Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-935/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı ərazi idarəsinin nümayəndəsi X2 iştirakı ilə cavabdehin imtinasının qanunsuz hesab olunması və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3036/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs Binəqədi Bələdiyyəsi) məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Binəqədi rayonu Goradil bağ massivində yerləşən 1.000 kv.m. torpaq sahəsi xx.xx.2008-ci il tarixdən xx.xx.2056-cı il tarixədək sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması məqsədilə iddiaçının icarəsinə verilmişdir. Göstərilən torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh orqana xx.xx.2018-ci il tarixli ********* nömrəli ərizə və müvafiq sənədlərlə müraciət etmişdir. Cavabdeh onun müraciətinə xx.xx.2018-ci il tarixli məktubla imtina vermiş və imtinasını onunla əsaslandırmışdır ki, idarənin arxiv məlumatlarında iddiaçının adına bağ sahəsinə dair məlumat aşkar edilmədi, təqdim olunan sənədlər Binəqədi Bələdiyyəsinə aid sənəd surətləridir, elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir, bağ sahəsinin qeydiyyata alınması üçün əsas (icarə müqaviləsi) idarəyə təqdim olunmalıdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh idarənin arxiv məlumatlarında iddiaçının adına bağ sahəsinə dair məlumatın aşkar edilməməsinin iddiaçıya dəxli yoxdur, o, buna görə cavabdehlik daşıya bilməz və bunun üçün torpaq sahəsini ayırmış hüquqi şəxs məsuliyyət daşıyır. Çünki, arxiv vətəndaş tərəfindən yaradılmır. Təqdim olunan sənədlərin Binəqədi Bələdiyyəsinə aid sənədlərin surətlərinin olmasına dair irad anlaşılmazdır. Çünki, cavabdehin təbirincə ya Binəqədi Bələdiyyəsi saxta bir qurumdur, ya da verilən sənədlər təmsil etdiyi şəxs tərəfindən saxtalaşdırılıb. Həmin torpaq sahəsinin bələdiyyə ərazisi olmamasının hansı sənədlə təsdiq olunduğu əsaslandırılmamışdır. Bağ sahəsinin qeydiyyata alınması üçün əsas (icarə müqaviləsi) idarəyə təqdim olunmalıdır fikri də əsası olmayan bir tələbdir, çünki, bütün sənədlər, həmçinin icarə müqaviləsi cavabdeh orqana təqdim olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarın əsaslarına görə, Binəqədi Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyətinə iddiaçının icarəsinə torpaq sahəsi ayrılan zaman məsələ ilə bağlı “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” AR Qanununda və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamədə göstərilənlər nəzərə alınmaqla rəy alınması üçün müraciət edilməmiş, həmin məsələ öz həllini tapmamış, mübahisəli torpaq sahəsinin icarə müqaviləsi qanunvericiliklə müəyyən edilən qaydalara uyğun tərtib olunmamışdır. Belə olan halda, həmin müqavilənin etibarlı sənəd kimi qiymətləndirilməsi istisna olunur. Digər tərəfindən, cavabdeh tərəfindən elektron baza məlumatlarına və torpaq sahəsinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir. Torpağın sənəd üzrə ölçüsü 0,1 ha, faktiki ölçüsü isə 0,061 ha-dır. Torpaq sahəsi 2 hissədən ibarətdir. Novxanı-Goradil yolunun salınması səbəbindən 2 hissəyə ayrılmış, təxmini 390 kv.m. hissəsi yola düşmüşdür və aralanma baş vermişdir. Mübahisəli torpaq sahəsi bələdiyyə torpaqlarına aid edilsə belə, bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanından rəy alınmadan iddiaçıya ayrılmasının qanuniliyindən söhbət gedə bilməzdi. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, qərarda məhkəmə hesab edir ki, Binəqədi Bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyətinə rəy alınması üçün müraciət edilməmişdir. Sübut üçün deyir ki, bələdiyyələrin vətəndaşlarla bağladığı müvaqilə hüquqi sənəd kimi bələdiyyənin möhür və imzası əsasında təsdiq edilir. Müqavilə bağlanana qədər bələdiyyənin hansı prosedurlardan keçməsində nə fiziki, nə də hüquqi şəxs heç bir məsuliyyət daşımır və qanunvericilikdə konkret olaraq elə bir müddəa yoxdur. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir. Halbuki, məhkəmə bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memarı tərəfindən imzalanmış və möhürlənmiş situasiya planına baxmış olsaydı, yuxarıda göstərilən mənzərənin əvvəlcə hansı formada olduğunu görərdi. Ən dəhşətlisi isə, hakim inzibati aktın etibarsız olmasına hüquqi don geyindirmək üçün “İnzibati icraat haqqında” Qanunun 65.12 maddəsinə istinad edir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 177 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında” müqaviləyə və istifadəyə ayrılmış torpaq sahəsinin situasiya planına görə, Binəqədi rayonu Görədil bağ massivində 1.000 kv.m. torpaq sahəsi sanitariya və ekoloji vəziyyəti yaxşılaşdırmaq, meyvə və bəzək ağacları əkməklə yaşıllaşdırma və abadlaşdırma işlərinin aparılması məqsədilə xx.xx.2008-ci ildən xx.xx.2056-cı ilədək müddətə iddiaçıya icarəyə verilmişdir. Binəqədi Bələdiyyəsi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli BRB/d-325 nömrəli məktuba əsasən, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli 177 nömrəli icarə müqaviləsi Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitab-jurnal toplusunda vardır, icarə müqaviləsi haqqında Binəqədi Bələdiyyəsinin qərarı yoxdur, həmçinin, iddiaçı icarə müqaviləsi əsasında bələdiyyə büdcəsinə icarə haqqı ödəmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli **********07 nömrəli imtina məktubuna görə, idarənin arxiv məlumatlarına əsasən iddiaçının adına bağ sahəsinə dair məlumat aşkar olunmamışdır. Bundan başqa, təqdim olunan sənədlər Binəqədi Bələdiyyəsinə aid sənəd surətləridir. Belə ki, elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi bələdiyyə ərazisi deyil, X1 və İstismarı Birliyi tərəfindən ayrılmış torpaq ərazisidir. Cavabdehin xx.xx.2018-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına görə, torpağın hüquq müəyyənedici sənəd üzrə ölçüsü 0,1 ha, faktiki ölçüsü 0,061 ha-dır. Torpaq sahəsi 2 hissədən ibarətdir. Novxanı-Goradil yolunun salınması səbəbindən 2 hissəyə ayrılmışdır. Ərizəçi tərəfindən göstərilən torpaq sahəsinin məlumat üçün koordinatları işə əlavə olundu. Təxmini 390 kv.m. hissə yola düşmüşdür və azalma baş vermişdir. AR Dövlət Arxivi Bakı Filialının xx.xx.2019-cu il tarixli 1664 nömrəli məktubuna əsasən, Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2008-ci il tarixli 177 nömrəli qərarı Bakı filialına təhvil verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 8.0.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur; 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 8-ci maddəsinə görə, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 47-ci maddəsinə əsasən, 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.
3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.
5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər; 51-ci maddəsinə görə, 1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.
2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər; 86-cı maddəsinə əsasən, 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; girov haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə girov (ipoteka) predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlar üzərində istifadə və icarə hüquqları; bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində icarə hüquqları. İşdən görünür ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla nəzərdə tutulan əsas kimi xx.xx.2008-ci il tarixli 177 nömrəli “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan torpaq sahəsini bağ sahəsi kimi abadlaşdırmaq və yaşıllaşdırmaq üçün icarəyə verilməsi haqqında” müqaviləyə istinad edir. Məhkəmə kollegiyası bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə istinadən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün bələdiyyələrin onlara məxsus olan, yəni mülkiyyətlərində olan daşınmaz əmlak barədə sərəncam vermələri şərtdir. Bu da o deməkdir ki, əgər bələdiyyə, onun mülkiyyətində olduğunu irəli sürdüyü torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının başqasına keçməsi barədə hüquqi akt qəbul edirsə, əvvəlcə sözügedən torpaq sahəsinin ona məxsus olması haqqında mülkiyyət sənədinə malik olmalıdır. Lakin uzun illərin məhkəmə təcrübəsi ilə müəyyən və təsdiq olunur ki, Bakı şəhərinin ərazisində fəaliyyət göstərən bələdiyyələrdə belə bir sənəd mövcud deyil, dövlət tərəfindən bu istiqamətdə aparılan işlər isə, yekunlaşmaq üzrə olmaqla, davam etdirilir. Odur ki, iddianın faktiki əsası kimi xx.xx.2008-ci il tarixli 177 nömrəli müqaviləyə istinad olunması qanuni və əsaslı deyil. Bundan əlavə, «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 17-ci bəndinə görə, bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; 18-ci bəndinə əsasən, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; 19-cu bəndinə görə, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları həyata keçirirlər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun: 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur; 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normaları, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; 6.9-cu maddəsinə görə, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» AR Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini DTXK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyrikənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər) şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planının və təsvirinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır. İşdən görünür ki, sadalanan normaların tələblərinə zidd olaraq Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya, ayrıldığı vaxt bələdiyyə mülkiyyətində olması rəsmi sənədlərlə təsdiq olunmayan torpaq sahəsi icarəyə verilmişdir. Bu torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olması haqqında mötəbər sübut mövcud deyil. Belə ki, AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, «Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.» İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə qanunvericiliklə imperativ qaydada tələb olunan bələdiyyə qərarı da qəbul edilməmişdir. Eləcə də, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstərən DTXK Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun Bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da qanunun bu tələblərinə əməl olunduğunu irəli sürmür və Məhkəməyə də bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə də, iş materiallarının təhlili göstərir ki, mübahisəli icarə müqaviləsi bağlanarkən torpaq ayırma və yerquruluşu işlərinin aparılması qaydalarına əməl olunmamışdır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə, bir dəlil istisna olmaqla, razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Savalan» Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli Qərarında «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10.2-ci maddəsini şərh edərək, göstərmişdir ki, «… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.» Göründüyü kimi, qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan hər hansı birini cavabdehə yaxud Məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə istinad edilməsinin qanunsuz olması barədə dəlili isə əsaslıdır. Belə ki, sözügedən qanun xx.xx.2011-ci il tarixdən qüvvəyə minməklə, 2008-ci ildə yaranan hüquq münasibətlərinə tətbiq edilə bilməzdisə də, hüququn tətbiqində yol verilən bu səhv iş üzrə digər əsaslarla gəlinən ümumi nəticəyə təsir etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin mübahisəli torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunu və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” ilə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə ümumən düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı (İPM-87.6), şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3036/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov