Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-932/2023 08.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cəlaləddin oğlu və X1 oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə qarşı “dövlət qeydiyyat nişanının təhkim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5908/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan nəqliyyat vasitələrinə **-SM-***, **-MS-***, **-VG-*** dövlət qeydiyyat nişanlarının dövlət rüsumu ödənilməklə təhkim edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması (cavabdehə həvalə edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sona iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan 2014-cü il istehsalı, şassi nömrəsi 1G1PC5SB1F7141444 olan «Chevrolet Cruze» markalı minik və 2011-ci il istehsalı, şassi nömrəsi WDF**********6467 olan «X3» markalı minik avtomobillərinin hər ikisinə 77 seriyası ilə başlayan «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.65.6.1-ci maddəsində göstərilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 777 olan, seriyası müxtəlif və ya eyni hərflərdən ibarət olan (nümunə 77+-777 və ya 77++777 dövlət qeydiyyat nişanlarının dövlət rüsumu ödənilməklə təhkim edilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması (cavabdehə həvalə edilməsi) barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehə rəsmi olaraq elektron qaydada müraciət edərək, bir sıra dövlət qeydiyyat nişanlarının dövlət rüsumunun ödənilməsi ilə ona məxsus olan avtomobillərə təhkim edilməsini xahiş etmişdir. Eyni ərizədə dövlət qeydiyyat nişanlarının əldə edilməsi ilə bağlı prosedur qaydaları da izah etməyi xahiş etmişdir. Lakin cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdə istədiyi dövlət qeydiyyat nişanlarının sərfiyyatda olmaması ilə bağlı cavab verilmişdir. Bundan sonra iki dəfə də cavabdehə rəsmi müraciət etsə də, bu günə qədər heç bir cavab verilməmişdir. Cavabdehin cavabı və ümumilikdə istədiyi dövlət qeydiyyat nişanlarının təhkim edilməsindən imtina tamamilə qanunsuz və əsassızdır. Bu dövlət qeydiyyat nişanlarının təhkim edilməsi ilə bağlı heç bir qadağa yoxdur. Belə ki, Bakı şəhərində bir sıra nəqliyyat vasitələrində analoji dövlət qeydiyyat nişanları təhkim edilmişdir və hətta yeni yaranmış 77 seriyalı dövlət qeydiyyat nişanının ən son hərf kombinasiyalı **-ZZ-*** dövlət qeydiyyat nişanı artıq istismara verilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5908/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apelyyasiya şikayətinin dəlilləriə uyğun izahat verərərk, onun təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İV-İ hissəsinin 6-cı bəndinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası»nın: 1.2-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər; 3.1-ci bəndinə əsasən avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat-imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir; 3.3-cü bəndinə əsasən avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat-imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər; 3.4-cü bəndinə əsasən qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur; 3.5-ci bəndinə əsasən şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur; 3.6-cı bəndinə əsasən ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Avtomobilinizə «77» kodla başlayan son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə ünvanladığınız elektron müraciətə baxılmışdır. Bildiririk ki, arzu etdiyiniz dövlət qeydiyyat nişanları hazırda sərfiyyatda olmadığından xahişinizin istəyinizə uyğun həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, hazırda sərfiyyatda «77» kodla başlayan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanları mövcud deyildir. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Nəqliyyat vasitəsinə müxtəlif hərflərin kombinasiyasından ibarət 77-**-777 dövlət qeydiyyat nişanının verilməsinə dair xx.xx.2021-ci il tarixində Cavabdehnə elektron poçt vasitəsilə etdiyiniz müraciətə baxılmış və tərəfimizdən xx.xx.2021-ci il tarixdə 016-141011M-4221 nömrəli məktubla cavab verilərək arzu etdiyiniz dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmadığı bildirilmişdir. Bundan sonra eyni hərflərin kombinasiyasından ibarət sonu 077 olan dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı müraciətiniz Daxili İşlər Nazirliyində 001- 4387M nömrə ilə qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixdə icraata yönəldilmiş, həmin müraciətə Cavabdehndə baxılaraq 016-4387M4222 nömrəli məktubla cavab verilərək eyni hərflərin kombinasiyasından ibarət sonu 077 olan dövlət qeydiyyat nişanının nəqliyyat vasitələrinə xronoloji ardıcıllıq qaydasında təhkim edildiyi üçün «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 18.68.6.1- ci maddəsinə tətbiqinin mümkünsüzlüyü barədə məlumatlar elektron ünvanınıza göndərilmişdir Beləliklə, qeyd edilənlərə əsasən iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə əməl edilmədiyi və eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya və məhkəməyə ünvanlanmış məktublarda hazırda sərfiyyatda iddiaçının tələb etdiyi rəqəm və hərflərin kombinasiyasından ibarət olan dövlət qeydiyyat nişanları mövcud olmadığı üçün, iddianın təmin edilməməsi barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5908/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5908/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova
Məhkəmə qərarları › İş №2-1(103)-932/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-932/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver