Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-935/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2- 1(112)-6309/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsi Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsinin 28 yanvar 2003-cü il tarixli 39 saylı qərarı ilə ona satılmışdır (hər kv. metr üçün 28.000 manat ödəmək şərti ilə). Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinin yerləşmə cizgisi tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək X5 13 dekabr 2013-cü il tarixdə 36740 № ilə qeyd olunmuşdur. Göründüyü kimi, tərəfindən torpaq sahəsi üçün Bələdiyyəyə tələb olunan dövlət rüsumu ödənilmiş, torpaq sahəsinə dair Bələdiyyənin rəsmi qaydada verilmiş sərəncamı və torpaq sahəsinə görə alqı-satqı aktı vardır. Bununla yanaşı o, iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinə dair alqı-satqı aktının təsdiq edilməsi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasının Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 3978/2013 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Ona görə də o, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış verilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hazırki vaxtadək müraciətlərinə əsaslandırılmış cavab verilməmişdir. Bu baxımdan həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmaması onun mülkiyyətçi hüquqlarını kobud şəkildə pozur. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamış və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatına əsasən həmin ərazi Bakı Fəhlə Deputatları Soveti İK-nin xx.xx.1971-ci il tarixli Protokolu ilə X2 tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşir və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdədir. Təqdim edilən eskiz layihənin lisenziyası təqdim edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********13 saylı, xx.xx.2020-ci il tarixli, **********68 saylı, xx.xx.2021-ci il tarixli və **********37 saylı xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6309/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina olunarkən torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmadığına və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilmədiyinə istinad olunarkən adı çəkilən Komitə tərəfindən iddiaçının adına mübahisəli torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunduğu nəzərə alınmamışdır. Həmçinin, imtinada elektron kadastr məlumatına əsasən həmin ərazinin X2 tikintisi üçün verilmiş ayrıc aktının daxilində yerləşdiyi və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdə olduğu qeyd olunsa da, məhkəmənin müvafiq sorğularına əsasən alınmış cavab məktublarından 9 saylı Köməkçi X2 istifadəsinə verilmiş ümumi sahəsi 7045.8 kv. metr olan torpaq sahəsinin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2- 1(112)-6309/2022 nömrəli qərarı ləğv olunmalıdır. Belə ki, torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı əlavə olunmamış və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməmişdir. Həmçinin, elektron kadastr baza məlumatına əsasən həmin ərazi Bakı Fəhlə Deputatları Soveti İK-nin xx.xx.1971-ci il tarixli Protokolu ilə X2 tikintisi üçün verilmiş 8.2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşir və kadastr planında qeyd edilən ərazinin bir hissəsi qonşu tərəfindən istifadə edilməkdədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında qeyd etdi ki, sözügedən ərazi 2003-cü ildən iddiaçı tərəfindən istifadə olunur, həmin torpaq sahəsində fərdi yaşayış evi tikilib, ətrafında yaşayış evləri mövcuddur, torpaq sahəsinin kənar şəxs tərəfindən istifadəsi dəlili tamamilə əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 696 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar da nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün iş materiallarındakı sübutlara nəzər yetirir: İnzibati işın araşdırılmış hallarından müəyyən olunur ki, hazırki İddiaçı oğlu M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə xx.xx.2002-ci il tarixində ərizə ilə Binəqədi rayonu m.Ə.Rəsulzadə bələdiyyəsinə müraciət etmiş, bələdiyyə də öz növbəsində alqısatqı əsasında M.Ə.Rəsulzadə qəsəbəsinin ərazisindən vətəndaş İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin satılması barədə xx.xx.2002-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə Bələdiyyəsinə ünvanladığı xx-xx/1660 saylı, xx.xx.2002-ci il tarixli məktubda rayon icra hakimiyyətinin məsələnin səlahiyyətləri dairəsində və qanun çərçivəsində həll olunmasına etiraz etmədiyi, satılan sahədə mühəndis kommunikasiya xətlərinin olmasının ciddi nəzərə alınması qeyd olunmuşdur. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 39 №-li, xx.xx.2003-cü il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayon 7-ci Binəqədi küçəsi 3205-ci məhəllə, ev 1 mənzil 79-da yaşayan İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə xx.xx.2002 - ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasının xx.xx.2003-cü il tarixli rəyinə əsasən Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi C.Cabbarlı küçəsində yerləşən 300 kv. metr torpaq sahəsinin Binəqədi RİH-nin memarlıq xidməti tərəfindən razılaşdırılmış ərazinin planlaşdırılması və tikinti layihəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə hər kv. metr üçün 20.800 manat ödənməsi şərti ilə İddiaçı mülkiyyətinə satılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisində C.Cabbarlı küçəsində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazinin planı tərtib olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-3978/2013 saylı qərarına əsasən İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair X6 kitabında xx.xx.2013-cü ildə 36740 nömrə ilə uçota alınmış A seriyalı, 488972 №-li plan ölçü tərtib olunmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati orqanın imtinasının və apellyasiya şikayətinin dəlillərindən biri olan torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktının əlavə olunmaması və bələdiyyə sərhədləri barədə elektron bazada məlumat aşkar edilməməsinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olduğu kimi torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması, DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməsi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin DTXK tərəfindən alqı-satqı aktının təsdiq edilməməsi maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”. Məhkəmə kollegiyası torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi məsələsinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan – ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilibedilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formalhüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən bir də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “apriori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı prinsipi dayanır. İş materiallarından göründüyü kimi vətəndaşın ərizəsi əsasında torpaq sahəsinin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış, müvafiq icra hakimiyyətindən razılıq alınmış, nəticə də vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi planı əlavə edilmişdir. Həmin inzibati akt bugünkü günədək qüvvədədir.Həmçinin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2inz(81)-3978/2013 saylı qərarına əsasən İddiaçı Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv. metr torpaq sahəsinə dair X6 kitabında xx.xx.2013-cü ildə 36740 nömrə ilə uçota alınmış A seriyalı, 488972 №-li plan ölçü tərtib olunmuşdur. Həmin plan və ölçü hazırki günədək qüvvədədir, ləğv edilməmişdir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, keçmiş Bakı şəhər XDS İK-nın arxiv fondu üzrə xx.xx.1971-ci il tarixli, 9 saylı protokolunun 100-cü punktunun surətindən müəyyən olunur ki, Azərbaycan SSR Səhiyyə nazirliyinin təcili yardım xəstəxanasının inşası üçün 3247-3250-ci məhəllənin şimalqərbində, Kirov rayonunun Dairəvi küçəsində 8,0 ha torpaq sahəsinin ayrılması barədə müraciəti təmin olunmuşdur. Lakin protokola cizgi və ayrıc aktı əlavə edilməmişdir. Həmçinin, araşdırma zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********33 №-li, xx.xx.2022-ci il tarixli məktubda göstərilən torpaq sahəsinin sənəd üzrə 300,0 kv. metr olduğu halda bir tərəfdən mişar daş hasarla, üç tərəfdən qonşu sahə üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənərək faktiki olaraq 331,0 kv. metr təşkil etdiyi; Bakı Fəhlə Deputatları Soveti İK-nin xx.xx.1971-ci il tarixli protokolu ilə X2 tikintisi üçün ayrılmış 8,2 ha torpaq sahəsinə dair hüquqi və texniki sənədlərin qüvvədə olub-olmaması, hansı təşkilatın (qurumun) balansında olması barədə məlumat olmadığı, vahid elektron kadastr bazasında qeyd edilən torpaq sahəsinin dövlət mülkiyyətində olması bildirilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********64 №-li xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində, göstərilən sahənin vahid elektron kadastr baza məlumatlarına əsasən Dövlət mülkiyyətində olduğu; vahid elektron kadastr baza məlumatına əsasən həmin ərazinin Bakı Fəhlə Deputatları Soveti İK-nin xx.xx.1971ci il tarixli Protokolu ilə X2 tikintisi üçün verilmiş 8,2 ha torpaq sahəsinin ayrıc aktı daxilində yerləşdiyi, sahənin qeydiyyatı barədə məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Araşdırma gedişatında X2 tikintisi üçün verilmiş 8,2 ha torpaq sahəsinin ayrıc aktı olmadığından və sahənin qeydiyyatı barədə məlumat aşkar edilmədiyə görə birinci instansiya məhkəməsi aidiyyəti orqana müvafiq sorğu ilə müraciət etmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsinin PHŞ/6-2-2022-5646 №-li, xx.xx.2022-ci il tarixli məktubunda Bakı Fəhlə Deputatları Soveti İcraiyyə Komitəsinin xx.xx.1971-ci il tarixli Protokolu ilə X2 tikintisi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə 8.2 ha torpaq sahəsinin ayrıldığı, “Bakı şəhər Təcili və X3 Stansiyası” publik hüquqi şəxsin TƏBİB-ə verdiyi rəsmi məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət əmlakının İdarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına” uyğun olaraq, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 4075,8 kv. metr olan ərazi ilə birlikdə balansa qəbul edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli **********44 nömrəli razılıq məktubunu nəzərə alaraq, Bakı şəhər Təcili və X3 Stansiyasının 9 saylı Köməkçi X2 istifadəsində olan inzibati binanın Bakı şəhər Təcili və X3 Stansiyasının balansına daxil olduğu, hal-hazırda ümumi sahəsi 7045.8 kv. metr olan torpaq sahəsinin, 9 saylı Köməkçi X2 istifadəsinə verildiyi və həmin sahənin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı qeyd olunmuşdur. Beləliklə, qeyd edilən dəlilin heç bir əsası yoxdur. Belə ki, aidiyyəti qurum tərəfindən verilmiş sorğuya cavab məktubundan da aydın olur ki, Bakı şəhər Təcili və X3 Stansiyasının balansına daxil olan sahənin ümumilikdə 7045.8 kv. metr olduğu və 9 saylı Köməkçi X2 istifadəsinə verildiyi, həmçinin həmin sahənin digər hüquqi və fiziki şəxslər tərəfindən zəbt olunmadığı qeyd edilmişdir. Halbuki, iddiaçı 2003-cü ildən istifadə və sahibliyində olan və keçmiş DTXK tərəfindən verilmiş torpaq sahəsinin plan və ölçüsü daxilində yerləşən torpaq sahəsində fərdi yaşayış evi tikərək, istifadə edir və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilinə münasibətdə qeyd edir ki, kadastr planında qeyd edilən ərazinin bir hissəsinın qonşu tərəfindən istifadə edilməsi inzibati akt əsasında iddiaçının satın aldığı və sahiblik, istifadə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına maneə olan hal ( imtina əsası) hesab edilə bilməz. Bundan əlavə qeyd edilən dəlil qeyri-müəyyən olmaqla cavabdeh inzibati orqan tərəfindən hər hansı bir sübutla da əsaslandırılmamışdır. Əksinə iddiaçının nümayəndəsivəkili tərəfindən məhkəmə araşdırması zamanı verilmiş izahatdan, təqdim edilmiş fotoşəkillərdən sözügedən sahənin iddiaçı tərəfindən istifadə edildiyi aydın olur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(112)-6309/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-935/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-935/2023
07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver