Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-932/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X25 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X15 və X24 ibarət tərkibdə, X20-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7157/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə 2/4 hissədə X1 və ¼ hissədə X3, ********* qeydiyyat nömrəsi ilə xx.xx.2018-ci il tarixdə ¼ hissədən 1 otaq (yaşayış sahəsi 14,8 kv.metr, köməkçi sahə 8,8 kv.metr) X23, qalan hissə isə X6 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi 2/4 hissədə X1, ¼ hissədə X3, ¼ hissədən 1 otaq (yaşayış sahəsi 14,8 kv.metr, köməkçi sahə 8,8 kv.metr) X9, ¼ hissədən qalan hissə isə X6 mülkiyyətindədir. 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin 69 saylı, xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, K.Kazımzadə küçəsi, 13 saylı ev xüsusi mülkdür. İddiaçı göstərilən ünvanda qeydiyyatdadır və yaşayır. İddiaçı öz vəsaiti hesabına ikinci mərtəbədə 54,7 kv.m. ev tikmişdir. Mülkiyyətçi X4 öz evində uzun müddət yaşamadığına görə onun çıxarışına aid olan hissədən də iddiaçı istifadə etmiş və şifahi olaraq dediyi sözə görə onun evini də təmir etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə X11 X12 qarşı mülkiyyət hüququnun tanınması və qeydiyyat vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilərək, ünvan 4 ünvanda yerləşən mülkün 14,8 kv.m sahəsi olan 1 otaq və 8,8 kv.m sahəsi olan eyvana iddiaçı V.Quliyevanın mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k- 1822 saylı qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər X10, Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə və X2 qarşı vərəsəlik hüquqlarının tanınması, qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddiası təmin edilmiş, X3 ünvan 5 ünvanında yerləşən mülki üzrə ¼ hissədə pay hüququnun tanınması, X10 və X7 ünvan 5 ünvanında yerləşən mülk üzrə ¼ hissədə pay nisbəti ilə xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsinin verilməsi qət edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, iddiaçının tələbi təmin olunmamışdır. Həmin imtinadan narazı qalan İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən evin ikinci mərtəbəsində yerləşən 54,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının onun adına reyestrdə qeydə alınması və çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə X13, X16, X14 və X18 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxslər kimi işə cəlb edilmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ilin yayında iddiaçı və həyat yoldaşı Əzimov Yalçın Bakı şəhərində mənzil almaq qərarına gəliblər. Evlərlə maraqlananda həyat yoldaşının bacısı Günəş İbrahimova bildirib ki, onun qaynatası X8 öz həyət evini satır. X8 həm qohumları, həm də iddiaçının atası ilə uzun müddətdən bəri tanış və dost idi. Ona görə də onunla görüşüb bu barədə söhbət ediblər. Həmin vaxt X28 qəsəbəsində NZS deyilən ərazidə yerləşən evində yaşayırdı. Nürəddin İbrahimov 6 min ABŞ dollarına evi onlara satıb. Daha sonra isə Nürəddin İbrahimov iddiaçı və ailə üzvlərinin həmin evə daimi qeydiyyata alınmalarını təmin edib. Onlar həmin vaxtdan etibarən öz evlərinə köçərək orada yaşamağa başlayıblar. 16 ildir ki, qeyd olunan ünvanda fasiləsiz və etirazsız yaşayırlar. İddiaçının uşaqları həmin evdən məktəbə getmiş, evə görə bütün kommunal ödənişləri ödəmişdir. Ev bir mərtəbəli 1 otaqdan ibarət idi və yaşayış sahəsi 40 kv.m təşkil edirdi. Ev köhnə və təmirsiz idi. 2016-cı ilin yay və payız aylarında iddiaçı həmin evi sökərək yerində iki mərtəbəli, 3 otaqlı yeni ev inşa etdirib. Nürəddin İbrahimov həmin vaxt sağ idi və qonşu ilə həyətyanı sahə ilə bağlı narazılıq olmaması üçün torpaq sahəsinin sərhədlərini də onunla dəqiqləşdiriblər. Bu hadisədən qısa müddət sonra Nürəddin İbrahimov vəfat edib. Onun ölümündən sonra həmin evə dair sənədləşdirmənin aparılmasında çətinlik yaranıb. İddiaçı cavabdehə müraciət edərək həmin ünvanda yerləşən evin ikinci mərtəbəsindəki yaşayış sahəsinə dair çıxarış verilməsini xahiş edib. Lakin müraciəti təmin edilməyib. Mübahisəli ev fərdi yaşayış evidir. Evin 1/2 hissəsi mərhum Nürəddin İbrahimovun mülkiyyətində olmuşdur. Həmin hissə birmərtəbəli və 1 otaqdan ibarət olmuş və sahəsi 40 kv.m təşkil etmişdir. Lakin hazırkı ev ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı iki mərtəbəli evdir. Bu səbəbdən həmin evin ikinci mərtəbəsində inşa edilən yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********23 xaricolma nömrəli məktubla cavab verilmişdir. Fərdi yaşayış evinin ikinci mərtəbəsinin iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi 1/4 hissədə X3, 1/4 hissədə X6, 1/4 hissədə X5, 1/4 hissədə X9 adlarına paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7157/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, iddiaçının faktiki sahibliyində olan əmlakla X1 adına reyestrdə qeydə alınan əmlakın eyni olub-olmamasını yoxlamamış, bu əsasla iddiaçının subyektiv hüququnun yaranıb-yaranmadığını müəyyən etməmiş, beləliklə də səhv nəticəyə gəlmişdir. Evə dair kommunal ödənişlərin kim tərəfindən ödənilməsi, evin ölçüləri, otaq sayı, mərtəbərliliyi araşdırılmamış, X1 mülkiyyətində olan tikili ilə iddiaçının inşa etdiyi evin texniki göstəricilərinin fərqlərinin müəyyənləşdirilməsi üçün müvafiq sorğular verilməmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iş üzrə tərəflər və üçüncü şəxslər iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə iddiaçının, cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etsə də, iddiaçının tələbi təmin olunmamışdır. Bundan sonra iddiaçı xx.xx.2024cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən, iddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən evin ikinci mərtəbəsində yerləşən 54,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb edir ki, bunu da tələb etməkdə onun subyektiv hüququ vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur, iddiaçının subyektiv hüququ da olduğundan iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı hazırda ünvan 3 ünvanında yerləşən evin ikinci mərtəbəsində yerləşən 54,7 kv.m yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının onun adına reyestrdə qeydiyyata alınmasını tələb edir. Cavabdehin yazılı etirazında imtinanın dəlili kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi və qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissədə X3, 1/4 hissədə X6, 1/4 hissədə X5, 1/4 hissədə X9 adlarına paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı bildirilmişdir. Bu imtinadan narazı qalan iddiaçı iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə çıxarışın verilməsinin mümkünlüyünü torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırki işdə tələb olunan sənədlər iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi 1/4 hissədə X3, 1/4 hissədə X6, 1/4 hissədə X5, 1/4 hissədə X9 adlarına paylı şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Ona görə də iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına özəlləşdirilməsini tələb etdiyi daşınmaz əmlakla Kəmalə Hacıyevanın adına qeydiyyatdan keçmiş evin ¼ hissəsi bir daşınmaz əmlaka (yəni evə) aiddir. Bu baxımdan iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ vardır. O ki qaldı sözügedən evə dair kommunal xidmət haqlarının kim tərəfindən ödənilməsi məsələsinin araşdırılmasına, həmin kommunal xidmət haqları iddiaçı tərəfindən ödənilmiş olsa belə, bu hal iddiaçının adına qeydiyyata alınmasını tələb etdiyi daşınmaz əmlakın hüquqmüəyyənedici sənədinin mövcudluğu anlamına gəlmir. Odur ki, apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7157/2024 saylı 03 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X33 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-932/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-932/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver