsanı deyil, Bakı şəhər Biləcəri bələdiyyəsinin nöqsanıdır. Bələdiyyənin müvafiq sənədləşməni qanunauyğun şəkildə aparmaması onun səhvi olmamaqla onun mülkiyyət hüququndan istifadə etməyinə maneə törətməməlidir.

9. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, təqdim elektron kadastr məlumatlarına əsasən göstərilən ərazi dövlət mülkiyyəti torpağıdır. Bundan başqa, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. Eyni zamanda torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisi sənədlər toplusuna əlavə edilmədiyindən sənədin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərərfindən göstərilən əraziyə yerli baxış zamanı məlum olmuşdur ki, göstərilən sahənin az bir hissəsi maili relyefli ərazidə yerləşir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinə Biləcəri Bələdiyyəsinin qərarı əsasında çıxarışlar verilmişdir. Odur ki, yaşayış üçün nəzərdə tutulmuş torpaq sahələrinin bir hissəsi bələdiyyə, bir hissəsi dövlət mülkiyyətində ola bilməz.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsada məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. – 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-18-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.

23. Belə ki, iddiaçı Biləcəri Bələdiyyəsinə müraciət edərək, ona Biləcəri Bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini tələb edir.

24. Cavabdeh orqan isə təqdim olunan elektron kadastr məlumatlarına əsasən göstərilən ərazinin dövlət mülkiyyəti torpağı olduğunu, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın təqdim edilmədiyini, torpaq sahəsinə dair təsdiqlənmiş yerləşmə cizgisinin sənədlər toplusuna əlavə edilmədiyini, göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilmədiyini bildirərək, imtina cavabı vermişdir.

25. İş materiallarından görünür ki, Biləcəri Bələdiyyə üzvlərinin xx.xx.2006-cı il tarixli, 02 saylı ümumi iclas protokoluna əsasən, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə vətəndaş İddiaçı ayrılması məsələsinə baxılmışdır. Bakı şəhər Biləcəri Bələdiyyəsinin 44 nömrəli, xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə vətəndaş İddiaçı ayrılması qərara alınmış, İddiaçı torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 2 manat 24 qəpik olmaqla, Biləcəri bələdiyyəsinin «Kapitalbank»ın 1 saylı Binəqədi filialında olan ********** saylı h/hesabına ödəməsi və ödəmə barədə qəbzi Biləcəri bələdiyyəsinə təqdim etməsi tapşırılmışdır.

26. 11.01.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə sahəsi 600.0 kv.m, faktiki sahəsi isə 620.0 kv.m-dir, 20 kv.m artıqdır. Faktiki olaraq göstərilən torpaq sahəsi iki tərəfdən mişar daş hasar və müəyyən hissələri şərtidir, bir tərəfdən mişar daş hasarla və qonşunun mövcud tikilisinin çöl divarı ilə sərhədlənib, bir tərəfdən metal torla sərhədlənib. Tikli yoxdur. Torpaq sahəsinin yerləşməsinə dair yerləşmə sxemi təqdim edilməmişdir. Torpaq sahəsinin az bir hissəsi maili relyefli ərazidir.

27. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. İddiaçıya torpaq sahəsinin ayrılması barədə inzibati akt səlahiyyətli orqan tərəfindən qəbul olunduqda, onun qəbul olunmuş inzibati akta etimadı qorunur. Lakin işdən görünür ki, mübahisəli torpaq sahəsi ümumiyyətlə bələdiyyə torpaqlarına aid olmamışdır.

28. Məhkəmə kollegiya birinci instansiya məhkəməsinin hazırki mövqeyi ilə razılaşmır.

29. Kollegiya cavabdehin imtinasının dəlili olan torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilməsi və “Torpaqların alqı-satqısına dair akt”ın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamasına münasibətdə bildirir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, həmin torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində torpaq alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməməsi inzibati orqanın inzibati icraat çərçivəsində aparılmalı olan hərəkətdir. Bu səbəbdən də həmin əsas imtina əsası kimi qəbul edilə bilməz.

30. Nəzərə alınmalıdır ki, Bakı şəhər Biləcəri Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 44 nömrəli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər digər bələdiyyə sənədləri ilə birlikdə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verilmişdir

31. Eyni zamanda işin apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-930/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

32. Cavabdeh tərəfindən torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmaması ilə bağlı gətirdiyi arqumenti araşdırmaq məqsədi ilə təyin edilmiş ekspertizanın nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 oktyabr 2025-ci il tarixli 10/4717 saylı ekspert rəyindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 918 nömrəli Sərəncamına əlavə edilmiş Biləcəri Bələdiyyəsinin inzibati ərazisinin sxemində miqyas, tərpənməz dayaq nöqtəsindən məsafələr, koordinatlar olmadığından qərardadın sualı üzrə tədqiqat aparılmamışdır. Eyni zamanda, faktiki təqdim olunmuş torpaq sahəsi “Binəqədi OYL” ƏŞ-nin istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi müəyyən edilmişdir.

33. Nəzərə alınmalıdır ki, müvafiq ekpertiza tədqiqatıın aparılması üçün məhkəmə tərəfindən ekspertə təqdim edilmiş Binəqədi rayonun ərazisində Nazirlər Kabineti tərəfindən Binəqədi OYL şirkətinə ayrılmış dövlət torpaqlarının sxemi Biləcəri bələdiyyəsinin sədri tərəfindən imzalanmışdır.

34. Mübahisə predmeti olan torpaq sahəsinin Binəqədi OYL şirkətinə ayrılmış torpaq sahələrindən kənarda yerləşməsi bir daha ona dəlalət edir ki, qeyd olunan torpaq sahəsinin dövlət torpaqlarına heç bir aidiyyatı yoxdur. Əks tədqirdə ekspertiza tədqiqatına təqdim edilmiş sxemdə Binəqədi rayonda yerləşən bələdiyyələrin sədrləri tərəfindən sxemin imzalanmasına zərurət yaranmazdı.

35. Hesab olunur ki, iddiaçının faktiki sahibliyində olan torpaq sahəsi Biləcəri bələdiyyəsi tərəfindən ayrıldıqdan sonra elektron kadastr baza məlumatlarında dövlət torpağı kimi qeyd olunması iddiaçının həmin torpaqla bağlı gözləntili mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz.

36. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində sadalanan bələdiyyə səlahiyyətləri arasında ən mühimi onun sahibliyində olan əmlaklar üzərində sərəncam xarakterli hərəkətlərin yerinə yetirilməsidir. Təsadüfi deyil ki, bununla bağlı 29 iyun 2001-ci ildə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu və 15 mart 2002-ci ildə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə qəbul edilmişdir. Qeyd olunan Qanun və Əsasnamədə bələdiyyələrə ayrılmış torpaq sahələri üzərində sərəncam vermək qaydası və müddətləri müəyyən edilib.

37. Məhkəmə qeyd etməyi zəruri bilir ki, bələdiyyələrə torpaq sahəsi ayrılmasa Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsindən irəli gələn səlahiyyətlərin onlar tərəfindən həyata keçirilməsi mümkünsüz olar. Belə ki, torpaq sahəsi təhkim olunmayan bələdiyyələr nə torpaq vergisini tələb edə, nə də Qanundan irəli gələn səlahiyyətlərini həyata keçirə bilməz. Halbuki, ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələr vergitutma obyektinin dəyəri və sahəsi əsasında, vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi üzrə vergi ödəyicilərindən vergiləri tuturlar.

38. Göstərilənlər bir daha ona dəlalət edir ki, elektron kadastr məlumat bazasında torpaq sahəsinin dövlət torpağı kimi göstərilməsi cavabdeh təşkilatın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.2-ci maddəsinin tələblərinə əsaslanmasından irəli gəlir. Belə ki, Mülki Məcəllənin 155.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin o, cümlədən bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

39. Digər tərəfdən o da nəzərə alınamldır ki, iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda olan torpaq sahələrinin üzərində xüsusi mülkiyyət hüququ qeydə alınmış və iddiaçının sahibliyində olan torpaq sahəsinə olduqca yaxın məsafədə yerləşən X1 ayrılmış torpaq sahəsi də Biləcəri bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli qərarı ilə ayrılmışdır. Bu isə bir daha ona dəlalət edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə barabərlik prinsipinə riayət olunmur.

40. Nəzərə alınmalıdır ki, bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalşdıran xx.xx.2023-cü il tarixli 2-1(102)-1842/2023 qərarında (33-cü bənd) qeyd edilmişdir ki, “İnzibati orqanların inzibati praktikası həm də onların özlərinin müstəqil olaraq formalaşdırdığı, yaxud məhkəmə qərarları əsasında formalaşmış hüquq tətbiqi praktikası kimi fərqləndirilə bilər. Əgər hər hansı məsələ üzrə mübahisə məhkəmə çəkişməsi nəticəsində həll edilmişsə, eyni faktiki hallara və hüquqi əsaslara söykənən sonrakı mübahisələrdə inzibati orqan özünün praktikasını həmin qərarın məzmununa uyğunlaşdırmaqla formalaşdırmağa borcludur. Nəzərə alınmalıdır ki, inzibati orqanın məhkəmə qərarına əsaslanan inzibati (hüquq tətbiqi) praktikasının dəyişdirilməsi üçün ya həmin məhkəmə qərarı hüquqi qüvvəsini itirməli və ya sonradan həmin məsələyə münasibətdə yeni məhkəmə təcrübəsi formalaşmalı, yaxud da məhkəmə qərarının əsasında duran maddi-hüquqi əsaslar dəyişməlidir”.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

42. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun. Bakı şəhər Biləcəri bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 44 nömrəli qərarı ilə Bakı şəhər Biləcəri qəsəbəsi ərzisində fərdi ev tikintisi məqsədi ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar