Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-931/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, İddiaçının vəkili X2 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8306/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş və dayandırılmış əmək pensiyasının bərpa edilməsi, pensiya dayandırıldıqdan sonra indiyədək ödənilməmiş pensiya qalığının tam ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıya ƏƏSM yanında DSMF-nun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən (48 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və o, son aylaradək əmək pensiyası almışdır. Lakin sonradan ona ödənilən əmək pensiyası səbəbsiz yerə dayandırılmışdır. Bununla bağlı cavabdeh orqana müraciət etmiş və cavabdeh orqan ona xx.xx.2021-ci il tarixli **********0 saylı imtina cavabı verilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 15 il ümumi iş stajı olan və bu stajın azı 7 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 47 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərində xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də avtomobil lampaları sexində quraşdırıcı-vaakumçu peşəsində işlədiyini qeyd olunduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan dövrlər üzrə işlədiyi quraşdırıcıvaakumçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) 11501010 - kodu üzrə bütün növ şüşə və şüşə məmulatları istehsalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2006-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 48 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2006- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31372,46 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı bildirilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8306/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8306/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarını əsaslandıran zaman, qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də avtomobil lampaları sexində quraşdırıcıvaakumçu peşəsində işləməsi qeyd edilmişdir. Qeyd olunan dövrlər üzrə işlədiyi quraşdırıcı-vaakumçu peşəsi, həmçinin onun xx.xx.1987-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş ‘Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısının şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) 11501010 - kodu üzrə bütün nov şüşə və şüşə məmulatları istehsalı bəndində nəzərdə tutulmamışdır. xx.xx.1977-ci ildən 15 09.1986-cı ilədək "xxxx" BPO-da avtomobil lampaları sexində quraşdırıcı-vaakumçu peşəsində işləmişdir. İşlədiyi peşə həmin dövrdə mövcud olan peşələr siyahısında olmuş və bu səbəbdən də əmək kitabçamda bu barədə qeydlər edilmişdir. İşlədiyi dövrdə yüksək gərginlikli elektrik emerjisi, eyni zamanda kəsilən və partlaya bilən şüşü lampalarla kontaktda olmuşdur. Məhz bu səbəbdən işim təhlükəli olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, bu hallar nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyası bərpa edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8306/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1958- ci il tarixdə anadan olmuş, xx.xx.1977-ci il tarixdən müxtəlif peşələrdə işləmişdir.Ona xx.xx.2006-cı il tarixdən (48 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə pensiya ödənişi dayandırılmışdlr. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********0 saylı məktubda qeyd edilmişdir ki, “Fondun aidiyyəti üzrə mütəxəssisləri tərəfindən araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunan sənədlərində xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də avtomobil lampaları sexində quraşdırıcı-vaakumçu peşəsində işlədiyini qeyd olunduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan dövrlər üzrə işlədiyi quraşdırıcı-vaakumçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahı”sının şüşə və çini-saxsı istehsalatı bölməsinin (XV) 11501010 - kodu üzrə bütün növ şüşə və şüşə məmulatları istehsalı bəndində nəzərdə tutulmamışdır. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq ona xx.xx.2006-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 48 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2006- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 31372,46 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı bildirilmişdir. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.” Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edərək qeyd etmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 15 ildən çox ümumi iş stajına malik olsa da, xx.xx.2006-cı il tarixədək 7 il 06 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıda göstərilən hüquq normalarina istinad edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 48 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 15 ildən çox ümumi iş stajı olmalı və bundan 7 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 15 ildən çox ümumi iş stajına malik olması işin mübahisə doğurmayan halıdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılmasına əsas olmuş iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçının əmək kitabçasında onun xx.xx.1977-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də avtomobil lampaları sexində quraşdırıcı-vaakumçu peşəsində işləməsi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən "xxxx" ASC-yə sorğu ünvanlayaraq Yaranmış zərurətlə əlaqədar İddiaçı işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən (1 nömrəli və ya 2 nömrəli) işlədiyi peşələrin xüsusiyyətləri haqqında məlumatları əks etdirən güzəştli arayışın 27 iyul 2022-ci il tarixədək Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq daxil olmuş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, LP-10-0822 saylı məktubunda qeyd edilmişdir ki, “1958-ci ildə anadan olmuş İddiaçı ondan ötrü ki, O həqiqətən xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" X1 yığım sexində şagird və vakum-quraşdırıcı vəzifələrində işləmişdir. xx.xx.1986-cı il tarixdə Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı "xxxx" ASC-də işləməsini təsdiq edən və cəmiyyətin arxivində mövcud olan T-2 formalı şəxsi vərəqənin təsdiq olunmuş surəti əlavə olunur. Eyni zamanda bildirilmişdir ki, İddiaçı işlədiyi "xxxx" İB-nin Avtolampa yığım sexində tutduğu vəzifə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab olunur. Bu səbəbdən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 13-cü bölməsinin (elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı) 1130000a-17531 (Civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan iş sahələrində məşğul olan fəhlələr) maddəsinə əsasən güzəştli pensiya hüququna malikdir. QEYD: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının özəlləşdirilməsi departamentinin 29 noyabr 2001ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" İstehsalat Birliyinin Bakı "xxxx" zavodunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.” Təqdim edilmiş güzəştli arayışdan göründüyü kimi iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək "xxxx" X1 yığım sexində şagird və vaakum-quraşdırıcı vəzifələri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahıda öz əksini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiya ödənişinin dayandırılmasına əsas olan hal iş materialları ilə təksib olunduğundan cavabdehin hərəkətləri qanunazidd olmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1986-cı il tarixədək çalışdığı peşələrin 1 №-li Siyahıda öz əskini tapmasını qəbul edərək ona xx.xx.2006-cı il tarixdən (48 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sonradan iddiaçının çalışdığı peşələrin 1 №-li Siyahıda öz əskini tapmamasını əsas gətirməklə pensiya ödənişini dayandıraraq İnzibati icraatın əsas prinsipi olan Etimad hüququnun qorunması prinsipini pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, pensiya işindən də göründüyü kimi iddiaçının əmək pensiyasının dayandırarkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğunluğunu müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.. Lakin konkret halda işin mübahisələndirən hallarından göründüyü kimi, cavabdehin özü tərəfindən tam qanuni əsaslarla əvvəl təyin etdiyi həmin pensiya ödənişini, inzibati icraat qaydalarına riayət etmədən, yəni, inzibati icraat açmadan və həmin icraata iddiaçını cəlb etmədən və pensiyanın dayandırılması barədə müvafiq qərar da qəbul etmədən, əsassız olaraq qanunsuz hərəkətləri ilə dayandırmışdır. Göründüyü kimi, cavabdeh inzibati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8306/2021 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2-1(112)- 8306/2021 saylı qərarı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası dayandırıldığı tarixdən bərpa edilsin və ödənilməmiş məbləğin tam ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-931/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-931/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver