Məhkəmə qərarları › İş №2-1(103)-936/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-936/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-936/2022 11.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı, 27.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 64 yaşı tamam olduğuna görə 06.03.2019-cu il tarixindən hesablanaraq əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişini hesablanaraq ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyininin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Filiala 17.12.2020-ci il tarixində müraciət edərək 64 yaşı tamam olduğuna görə 06.03.2019-cu il tarixindən hesablanaraq əmək pensiyasını təyin edilməsi və yığılan pensiya ödənişini hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Cavabdeh onun ərizəsinə 35 gün müddətində cavablandırmalı idi, lakin bu günə kimi cavab verilməmişdir. xx.xx.1955-ci il təvəllüdlü O, əmək stajından əvvəl, lakin əmək stajı kimi qeyd olunan 07.01.1973-cü il tarixindən 18.03.1974-cü il tarixədək (1 il 2 ay 11 gün) hərbi xidmətdə olmuşdur. Bunu təsdiq edən qeydlər təqdim edilən əmək kitabçasında mövcüdur. Hərbi xidmətdən sonra 25.07.1074-cü il tarixdən 26.01.1976-ci il tarixədək (1 il 6 ay 1 gün) elektrik vəzifəsində çalışıbdır. Bu fakt əmək kitabçasında öz əksini tapır. O, 01.03.1976-ci il tarixindən 23.10.1976-ci il tarixədək (7 ay 22 gün) texnikumda elektrik vəzifəsi üzrə təhsil almışdır və bu fakt əmək kitabçasında öz əksini tapır və əmək stajı kimi hesablanmalıdır. Belə ki, 01.10.1956-cı il tarixində qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş ‘‘Dövlət Təminatı haqqında" SSRİ Qanununun 1-ci maddəsinin V" bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində sənət məktəblərində başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir”. Həmin Qanunun 109-cu maddəsinin “İ” yarımbəndində qeyd olunur ki, “ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin “g” bəndinə əsasən “ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yeniden ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti" iş stajına daxil edilir. Peşə məktəhindən sonra o, 17.11.1976-ci il tarixindən 24.07.2002-ci il tarixədək (25 il 8 ay 7 gün) “Mərkəzi Avtotexniki Xidmət Stansiyasında" avtoçilingər vəzifəsində işləmişdir. Bunu təsdiq edən qeydlər əmək kitabçasında mövcüdür. Bundan əlavə işəgötürən tərəfindən 30.11.2020-ci il tarixli, 67/20 saylı arayışla həmin fakt təsdiq olunur. Yuxarıda qeyd olunanlara əsasən 24.07.2002-ci il tarixədək onun 29 il 11 gün ümumi stajı vardır. Həmin əmək stajı 01.01.2006-ci il tarixədək hesablanılması nəzərə alınmalıdır. Qeyd olunan əmək stajını ərizəyə əlavə edilmiş sənədlərlə sübut olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı, 27.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı, 27.10.2021-ci il tarixli ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı T.Cəfərova yaşa görə əmək pensiyası 64 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 yaşda, yəni 06.03.2019-cu il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 23.040 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halları nəzərə alındıqda İddiaçı sosial sığorta stajı ümumilikdə 21 il 05 ay 03 gün təşkil edir. İşin mübahisələndirilən halı aşağıdakından ibarətdir: - İddiaçı 01.01.1995 - 24.07.2002-ci illər ərzində ‘Avtomotoservis” ASC-də işlədiyi dövr. Belə ki, tərəfimizdən AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 05 may 2021-ci il tarixli, **********9 nömrəli sorğu ilə müraciət edilmiş və AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 may 2021-ci il tarixli, **********29 nömrəli cavab məktubunda Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllədə yerləşən "xxxx" ASC-nin keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli 1240 nömrəli sərəncamı ilə "xxxx" İcarə Müəssisəsinin bazasında yaradıldığı və AR Prezidentinin 10 avqust 2020-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AR-də dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət РгодгатГпа uyğun olaraq səhmlərinin tam özəlləşdirilərək xüsusi mülkiyyətə keçdiyi qeyd edilmişdir. Həmçinin tərəfimizdən "xxxx" ASC-yə sorğu ilə müraciət edilərək, "xxxx" ASC-nin arxiv sənədlərinin şəxsi vərəqlərində olan 17,11.1976- cı il tarixdən 24.07.2002-ci il tarixədək olan dövrdə İddiaçı işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma və məzuniyyətdən qayıtma, qeyd edilən illər, aylar üzrə əməkhaqqı cədvəllərində əməkhaqqı hesablanıb-hesablanmaması barədə məlumatların təqdim edilməsi xahiş edilmişdir. Lakin hal-hazırda müəssisənin fəaliyyət göstərməsinə baxmayaraq, ünvanlanmış sorğuya cavab verilməmişdir. İddiaçı məxsus əmək kitabçasında onun “Mərkəzi Avtotexniki Xidmət Stansiyası”nda işlədiyi qeyd edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş 30.11.2020-ci il tarixli, 67/20 nömrəli arayışa müvafiq olaraq İddiaçı “Mərkəzi Avtotexniki Xidmət Stansiyası”nda 17.11.1976-24.07.2002-ci illər ərzində işlədiyi, sözügedən müəssisənin hal-hazırda "xxxx" ASC adı ilə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Lakin AR- nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən "xxxx" ASC-nin keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli 1240 nömrəli sərəncamı ilə "xxxx" İcarə Müəssisəsinin bazasında yaradıldığı müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı sözügedən müəssisədə işləməsi faktı öz təsdigini tapmır. İddiaçı sosial sığorta stajına münasibətdə pensiya kapitalı aşağıdakı kimi indeksləşdirilməlidir:

1. ( 21 il x 306 manat) + ( 306 manat: 12 ay x 05 ay ) = 6426 + 128 = 6554 manat

2. 2007-ci il üzrə: 6554 + 8,3% = 7098 manat

3. 2008-ci il üzrə: 7098 + 16,7% = 8284 manat

4. 2009-cu il üzrə: 8284 + 20,8% = 10007 manat

5. 2010-cu il üzrə: 10007 + 1,5% = 10158 manat

6. 2011-ci il üzrə: 10158 + 5,7% = 10737 manat

7. 2012-ci il üzrə: 10737 + 7,9% = 11586 manat

8. 2013-cü il üzrə: 11586 + 1,1% = 11714 manat

9. 2014-cü il üzrə: 11714 + 2,4% = 11996 manat 10.2015-ci il üzrə: 11996 + 1,4% = 12164 manat 11.2016-cı il üzrə: 12164 + 4% = 12651 manat 12.2017-ci il üzrə: 12651 + 12,4% = 14220 manat 13.2018-ci il üzrə: 14220 + 5,7% = 15031 manat 14.2019-cu il üzrə: 15031 + 3% = 15482 manat Göründüyü kimi, İddiaçı 21 il 05 ay sosial sığorta stajına münasibətdə 23.040,79 manat pensiya kapitalı vardır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64-cü ildə, yəni 06.03.2019-cu il tarixdə qanunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 23040 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, İddiaçı sözügedən müəssisədə - "xxxx" ASC-də işlədiyi 01.01.1995 - 24.07.2002-ci illər ərzində əmək haqqı cədvəlləri aşkarlanmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ganunamüvafiq deyildir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı, 27.10.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı, 27.10.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan SSR Sənayə Tikinti Nazirliyinin Mərkəzi Tədris-Kurs Kombinatı tərəfindən verilmiş 13.04.1973-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı 18.12.1972-ci ildən 03.04.1973-cü ilədək (3 ay 16 gün) dülgər kurslarında oxumuş və ona 2-ci dərəcəli dülgər ixtisası verilmişdir. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 07.05.1973-cü ildən 12.03.1974-cü ilə qədər (10 ay 6 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçıya məxsus əmək kitabçasının azərbaycan dilinə tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 07.05.1973-cü ildən 12.03.1974-cü ilə qədər Sovet Ordu sıralarında xidmət etmişdir (10 ay 6 gün), 25.07.1974-cü ildən 26.01.1976-cı ilə qədər Avtonəqliyyat Baş Material Texniki Təchizat İdarəsində 2-ci və 3-cü dərəcəli elektrik (1 il 06 ay 2 gün), 01.03.1976-cı ildən 03.10.1976-cı ilə qədər 65 saylı DTPM-də təhsil almışdır 03.11.76-cı il tarixli, 944 №-li attestat (7 ay 3 gün), 17.11.1976-cı ildən 02.01.1992-cı ilə qədər Bakı şəhəri Minik avtomobillərin xidməti mərkəzi stansiyasında 2-ci dərəcəli, 3-cü dərəcəli avtoçilingər (15 il 01 ay 16 gün), 02.01.1992-ci ildən 02.10.1995-ci ilə qədər "xxxx" Kiçik Müəssisəsində 3-cü dərəcəli çilingər (3 il 9 ay 1 gün), 02.10.1995-ci ildən 01.01.1998-ci ilə qədər "xxxx" Bakı kirayə müəssisələr birliyində 4-cü dərəcəli çilingər (2 il 3 ay 0 gün), 01.01.1998-ci ildən 24.07.2002-ci il tarixədək "xxxx" ATS-də çilingər və 5-ci dərəcəli çilingər (04 il 06 ay 24 gün) vəzifələrində vəzifələrində işləmişdir. - Əmək kitabçasından həmçinin görünür ki, Azərbaycan Respublikasının xüsusi idarəsinin 19.11.80-cı il tarixli, 228 №-li əmrinə əsasən minik avtomobillərinin texniki mərkəzi stansiyası 1 №-li Bakı avtomobillərin texniki xidmət stansiyasına dəyişdirilmişdir. 14.01.92-ci il tarixli 8 №-li əmr ilə "xxxx" Kiçik Müəssisəsinin sərəncamına verilmişdir. 02.10.1995-ci il tarixli, 61 №-li "xxxx" Müəssisəsinin əmrinə uyğun olaraq "xxxx" KM-nin adı dəyişdirilərək "xxxx" Bakı kirayə müəssisələri birliyinə çevrilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 67/20 №-li, 30.11.2020-ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 17.11.1976-cı ildən 24.07.2002ci il tarixinədək Mərkəzi Avtotexniki Xidmət Stansiyasında avtoçilingər işləmişdir. Həmin müəssisə bu müddət ərzində müəyyən struktur dəyişikliyi ilə əlaqədar müvafiq adlarla fəaliyyət göstərmişdir. Bununla bağlı işçinin əmək kitabçasında müvafıq qeydlər edilmişdir. Həmin müəssisə hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir və onun möhürü bu ada müvafiqdir. Bununla yanaşı bildirilmişdir ki, işçinin bu illər boyu əmək haqqından ayırmalar vaxtlıvaxtında köçürülmüşdür. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********04560 №-li, 27.04.2021-ci il tarixli məktubundan görünür ki, 26.12.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin tələb olunan sənəd surətləri qoşmada təqdim olunur. Əlavə olaraq bildirilmişdir ki, hüquqi şəxsin fəaliyyət göstərməsi barədə məlumat “Hüquqı şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir. - Həmin məktuba əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 11.10.2005-ci il tarixli nizamnaməsinin lazımi aydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 26.12.1997-ci il tarixdə, D-2364 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" X8 Cəmiyyətinin hüquqi varisidir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, “Avtomotoservis" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 27.04.2021-ci il tarixə olan məlumatlarına əsasən qeydiyyata alındığı tarixdən bu günədək fəəaliyyəti dayandırılmamışdır və hal-hazırda fəaliyyəti aktivdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə ünvanmış 20.05.2021-ci il tarixli **********29 №li məktubun surətindən görünür ki, dövlət əmlakının Registrində qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1963-cü məhəllədə yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) keçmiş Dövlət Əmlak Komitəsinin 22 dekabr 1997-ci il tarixli, 1240 nömrəli sərəncamı ilə "xxxx" İcarə müəssisəsinin bazasında yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq səhmləri tam özəlləşdirilərək xüsusi mülkiyyətə keçmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış **********0 №-li, 15.01.2021-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci bəndinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fondunä məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildiririlir ki, əmək kitabçasında qeyd olunmuş 02.01.1992-ci ildən 24.07.2002-ci ilədək işləmiş olduğu "xxxx" ASC”də Filialın Monitorinq və araşdırma şöbəsi tərəfındən tərtib edilmiş 28.12.2020-ci il tarixli akta əsasən 01.01.1995-ci il tarixdən sonrakı əmək haqqı cədvəlləri saxlanmadığı üçün həmin dövrləri araşdırmaq mümkün olmamışdır. Bu səbəbdən qanunvericiliyin tələblərinə uyğun olaraq 02.10.1995-ci il tarixindən 24.07.2002ci il tarixinədək olan müddət sığorta stajı daxil edilməmişdir. Həmçinin onun təqdim etdiyi sənədlərə və yuxarıda göstərilənlərə əsasən sığorta stajı 21 il 2 ay 27 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda bildirilmişdir ki, 01.01.2006-cı il tarixədək olan sığorta stajı uyğun sığorta kapitalı 20795,22 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir, 01.01.2006-cı il tarixdən etibarən isə fərdi hesabı sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müavinətin təyin edilməsi üçün Fondun Bakı şəhəri Nərimanov rayon xidmət nümayəndəliyinə müraciət etməyi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Birinci instansiya məhkəməsi işin hallarına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 1.0.10, 4.1, 6-1, 7-ci maddələrini, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3, 25-ci bəndlərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsini, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 64 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 64 yaşının olduğu vaxtdan, yəni 06 mart 2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, iddiaçıya 64 il yaşa çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının hərbi xidmətini, təhsil müddətini, əmək kitabçasında qeyd edilmiş 25.07.1974-26.01.1976, 17.11.1976-01.01.1995-ci il tarixlərdə işlədiyi dövrü qəbul edərək iddiaçının sosial sığorta stajının 21 il 95 at 03 gün təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının 02.10.1995-ci il tarixdən 24.07.2002-ci il tarixədək işlədiyi dövrdür. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Hazırki işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının işlədiyi müəssisələr müəyyən struktur dəyişikliyi ilə əlaqədar müvafiq adlarla fəaliyyət göstərmiş, hal-hazırda "xxxx" Açıq Səhmdar Cəmiyyəti adı ilə fəaliyyət göstərir və həmin müəssisə 67/20 №-li, 30.11.2020-ci il tarixli arayışında X1 17.11.1976-cı ildən 24.07.2002-ci il tarixinədək Mərkəzi Avtotexniki Xidmət Stansiyasında avtoçilingər vəzifəsində işləməsini təsdiq etmişdir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 01.01.1992-ci il tarixdən 01.01.2006-cı il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hərbi xidmət, təhsil müddətləri, işlədiyi müddətlər, eləcə də 02.10.1995-ci il tarixindən 24.07.2002-ci il tarixinədək işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 28 il 11 ay 8 gün ümumi iş stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4355/2021 saylı, 27.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar