Məhkəmə qərarları › İş №2-1(103)-933/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-933/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-933/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4889/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi işlərində çalışmış olduğu iş materialları ilə öz təsdiqini tapmır. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlarda da onun gördüyü işlərin məhz qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olduğuna dair heç bir məlumat yoxdur. Arayışda qeyd edilmişdir ki, kabel lehimləyicisi işi güzəştli şərtlərlə pensiya hüququ verən zərərli iş hesab edilir. Halbuki, əslində, bu bütün kabel lehimləyicilərinə deyil, yalnız işi qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olan kabelçi-lehimləyicilərə aiddir. Bundan əlavə, iddiaçının 29.06.2007-ci il tarixdən 18.11.2013-cü il tarixədək işlədiyi vəzifə əmək kitabçasında “kabel calayıcısı”olaraq qeyd edilmişdir. İş materiallarında həmin peşənin kabel lehimləyicisi peşəsi ilə eyni funksiya daşımasına dair arayış olsa da, hesab edir ki, elə olduğu təqdirdə, iddiaçının peşəsinin adı əmək kitabçasında düzgün qeyd olunmalı, ya da sonradan müvafiq düzəliş edilməli idi. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə, iddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. HZ ******* nömrəli hərbi biletin notariat surətinə əsasən, iddiaçı 06.05.1980- 22.06.1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 22.02.1983-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının müvafiq təsdiqli surətinə görə, 03.08.1982-ci il tarixdə əmək fəaliyyətinə başlayan iddiaçı 13.05.1985-ci il tarixdən hazıradək kabelçi və kabel lehimləyicisi vəzifələrində işləyir. Cavabdeh iddiaçıya ünvanladığı 26.02.2020-ci il tarixli **********6 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda göstərmişdir ki, 13.05.1985- 18.11.2013-cü illərdə müxtəlif müəssisələrdə işlədiyi kabelçi, kabel calayıcısı vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın rabitə bəlməsində (30) qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifəsinə uyğun olmadığı üçün güzəştli iş stajının 12 il 6 aydan az təşkil edir. "xxxx" MMC-nin 05.12.2019-cu il tarixli 09 nömrəli arayışına əsasən, iddiaçı “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, "xxxx" MMC-də 17 fevral 2004-cü il tarixdən 1 sentyabr 2005-ci il tarixədək kabelçi, "xxxx" İstehsalat Birliyinin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007-ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, "xxxx" X4 Telefon Qovşağında 29 iyun 2007-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək kabel lehimləyicisi işləmişdir. O, 26 yanvar 2018-ci il tarixdən halhazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işləyir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. "xxxx" MMC-nin 21.01.2020-ci il tarixli 04 nömrəli arayışına görə, iddiaçı 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə xidmətləri mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xətt kabel lehimləyicisi vəzifəsində işləyir. O, 29 iyun 2007-ci il tarixdən 18 noyabr 2013-cü il tarixədək kabel calayıcısı vəzifəsində işləmişdir. Kabel calayıcısı vəzifəsi kabel lehimləyicisi vəzifəsi ilə eyni iş funksiyasını daşıyır. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinə ünvanlanmış 18.09.2020-ci il tarixli 105-1-11/6062-20 nömrəli məktubunda bildirilmişdir ki, 25 yanvar 2018-ci il tarixdən etibarən iddiaçı "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin EATS-430/431 xətt qurğularının istismarı şöbəsində xətt kabel lehimləyicisi vəzifəsində işləyir. O, 29 iyun 2007-ci il tarixdən 18 noyabr 2013-cü il tarixədək kabel calayıcısı vəzifəsində çalışmışdır. Kabel calayıcısı vəzifəsi kabel lehimləyicisi vəzifəsi ilə eyni əmək funksiyalarına malikdir. Yəni, eyni peşə üzrə ştat vahidi 2018-ci ilədək Cəmiyyətin ştat cədvəlində “kabel calayıcısı”, AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 0071 saylı 30 may 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "xxxx" MMC-nin yeni ştat cədvəlində isə, “kabel lehimləyicisi” kimi adlanmışdır. "xxxx" MMC-nin xətt, kabel lehimləyicisi vəzifəsi “qurğuçunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimləyicisi” kateqoriyasına aiddir. AR ƏƏSMN X8 Xidmətinin birinci instansiya məhkəməsinə ünvanladığı 08.10.2020ci il tarixli **********2 nömrəli məktubda göstərmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 2-ci hissəsinə əsasən işçilərin peşə (vəzifə) adlarının müəyyən edilməsi qüvvədə olan Vahid X2 uyğun olaraq həyata keçirilir. Vahid X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilərək, Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrində normativ hüquqi akt olaraq dövlət qeydiyyatına alınır. Vahid X1 işçilər 4 kateqoriyaya – rəhbərlər, mütəxəssislər, texniki icraçılar (digər qulluqçular) və fəhlələrə bölünür ki, “kabelçi-lehimləyici” peşəsi fəhlə kateqoriyasına aid edilir. AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bölməsində fəhlə peşələri olaraq qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər və qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan lehimləyici-rabitə montajçılar qeyd olunmuşdur. Qeyd olunanlara əsasən hesab edilir ki, ’’kabel calayıcısı” və “kabel lehimləyicisi” eyni peşələrdir və tərcümə zamanı işçinin əmək kitabçasında müxtəlif formada qeyd edlə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının təhlilindən çıxan nəticəyə görə, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 5 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı 60 yaşı tamam olan tarixə mövcud olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 5) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Qeyd olunan şərtlərdən cavabdeh yalnız ikincisini mübahisə edir. İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdən müəyyən olunur ki, 60 yaşı 02.12.2019-cu il tarixdə tamam olan iddiaçının həmin tarixə, hərbi xidmət də daxil olmaqla, 25 ildən çox ümumi, Siyahıda nəzərdə tutulan “30. Rabitə - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” peşəsində isə 12 il 6 aydan çox xüsusi staja malik olması hərbi bilet, əmək kitabçası, iş yerinin güzəştli arayışı və digər mötəbər sənədlərlə təsdiqini tapır. Dördüncü şərtə gəldikdə isə, məhkəmə kollegiyasına bu şərtə əməl olunmaması barədə hər hansı hal məlum deyil, iş materiallarında da bununla bağlı heç bir dəlil yoxdur. Cavabdeh də həm imtina məktubunda, həm iddiaya yazılı etirazında, həm də apellyasiya şikayətində bu faktı ümumiyyətlə qeyd etmir ki, bu da sosial sığorta ödənişləri ilə bağlı ümumi elektron sistem tabeliyində olduğu inzibati orqanın balansında və bu səbəbdən onun üçün də əlçatan olan pensiya orqanının sözügedən məsələni araşdırdıqdan sonra bununla bağlı etirazının olmadığı anlamına gəlir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanunla və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olsa, məhkəmənin əmək pensiyasının təyin edilməsi ilə bağlı qərarında qeyd etdiyi tarix doğru olmamışdır. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməli, qərarın nəticə hissəsində “1959” rəqəmi “2019” rəqəmi ilə əvəz edilməli, qalan hissədə qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilsin. Qərarın nəticə hissəsində “1959” rəqəmi “2019” rəqəmi ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseyonov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar