Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-933/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı pul və s. tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10239/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı işğaldan azad olunmuş torpaqlarda mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xocavənd rayonu Ağoğlan (Hadrut) şəhər tipli qəsəbəsində mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Füzuli şəhərində olan 5 otaqlı mənzilinin dəyərinin hazırki bazar qiyməti ilə qiymətləndirilməklə Ermənistan dövlətindən təzminat olaraq 100.000 (bir yüz min) AZN maddi və 100.000 (bir yüz min) AZN də mənəvi, cəmi 200.000 (iki yüz min) AZN (120.000 ABŞ dolları) olmaqla alınması haqqında; bu mümkün olmayacağı təqdirdə dəyəri 200.000 (iki yüz min) AZN (120 000 ABŞ dolları) olmaqla Bakı şəhərində yerləşən mənzil-məişət şəraiti yaşamağa imkan verən mənzillə-mənzilin dəyəri Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hesabına ödənilməklə təmin olunmağı barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, erməni işğalçı siyasəti nəticəsində yaşadıqları Füzuli şəhəri, İnşaatçılar küçəsi ev 10/8 də yerləşən mənzillərindən eləcə də oradakı yardımçı həyatyanı sahələrindən məhrum edilərək, doğulub boya başa çatdığı Qarabağdan məcburi şəkildə düşmən hərbi birləşmələrin təcavüzü nəticəsində 30 ilə yaxındır ki, məcburən köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Onun ailə üzvü 4 nəfərdən ibarət olmuşdur. Bu müddət ərzində, onlar 4 nəfər ailə üzvü ilə heç bir mənzil məişət şəraiti olmayan qeyri yaşayış sahələrində yaşamağa məcbur olmuşdur. Məcburi köçkünlük illərində dəfələrlə cavabdeh inzibati orqana onların dövlət hesabına tikilən mənzillərlə təmin olunması barədə müraciətləri təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10239/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş şəxslər məhkəmə iclasına gəlməmişlər.Kollegiya İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10239/2022 saylı saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Birinci instansiya məhkəməsi qərardadını belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə görə inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Belə ki, iddiaçının tələblərindən də göründüyü kimi, həmin tələblər inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmayan tələblərdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmçinin sözügedən qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48- ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. AR İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır... Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər (3.1-3.5-ci bəndlər). İddiaçıya onun hüquqi marağına uyğun, o cümlədən çatmaq istədiyi hüquqi nəticəyə uyğun iddia qaldırmaqda yardım edilməlidir. Lakin birinci instansiya məhkəməsi iddiaçının hüquqi marağının nə olduğunu aydınlaşdırmadan, ona bu istiqamətdə müvafiq hüquqi yardım etmədən iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Belə ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə tərəfindən bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməsi, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməsi, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratması və bunun üçün ağlabatan vaxt təyin etməsi nə məhkəmə iclas protokolundan, nə də iş materiallarından müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-10239/2022 saylı qərardadı ləğv edilsin. Bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2-1(103)-933/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-933/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver