Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-931/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyinə qarşı“ 15 dekabr 2023-cü il tarixli 630-K saylı əmrin ləğv edilməsi, işə bərpa edilərək ixtisas dərəcənin artırılaraq kapitan ixtisas dərəcəsi verilməsi və cavabdeh tərəfindən məcburi iş buraxmaya görə ödənilməmiş bütün ödənişlərin (vəkil xərcləri daxil edilməklə) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8025/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə nazirliyinə qarşı“ 15 dekabr 2023-cü il tarixli 630-K saylı əmrin ləğvi edilməsi, işə bərpa edilərək ixtisas dərəcənin artırılaraq kapitan ixtisas dərəcəsi verilməsi və cavabdeh tərəfindən məcburi iş buraxmaya görə ödənilməmiş bütün ödənişlərin (vəkil xərcləri daxil edilməklə) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8025/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı qanunla mübahisələndirilmə haqqında iddia üçün müəyyən edilmiş müddəti üzürlü səbəb olmadan buraxmaqla məhkəmədə iddia qaldırmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia müddəti ərzində hüquq savadının kifayət qədər olmadığına görə iddia ərizəsini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2114/2024 saylı qərardadına əsasən İddiaçı İddia ərizəsi və ona aid sənədlər geri qaytarılmışdır. Məhkəmə AR MM-nin qeyd edilən normasının düzgün tətbiq etməmişdir,qəradadında İddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olan halı, yəni iddiaçının prosessual hüquq savadının kifayət qədər olmadığına görə iddia müddəti ərzində aidiyyəti üzrə səhv məhkəməyə müraciət etməsini və buna görə də iddia müddətini ötürməsini üzrlü səbəb kimi qiymətləndirməmişdir və müddətin bərpası üçün əsas hesab etməmişdir. Cavabdeh tərəf məhkəmə baxışında iddiaya etirazında absurd olaraq qeyd etmişdir ki, inzibati icraatda mediasiyanın tətbiqinin məcburiyyəti yoxdur, bu hal könüllüdür. Cavabdeh inzibati orqan məhkəmədən iddianın mümkünlük məsələsinə baxılmasını, yəni iddia müddətinin tətbiq ediməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışında iddia müddətinin ötürülməsinin ən əsas səbəbi kimi səhv olaraq iddia ərizəsini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etməsini göstərmişdir. Buna baxmayaraq Məhkəmə MM-nin 375.2.-ci maddəsinı tətbiq etmiş, iddiaçının hüquq və azadlıqlarını, qanunla qorunan mənafelərini pozmuşdur. X3 hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat vermişdir. Məhkəmə iddiaçının konstitusion hüquqlarını pozaraq əsassız qərardad qəbul etmişdir. İddiaçını məhkəmədə müdafiəsinə təminat hüququndan məhrum etmək yolverilməzdir. Ona görə ki, iş materiallarından göründüyü kimi cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri, qəbul etdiyi inzibati akt iddiaçının həm hüquq və azadlılarının pozulmasına, eyni zamanda maddi təminatının pozulmasına səbəb olmuşdur. Məhkəmə bu mühüm və əhəmiyyətli halları nəzərə almadan səhv olaraq "iddia mümkün sayılmasın" qənaətinə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8025/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən əmri xx.xx.2023-cü il tarixdə qəbul etmiş, xx.xx.2024-cü il tarixdə Mediasiya Şurasına müraciət etmiş və MŞB/3/2-24-00079 nömrəli, xx.xx.2024-cü il tarixli arayış ilə mediasiya prosesinə xitam verilmişdir, arayışı iddiaçı xx.xx.2024-cü il tarixdə almışdır. İddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı əmri qəbul etdiyi gündən 21 gün sonra mediasiya şurasına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə müddətin 21-ci günündə iddia müddətinin axımı dayandırılmış və mediasiya prosesinə xx.xx.2024-cü il tarixdə xitam verildiyindən, həmin gündən iddia müddətinin axını davam etmiş, 38 gün sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Beləliklə iddiaçı tərəfindən qanunla mübahisələndirilmə iddia üçün müəyyən edilmiş müddətini buraxmış, 29 gün ötürülməsi ilə məhkəmədə iddia qaldırılması müəyyən edilmişdir. İddiaçı tərəfindən iddia müddətinin buraxılmasına səbəb olmuş halları( aidiyyəti üzrə səhv məhkəməyə müraciət etməsi və s.) məhkəmə üzrlü səbəb kimi qiymətləndirməmiş və müddətin bərpası üçün əsas hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, AR İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Mübahisələndirilən inzibati akt (əmr) 15 dekabr 2023-cü il tarixli olmaqla, cavabdeh tərəfindən sözügedən əmr iddiaçıya 18 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmuş 30 günlük müddəti ötürülməklə məhkəməyə təqdim edildiyinə istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 59-cu maddəsinə əsasən yazılı inzibati aktın əsas rekvizitlərindən biri də həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan haqqında məlumatdır. Eləcə də həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İş materiallarından görünür ki, iddiaçıya mübahisələndirilən əmr 18 dekabr 2023-cü il tarixdə təqdim edilsə də, ona mübahisələndirilən əmrə qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin iddia verə biləcəyi orqan haqqında yazılı məlumat təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını diqqətə alaraq hesab edir ki, mübahisələndirilən əmrdə ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığından və həmin hüquqi müdafiə vasitələri barədə iddiaçıya rəsmi məlumat verilmədiyindən, qanunvericiliklə müəyyən edilmiş müddət (iddiaçıya münasibətdə 6 aylıq müddət) ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8025/2024 nömrəli, 18 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-931/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-931/2025
22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver