Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-932/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixində Şəmkir rayonunun Leninkənd kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, İzlivnoy-1, 9-cu küçə, ev 16) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddət göstərilmədən təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-8403/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 12.07.2021-ci il tarixində cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının sosial hüquqlarının bərpa olunması (əlilliyin 5 il müddətinə deyil, müddətsiz təyin edilməsi) və həmin müəssisənin rəhbərliyinin cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı zabit kimi həqiqi hərbi xidmət keçmiş, 2010-cu il tarixdə yaşa görə ehtiyata buraxılmış və həmin tarixdən o, yaşa görə əmək pensiyası almışdır. 2017-ci ilin iyun ayında səhhəti ilə əlaqədar cavabdeh inzibati orqan tərəfindən ona 5 il müddətinə İİ qrup əlillik təyin olunmuşdur. İddiaçı hesab edir ki, o, yaşa görə əmək pensiyası aldığından “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin müddəaları ona münasibətdə tətbiq olunaraq, İİ-ci dərəcəli əlillik müddət göstərilmədən təyin edilməlidir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmədən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin 17.07.2017-ci il tarixdən müddət göstərilmədən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-8403/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin 17.07.2017-ci il tarixdən müddət göstərilmədən təyin edilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-8403/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanunla yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya növləri nəzərdə tutulmuşdur. İddiaçının vəziyyətində isə ona digər əsaslarla pensiya təyinatı aparıla bilməyəcəyindən aparılmış ilkin pensiya təyinatı məhz yaşa görə pensiya kimi müəyyən olunmuşdur. Lakin, iddiaçıya aparılmış ilkin pensiya təyinatı onun qanunla tələb edilən yaş həddinə çatması səbəbindən deyildir. Məhkəmənin də öz qərarında qeyd etdiyi kimi iddiaçı müvafiq xidmət illərini tamamladığı üçün güzəştli pensiya hüququ yaranmışdır. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə görə güzəştli şərtlərlə pensiyaya çıxmış şəxslərə pensiya təyin olunması üçün şərtlər fərqli qaydada nəzərdə tutulmuşdur. Yəni, iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmış şəxs hesab olunduğundan pensiya alması səbəbindən əlilliyin müddət müəyyən edilmədən təyin edilməsi ilə bağlı müddəanın ona münasibətdə tətbiq olunması mümkün deyildir. “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsi ilə pensiya seçmək hüququ təsbit olunmuşdur. Həmin maddənin 5.1-ci bəndinə görə Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Beləliklə, iddiaçının həm də ona aparılmış əlillik təyinatı ilə əlaqəli pensiya almaq hüququ yarandığından iddiaçı qeyd olunan pensiya növlərindən birini seçə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4-cü bəndinə uyğun olaraq birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən isə 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. Göründüyü kimi, İddiaçı ikinci dərəcə 5 il müddətinə təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamələrin tələblərinə riayət edilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “hazırkı iddia tələbi üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alan şəxs hesab olunduğundan,“Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.3-cü bəndi ona münasibətdə tətbiq olunmalı və təyin olunmuş İİ-ci dərəcəli əlilliydə müddət göstərilməməlidir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Qanunun 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Qanunun 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Qanunun 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Qanunvericilik normalarının məzmunundan da göründüyü kimi yalnız yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı iş üzrə iddiaçı ona müddətsiz əlillik təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə cavab vermir. Belə ki, işin hallarından göründüyü kimi İddiaçı 19.11.2010-cu il tarixdə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu olduğundan və ona digər əsaslarla pensiya təyinatı aparıla bilməyəcəyindən aparılmış ilkin pensiya təyinatı məhz yaşa görə pensiya kimi müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçıya aparılmış ilkin pensiya təyinatı onun qanunla tələb edilən yaş həddinə çatması səbəbindən deyil, müvafiq xidmət illərini tamamladığı üçün güzəştli pensiya hüququ yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı yalnız güzəştli şərtlərlə pensiyaya çıxmış şəxs hesab olunduğundan, yəni yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmadığından əlilliyin müddət müəyyən edilmədən təyin edilməsi ilə bağlı müddəanın ona münasibətdə tətbiq olunması mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hal araşdırılmadan, əsassız və qanunsuz olaraq, iddia tələbi təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-8403/2021 nömrəli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2-1(112)-8403/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ ona əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-932/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-932/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver