Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-932/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseyn sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “X5 Kompani S.A.” şirkəti) qarşı “əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, müqavilənin ləğvi barədə məktubun etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7218/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs “X5 Kompani S.A.” şirkəti) qarşı “əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, müqavilənin ləğvi barədə məktubun etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı sonradan müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işin mahiyyəti üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minənədək cavabdehin üzərinə əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması, tikintinin dayandırılması ilə bağlı müdaxilənin icrasına yönəlmiş hərəkəklərin edilməsindən çəkinməsi öhdəliyinin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7218/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, prosessual hüquq normaları onun ərizəsinin təmin edilməsi üçün tətbiq edilməli olduğu halda, hakim əksinə, qanunazidd olaraq onu əlehimə yönəltmişdir. Belə ki, onun iddiası və ərizəsi məhz bu müddəalara əsaslanmışdır. İddia ərizəsində göstərmişdir: Sitat Əgər həqiqətəndə bu torpaq sahəsi vətəndaşlara verilməli deyildisə, nədən məni müxtəlif rəsmi və qeyri-rəsmi ödənişlər etdirmişdilər, beləliklə də mənə təxminən 200 000 manat məbləğində zərər vurmuşdular, bu pulları ödəməkdən ötrü mən Mehtiabad qəsəbəsində torpaq sahəmi satdım, Bankdan kredit götürdüm, qohumlardan borc aldım. İndi bu pulları mənə kim qaytaracaq və vurulmuş maddi ziyanı kim ödəyəcək?” Bu halın özü mənim iddia ərizəsinin Azərbaycan Respublikası İPM-nin 43.1.2-ci maddəsində göstərilmiş- ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsini ehtiva etmirmi ? Və ya tikilinin sökülməsi həmin Məcəllənin 43.1.1-ci maddəsində müəyyən edilmiş mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması demək deyildirmi ? Bundan əlavə hakimin istinad etdiyi prosessual hüquq normaları inzibati aktlara aiddir. Halbuki onun iddia ərizəsi Bakı Şəhər İcra Hakimiyyətinin- inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan və bilavasitə onların hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi və inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsi və ya dayandırılması barədədir. Lakin cavabdeh belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluqunu sübut edə bilməmişdir və məhkəmənin mübahisələndirilən qərardadında belə bir hala istinad edilməmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonramüvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Bu normadan göründüyü kimi, müvəqqəti xarakterli müdafiə tədbiri inzibati aktın mübahisələndirilməsinə dair iddia olduqda bilavasitə onun icrasının dayandırılmasına yönələ bilər, digər iddia növlərinə münasibətdə isə irəli sürülmüş iddia tələbinin mahiyyətindən asılı olaraq iddiaçının hüquqlarının qorunması məqsədilə iddianın təmininə yönəlmiş tədbir kimi tətbiq oluna bilər. Prosessual qanunvericilik müvəqqəti xarakterli müdafiə barədə ərizənin verilməsi qaydaları və ərizənin təmin olunması üçün məhkəmənin istinad etməli əsasları da nəzərdə tutmuşdur. İPM-nin 40.2-ci maddəsinə əsasən ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 41-ci maddəsi xüsusi olaraq inzibati aktın icrasının dayandırılması ilə bağlı qaydaları, Məcəllənin 43-cü maddəsi isə digər iddia növlərinə münasibətdə müdafiə tədbirlərinin tətbiqinin əsaslarını müəyyən etmişdir. Lakin hər iki normada işin faktiki və hüquqi hallarının ilkin araşdırılması (Məcəllənin 41.2 və 43.1.2-ci maddələri) tələb edilmişdir. Həmin normaların tələbinə, əsasən müvəqqəti xarakterli müdafiə tədbiri barədə məsələ həll olunarkən ilk növbədə iddiaçının hansı növ və hansı mahiyyətli iddia qaldırdığı müəyyən olunmalıdır. Çünki bu, hansı qaydaları rəhbər tutmaqla müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunacağını müəyyən edir. Müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizə üzrə qərar işin konkret (faktiki) və hüquqi hallarının qiymətləndirilməsi əsasında qəbul edilir. Məhkəmə müvəqqəti xarakterli müdafiədən istifadə haqqında ərizəni yoxlayarkən işin hallarını ümumi şəkildə araşdırmalı və qiymətləndirməlidir. Bu prosesdə sübutların ayrı-ayrı tədqiq edilməsi, yeni sübut növlərinin axtarılması və ya bu qəbildən olan məsələlərin həll edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 40.3-cü maddəsinə əsasən,məhkəmə müvəqqəti xarakterli müdafiə qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkindirmək,yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər.Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən,işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük halda ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinə əsasən mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul ediməsi üçün əsas kimi müəyyən olunmuşdur. Hazırkı iş üzrə İPM-nin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük halda ehtimalla uğurlu olacağı qənaətinə gəlinmədiyindən, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəldiyindən, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanmalı və apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 40, 41 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7218/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-932/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-932/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver