Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-934/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və artıq ödənilmiş pulun tutulmasının dayandırılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11660/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z-42983/2023 qərarının ləğv edilməsi, İddiaçı əmək pensiyasından artıq ödənilmiş pulun tutulmasının dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...09 sentyabr 2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2016-cı ilin oktyabr ayında fəlsəfə doktoru elmi dərəcəsi olduğu üçün DSMF-nin Binəqədi şöbəsinə müraciət etdikdə əmək pensiyasına 120 manat əlavə olunmuşdur. 2020-ci ilin sentyabr ayında ona pensiya verilməmiş, məsələ ilə bağlı DSMF-nin Binəqədi şöbəsinə müraciət etdikdə orada ona bildirmişlər ki, 2017-ci ildən pensiyasına artıq ödəmələr olmuşdur. 2020-ci ilin dekabr ayından iddiaçıya, elmi dərəcəsinə görə artıq ödənişlərin verilməsi səbəbindən pensiyanın 20%-ı çıxmaq şərti ilə verilməsi bərpa olunmuşdur. Hal-hazıra kimi artıq ödənişlərə görə pensiyasından 56 manat tutulur. O, məsələ ilə bağlı cavabdehə müraciət etmiş və ona imtina məktubu verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri və imtinası əsassızdır...” Cavabdeh iddiaya yazılı etiraz verəərk, aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı “əmək pensiyasının yenidən hesablanması barədə" müraciəti əsasında onun əmək pensiyası Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z42983/2023 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixdən yenidən hesablanaraq artıq ödəmə müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Mərkəzi Filialın 3-17- 1/2-Z-91693/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı tutulma barədə rəsmi məlumat verilmişdir. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z- 42983/2023 nömrəli qərarı ilə İddiaçı əmək pensiyasının məbləği 583.01 manat müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1- Z- 42983/2023 nömrəli Qərarı ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 4514.36 manat ümumi artıq ödəmə hesablanmış və hər ay pensiya məbləğindən 58.30 manat tutulma aparılır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11660/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/1-Z- 42983/2023 nömrəli qərarı ləğv edilmiş və İddiaçı əmək pensiyasından artıq ödənilmiş pulun tutulmasının dayandırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, xx.xx.2016-cı il tarixdən 170 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan, iddiaçının da müraciətinə əsasən ona hüququ olmadığı halda fəlsəfə doktoru elmi dərəcəsinə görə əmək pensiyasının sığorta hissəsinə 120 manat əlavə hesablanmış və sözügedən məbləğ illər üzrə indeksləşdirilərək xx.xx.2020-ci il tarixədək ödənilmişdir. (xx.xx.2017- xx.xx.2017-ci il tarixlərdə 333 manat, xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə 345 manat, xx.xx.2019-xx.xx.2019-cu illərdə 355 manat, xx.xx.2020-30.11,2020ci illərdə 414 manat ödənilmişdir). Bakı şəhəri Binəqədi xidmət nümayəndəliyinin xx.xx.2020-ci il tarixli **********986 nömrəli xidməti məruzəsinə əsasən, audit araşdırması nəticəsində İddiaçı 4514.36 manat məbləğində artıq ödəmə olunduğu aşkar edilmişdir. İddiaçı ona yaşa görə pensiya təyin edildiyi vaxtdan etibarən işləmişdir. İddiaçı pensiya təyin olunduğu gündən sonra 6 il işlədiyi üçün (2016-2022-ci illərdə) onun pensiyası yenidən hesablanaraq müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 485 manat müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdən 583.01 manata çatdırılmışdır. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’na əsasən: 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1 -ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Mehdizadə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının iş materiallarına əlavə edilmiş pensiya işinə dair çıxarışlara əsasən müəyyən olunur ki, iddiaçının 09 sentyabr 2016-cı il tarixdə təyin edilmiş, əmək pensiyasının məbləği - Bakı şəhəri Binəqədi xidmət nümayəndəliyinin xidməti məruzəsinə əsasında aparılmış audit araşdırması nəticəsində cavabdehin qəbul etdyi xx.xx.2023-cü il tarixli 3- 17-1/1-Z-42983/2023 nömrəli qərarı ilə 583,01 manat müəyyən edilərək ona xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cəmi, 4514,36 manat məbləğində artıq ödəmə hesablanaraq, aylıq əmək pensiyasından 58,30 manat tutulmağa başlamışdır. Lakin iddiaçının pensiya işinə əsasən cavabdeh tərəfindən aparılmış inzibati icrraata cəlb edildiyi və məsələyə pensiya qanunvericiliyi çərçivəsində onun münasibətinin öyrənildiyi müəyyən edilmir. Halbuki, birincisi, cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə öz təşəbbüsü ilə inzibati icraatı başlamaq üçün müvafiq inzibati akt qəbul etmək və həmin Qanunun 36.3-cü maddəsinə əsasən həmin akt iddiaçının hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir etdiyinə görə onun maraqlı şəxs qismində icraatda iştirakını təmin etmək xidməti vəzifə borcu idi. İkinci bir tərəfdən, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla iddiaçının əmək pensiyasının aylıq məbləğinin 583,01 manat müəyyənləşdirilərək, ona xx.xx.2017- xx.xx.2020-ci illərdə 4514, 36 manat artıq ödəmə hesablayaraq hər ay ondan tutulması pensiya qanunvericiliyinin tələbləri qaydasında həyata keçirilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 2022-ci ilin yanvar ayından qüvvəyə minmiş 39.1-ci maddəsinin redaksiyasına əsasən: əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbinə münasibətdə tutulma qərarın qəbul edildyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb tutula bilərdi. İkincisi və ən vicibi isə artıq ödənilmiş əmək pensiyası həmin qərarı iddiaçının razılığı olduqda qəbul edilib ondan artıq ödəməni tuta bilərdi. Belə razılıq olmadıqda isə yalnız məhkəmə vasitəsilə ondan tuta bilədi. İddiaçının pensiya işindən və onun hazırkı iddianı qaldırmasından isə görünür ki, belə razılığı olmamışdır. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçıya yaşa görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 No-li Siyahı üzrə xx.xx.2016-cı il tarixdən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə DSMF-nin Hacıqabul rayon şöbəsinin qəbul etdiyi 67/46 nömrəli xx.xx.2017-ci il tarixli qərarı ləğv edilməmiş və qüvvəsindədir ki, belə olan halda, ona təyin olunmuş həmin pensiya ödənişnin cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə dayandırılması və ötən dövrlər üzrə ona ödənilmiş vəsaitin geri qaytarılmasının tələb olunması əsassız, həm də yolverilməzdir. Çünki, sözügedən Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi DSMF-nin Hacıqabul rayon şöbəsinin qərarı əsasında illər ərzində hər ay ona pensiya ödənildiyi, hazırda isə aşkar ahıl dövründə pensiya ödənişin dyandırılması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə pensiyaçı tərəfindən yol verilməsi ilə bağlı heç bir əsaslandırma da mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, mübahisələndirilən qərarıın maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmadığı və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunması qanuni və əsaslıdır. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarının pozulması ilə çıxarılıdığı əsaslandırmağa çalışdığı dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11660/2023 saylı xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11660/2023 saylı xx.xx.2023-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-934/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-934/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver