Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-933/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8, üçüncü şəxsin nümayəndəsi, vəkil X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (X5 3-cü şəxs) “Bakı şəhəri Səbail X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarının və ondan gələn nəticələrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı (X5 3-cü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail X1 600 kv.m torpaq sahəsinin ayrılmasına dair 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarının və ondan gələn nəticələrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı ilə üçüncü şəxsə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Salyan şossesi 32 ünvanda 600 kvm torpaq sahəsi ayrılmışdır. ünvan 2r 1998-ci il tarixli Sərəncamı ilə Səbail rayonu Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi ev tikmək üçün vətəndaş X6 ayrılmış, həmin torpaq sahəsinə dair ona mülkiyyət hüququna dair 22.07.2017-ci ildə **********82 saylı çıxarış verilmişdir. X9 həmin torpaq sahəsini iddiaçıya alqı-satqı müqaviləsi ilə satmış, hazırda mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs ona qarşı, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə və digərlərinə qarşı “çıxarışın ləğv edilməsi və torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin ona təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə Bakı şəhəri Səbail rayonu Salyan şossesi 32 ünvanda X7 da həmin yerdə 600 kv.m torpaq sahəsi saxta qərarla verilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı ilə Səbail Bələdiyyəsinin sözügedən qərarı ləğv olunmuşdur. Eyni zamanda cavabdeh bir günlük fərqlə həmin yerə hazırki iş üzrə üçüncü şəxsə, yəni 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarla həmin torpaq sahəsini satmışdır. Bu faktlar sübut edir ki, cavabdehin 15 dekabr 2005-ci il tarixli 131 saylı qərarı qanunsuz və əsassızdır. 2018-ci ilə kimi Bakı şəhərində yerləşən rayonların bələdiyyələrinə dövlət tərəfindən torpaq sahəsi ayrılmamışdır. Bakı şəhərinin digər rayonları kimi Səbail Bələdiyyəsinin də mülkiyyətinə torpaq sahəsi ayrılmamış və torpaq sahələrinə dair hazırki cavabdehə çıxarış verilməmişdir. Bu səbəbdən də cavabdeh vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahəsi ayıra bilməzdi. Hesab edir ki, cavabdehin sözügedən qərarı, ayırdığı torpaq sahəsi və verdiyi sənədlər qanunsuzdur və saxtadır. Torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən DƏDRX-nin mütəxəssisləri tərəfindən yerində mübahisəli torpaq sahəsinin plan-ölçü koordinatları müəyyən olunmuş, bundan sonra iddiaçıya həmin torpaq sahəsinə dair çıxarış verilmişdir. Üçüncü şəxs Bakı İnzibati Məhkəməsinə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 saylı Qərarı ilə onun iddiası təmin olunmamışdır. Həmin məhkəmə qərarında Səbail Bələdiyyəsinin qərarının əsassızlığı öz təsdiqini tapmışdır. Üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair alqı-satqı aktının surətindən görünür ki, akt Ə.Hüseynov və Z.Zülfıyev tərəfindən tərtib olunsa da, bir nəfər tərəfindən imzalanmış, tərtib olunma tarixi yoxdur, qeydiyyata alınmamışdır. Kassa mədaxil orderinin surətindən görünür ki, ödəniş qərar qəbul edildikdən bir il sonra 21 dekabr 2006-cı ilə edilmişdir. Torpağın alqı-satqı aktında, kassa mədaxil orderində və mübahisələndirilən qərarda imzalar fərqlidir, başqa-başqa şəxslər tərəfindən imzalanmış və həmin sənədlər bələdiyyə kitabında qeydə alınmamışdır. Bu səbəblərdən də sözü gedən bələdiyyə qərarı və ondan irəli gələn nəticələr məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmənin 2-1(112)-11874/2021 saylı 11.11.2021-ci il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə gəldiyi nəticə üçün əhəmiyyətli olan hallardan birinin, iddiaçının sözügüdən qərar barədə həmin məhkəmədə hazırki, iş üzrə üçüncü şəxsin iddia tələbi üzrə işə baxılarkən Səbail Bələdiyyəsinin qərarı barədə məlumat almağını, həmin vaxta kimi qərar barədə məlumatı olmadığını aydınlaşdırmamışdır. Halbuki, iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-288/2021 saylı qərarını iddia ərizəsinə əlavə etmişdir. Digər tərəfdən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh Səbail Bələdiyyəsi tərəfindən qanunsuz verilmiş (142 saylı, 16.12.2005-ci il tarixli) qərarın Bakı İnzibati Məhkəməsində mübahisələndirməsini, həmin iddianın təmin olunması barədə qərarı məhkəməyə təqdim etsə də məhkəmə bu faktları araşdırmamış və əsasız olaraq müddəti ötürməyi əsasları ilə iddianı mümkünsüz hesab olunması barədə qərar qəbul etmişdir. Apellyasiya baxışı zamanı məhkmənin iclasında iştirak edən iddiaçı şikayətə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı cavabdehin torpaq sahəsinin ayrılmasına dair üçüncü şəxsin adına verilmiş qərarın ləgv edilməsini tələb edir. Mübahisələndirilən qərar 15 dekabr 2005-ci il tarixdə qəbul edildiyi halda, iddiaçı həmin qərarın verildiyi tarixdən 16 ilə yaxın müddət keçdikdən sonra mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisələndirdiyi inzibati orqanın qərarından 16 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının göstərdiyi hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Həmçinin qeyd olunmuşdur ki, iddiaçı müddətin buraxılmasını onunla izah edir ki, qərarın mövcudlugundan məhkəmə çəkişmələri zamanı məhkəməyə təqdim olunmuş müvafiq sənədlərlə tanış olarkən məlumatlı olmuşdur. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPMdən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçının istifadə etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 16 il müddətində maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən qərarı 2005-ci ildə qəbul edilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 24-cü fəslinin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyristabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Baxılan iş üzrə mübahisələndirilən qərarın qəbul olunmasından 16 ildən artıq müddət keçmişdir. İddiaçının 16 ildən artıq müddətdə onun istifadəsində olan torpaq sahəsinə dair üçüncü şəxsin hüquqlarının yaranmasına səbəb olan inzibati aktın qəbul olunmasından xəbərdar olmaması ağlabatan deyil. Odur ki, qeyd olunan hallar buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Eyni zamanda qeyd olunmalıdır ki, iddianın qərarın qəbul olunmasından irəli gələn nəticələrin ləğv edilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin tələb əsas iddia tələbindən (qərarın ləğv edilməsi) asılı olduğundan, əsas tələbi mümkün sayılmadığı üçün əlavə tələbə də baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11874/2021 saylı, 07.12.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-933/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-933/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver