Məhkəmə qərarları › İş №2-1(103)-934/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-934/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-934/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1, Üçüncü şəxs DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məlumat vərəqəqsinin göndərilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)- 5476/2020 saylı qərarından iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-5476/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir.(hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xüsusi rütbəli vəzifədə xidmət ili güzəştli şərtlərlə 28 il 04 ay 11 gün hesablanmaqla məlumat vərəqəsində göstərilməklə əmək pensiyasının təmin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) göndərilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1975-ci ilin sentyabr ayında əmək fəaliyyətinə başlamışdır, 1976-cı və 1981-ci il tarixdə X6 bitirmişdir. 1981-ci ildən 05 iyun 1995-ci il tarixə qədər daxili işlər orqanlarında xüsusi rütbədə müxtəlif vəzifələrdə çalışmışdır. O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində xüsusi rütbədə 13 (on üç) il 10 (on) ay xüsusi rütbədə olan vəzifədə işləmişdir. Naxçıvan Muxtar Respublikası müharibə şəraiti zonası olduğundan onun Daxili İşlər Nazirliyində xüsusi rütbədə olan təqvim ili əmək stajı 22 il 04 ay 11 gün müəyyən edilmişdir. Əmək kitabçasında güzəştli əmək stajı göstərilmişdir. O, xüsusi rütbəli vəzifəyə təyin olunmamışdan əvvəl 1981-ci ilə qədər 6 il əmək stajı vardır. Qanunvericiliyin tələblərinə əsasən xüsusi rütbəli vəzifəyə daxil olarkən əvvəlki əmək stajı xüsusi rütbəli vəzifədəki xidmət illərinə daxil edilməlidir. Onun xüsusi rütbədə güzəştli şərtlərlə birlikdə stajı 28 il 04 ay 11 gün təşkil edir. Lakin buna baxmayaraq, o, Daxili İşlər Nazirliyində xüsusi rütbədə olan vəzifəsindən azad olunarkən bugünədək əmək pensiyası təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etdikdə ona cavab olaraq bildirilmişdir ki, onun xüsusi rütbəli vəzifədə 20 təqvim ili əmək stajı olmamışdır. Bu səbəbdən də Daxili İşlər Nazirliyinin xüsusi rütbəli şəxs kimi əmək pensiyası təmin edilməmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayətində göstərmişdir ki, zabit İddiaçı daxili işlər orqanlarında güzəştli hesablama ilə 17 il 06 ay 25 gün (18 il) xidmət etmişdir. İddiaçı 3 il Naxçıvan MR-nın ərazisində daxili işlər orqanlarında müharibə şəraitində xidmət etmişdir. Vəkil və nümayəndə birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və üçüncü şəxslər Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan AZE serialı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsi tərəfindən X2 ünvanlanmış 10.10.2019-cu il tarixli 022/20-46656A-3219 nömrəli məktubda qeyd olunur: İşlə təmin olunmağınız və ya DİN-in xətti üzrə sizə pensiya təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə təqdim etdiyiniz ərizənizə baxılmışdır. Bildiririk ki, daxili işlər orqanlarında müvafiq mülki ştat vahidlərinin məhdudluğunu və bu kateqoriyaya aid ştatların ixtisar edilərək sıravi və kiçik rəis heyəti vəzifələri ilə əvəz edildiyini nəzərə alaraq DİO-da mülki işlə təmin olunmağınız mümkün deyildir. Eyni zamanda bildiririk ki, X13 Respublikası DİN-in sərəncamında olarkən Naxçıvan MR DİN-in şəxsi heyət üzrə 05 iyun 1995-ci il tarixli əmri ilə Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən DİO-da xidmətdən xaric edilmisiniz. Xaric olunan günə xidmət müddətiniz təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən xidmətdən xaric edilənədək 20 il və daha çox xidmət etmiş əməkdaşlar pensiya hüququna malik idilər. Daxili işlər orqanlarında xidmət müddətiniz nəzərə alınaraq, sizə Daxili İşlər Nazirliyi xətti üzrə pensiya təyin edilməsi mümkün deyildir. İş materiallarında olan Masallı rayon Təhsil Şöbəsi Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbinin 16 iyun 2020-ci il 85 saylı arayışından görünür ki, ali təhsilli ehtiyatda olan baş leytenant İddiaçı həqiqətən 20.09.1988-ci il tarixdən 10.10.1990-cı il tarixə qədər Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. İş materiallarında olan JB seriyalı 027242 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1976-cı ildə M.Əzizbəyov adına X11 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 19.09.2020-ci il tarixli məktubunda qeyd olunur: İddiaçı arxiv şəxsi işinin xidmət siyahısına əsasən o, 1958-ci ildə anadan olmuş, ali təhsilli, 1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş, daxili işlər orqanlarında 14 may 1982-ci ildən 08 oktyabr 1988-ci ilədək və 10 dekabr 1991-ci ildən 02 iyun 1995-ci il tarixədək xidmət etmiş, Silahlı Qüvvələrdə xidmətdə olmamışdır. Sabiq polis kapitanı F.X7 Respublikası Daxili İşlər Nazirliyinin sərəncamında olarkən həmin nazirliyin 05 iyun 1995-ci il tarixli 124ş/h nömrəli əmri ilə Müvəqqəti Təlimatın 6-cı maddəsinə əsasən (daxili işlər orqanı əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. İddiaçı xidmət müddəti təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. 1995-ci ildə qüvvədə olan “Azərbaycan Respublikası DİN-in hərbi qulluqçularına, rəis və sıravi heyətinə pensiya təminatı haqqında” 15 sentyabr 1993-cü il tarixli 575 nömrəli əmrinə əsasən xidmətdən xaric edilənədək 20 il və daha çox xidmət etmiş əməkdaşlar pensiya hüququna malik idilər. İddiaçı xidmət müddətinin 20 ildən az olduğu nəzərə alınaraq, ona daxili işlər orqanının xüsusi rütbəli əməkdaşı kimi pensiya təyin olunması mümkün deyildir. 23 sentyabr 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının zabit heyətinin, praporşiklərinin, miçmanlarının və müddətdən artıq xidmət hərbi qulluqçularının, habelə müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyətinin və onların ailə üzvlərinin pensiya təminatı “Hərbi qulluqçuları pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 29 aprel 1992-ci il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının: 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Zabit heyətinə daxili işlər , gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. 2-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun: 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir; 9.5-cü maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 1976-cı ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş və 1981-ci ildə elektrik sistemləri ixtisası üzrə tam kursu bitirmişdir. O, daxili işlər orqanlarında 14 may 1982-ci ildən 08 oktyabr 1988-ci ilədək və 10 dekabr 1991-ci ildən 02 iyun 1995-ci il tarixədək xidmət etmiş, Silahlı Qüvvələrdə xidmətdə olmamışdır. İddiaçının xidmət müddəti təqvimi hesablama ilə - 12 il, 03 ay, 16 gün, güzəştli hesablama ilə - 17 il, 06 ay, 25 gün təşkil etmişdir. Göründüyü kimi, iddiaçı daxili işlər orqanlarında xidmətdən buraxılanadək onun xidmət müddəti 20 ili təşkil etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən isə görünür ki, daxili işlər orqanlarında xidmətdən buraxılanadək 20 il və daha çox xidmət etmiş əməkdaşların əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-5476/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar