Məhkəmə qərarları › İş №2-1(103)-934/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-934/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-934/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: çıxarışın verilməsi) (İş № 2-1(103)-934/2023) Bakı şəhəri 11 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil (ali təhsilli, hüquqşünas, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkili), Cavabdehin nümayəndəsi X1 (ali təhsilli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində hüquq məsləhətçisi işləyən) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Sabunçu rayon Sabunçu Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə) “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 9294/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2002-ci il tarixli, 149 №-li Sərəncamına və torpaqların alqı-satqısına dair akta əsasən - Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli 1/264 saylı məktubu və bələdiyyənin xx.xx.2002-ci il tarixli 13 saylı iclası nəzərər alınaraq, Bakı şəhəri Sabunçu rayonu, Anaşkin küçəsində 0,06 ha torpaq sahəsinin alqısatqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Sabunçu Bələdiyyəsi tərəfindən tərtib olunmuş sxemdən görünür ki, həmin sxem Sabunçu rayonu Sabunçu qəsəbəsi Anaşkin küçəsində vətəndaş İddiaçı mülkiyyətinə verilən torpaq sahəsinə dair tərtib olunmuşdur. “Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında” şəhadətnamədən (surəti) görünür ki, 18091xxxxxxx №-li YVÖK - Nuriyev X4 rayonu Sabunçu Bələdiyyəsi tərəfindən ünvan 1 ünvanında tikinti altı sahəsi (2 + mansart mərtəbəli fərdi yaşayış evi) 520 kv. metr təşkil edən 600 kv. metr torpaq sahəsinə görə xx.xx.2018-ci il tarixdən 45 qeydiyyat nömrəsi ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Sifarişçi İddiaçı sifarişi əsasında “AR” Architect-Designer (Anar Rəsulov) tərəfindən (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən İNİL-1146/2017 saylı, 21 dekabr 2017-ci il tarixli lisenziya ilə X2 tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsinə icazə verilmişdir) tərtib olunmuş Bakı şəhəri, ünvan 2 ünvanında tikilən fərdi yaşayış evinin “Memarlıq planlaşdırılmasının eskiz həlli”ndən görünür ki, həmin layihə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış Ə-63- 151 №-li, xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ünvan 2də yerləşən istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi ilə bağlı təqdim etdiyi layihəyə Sabunçu Rayon İcra Hakimiyyətində baxılaraq razılaşdırılmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, yuxarıda qeyd edilən torpaq sahəsinin və onun üzərində inşa etdiyi fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və adına mıvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdehin 28 aprel 2022-ci il tarixli, **********57 nömrəli yazılı bildirişi ilə bundan imtina edilmişdir. Cavabdehin imtinasına görə - torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş alqı-satqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, təqdim olunan layihədə nəzərdə tutulmuş mansard inşa edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsində öhdəliyin icrası barədə iddia (iddianın dəyişdirilmiş formasında) qaldıraraq, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” 26 noyabr 2002-ci il tarixli 149 №-li sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində yerləşən faktiki sahəsi 589 kv. metr olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Bələdiyyəsinin 26 noyabr 2002-ci il tarixli, 149 saylı “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” sərəncamına və “Torpaqların alqı-satqısına dair” akta uyğun olaraq Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində (indiki Gültəkin Əsgərova küçəsi) 0,06 ha torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqısatqısı üçün Sabunçu Bələdiyyəsinin hesabına 81600000 manat (AZM) haqq ödəmişdir. Torpaq sahəsinin yerləşmə sxemi Sabunçu Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Mülkiyyətində olan Sabunçu qəsəbəsi, Gültəkin Əsgərova küçəsi, (keçmiş Anaşkin) 1-ci döngədə yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşası üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq fərdi yaşayış evinin eskiz layihəsini razılaşdırmaq üçün Sabunçu rayon icra Hakimiyyətinə təqdim etmişdir. Sabunçu rayon İcra Hakimiyyətinin 27 noyabr 2020-ci il tarixli, Ə-63-151 saylı məktubu ilə fərdi yaşayış evinin eskiz layihəsi razılaşdırılmışdır. O, fərdi yaşayış evini təsdiq olunmuş layihəyə uyğun olaraq inşa etdirmişdir. Tikinti işləri başa çatdıqdan sonra fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün qanunvericiliyə uyğun olaraq sənədləri xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim etmiş, lakin xx.xx.2022-ci il tarixli, **********57 №li məktubla torpaq sahəsinin yerləşmə sxemi ilə faktiki sahə arasında uyğunsuzluq olması və mansard inşa edilməməsi əsas gətirilərək fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaya etirazında göstərmişdir ki, iddiaçi müvafiq tələblə ********** daxil olma nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçi tərəfindən təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan konfiqurasiya və perimetrik ölçülər ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş alqısatqı aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilən zaman məlum olmuşdur ki, təqdim etdiyi layihədə nəzərdə tutulmuş mansard inşa edilməmiş, habelə 1-ci mərtəbədə rekonstruksiya işləri aparılmışdır. Təqdim edilmiş sənədlərdə torpaq sahəsi 600.0 kv. metr qeyd olunsa da faktiki 589 kv. metr təşkil edir. Bu səbəbdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli **********57 №li cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9294/2022 qərarı ilə (sədrlik edən hakim Nəriman Abıyev) iddia təmin olunaraq, Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin “alqı-satqı yolu ilə torpaq sahəsinin ayrılması haqqında” 26 noyabr 2002-ci il tarixli 149 №-li sərəncamı ilə İddiaçı ayrılmış, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində (hazırda Gültəkin Əsgərova küçəsi, 1-ci döngə) yerləşən faktiki sahəsi 589 kv. metr olan torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınmaqla iddiaçının adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından 24 noyabr 2022ci il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikaytinin dəlilləri Cavabdeh apellyasiya şikayətini – iddiaya etirazda göstərilən qaydada əsaslandırmış, həmçinin qərarın əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, imtinanın əsaslı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat vermiş, şikayətin rədd edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62-ci maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçıya müvafiq torpaq sahəsinin ayrılması, habelə orada fərdi yaşayış evinin inşasına dair hüquq müəyyənedici sənədlər, cavabdehin imtina bildirişi və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İPM-in 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda (təsviri hissədə) da qeyd edildiyi kimi - Bakı şəhəri Sabunçu rayonu Sabunçu Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 149 №-li Sərəncamına və torpaqların alqısatqısına dair akta əsasən - Bakı şəhəri Sabunçu rayonu, Anaşkin küçəsində 0,06 ha torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmış, eyni zamanda torpaq sahəsinin sxemi tərtib olunmuşdur. Bundan sonra, məlumatlandırma icraatı çərçivəsində fərdi yaşayış evinin layihəsi tərtib olunmuş, səlahiyyətli inzibati orqan olan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.1-1-ci maddəsinə əsasən, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1- 1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 80.5-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. İşin hallarından göründüyü kimi, iddiaçı istifadəsində olan, bələdiyyə qərarı ilə ona ayrılmış torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq, layihəsini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla yeni inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək və inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə olan halda isə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur (apellyasiya icraatı zamanı 100 manat ekspertiza xərci mövcud olmuşdur). Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9294/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar