Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-937/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Məmmədov Vidadi Məmməd oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı imtina cavablarının qanunsuz hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-6608/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbay-can Respub-li-kası Müdafiə Nazirliyinəqarşı “qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə baglı Müdafiə Nazirliyinin və digər aidiyyəti orqanlarının mənə göndərdiyi imtina cavablarının qanunusuz hesab edilməsi və qanunla əsaslandırılmış cavablarının verilməsi vəzifələrinin üzərinə qoyulması barəsində” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni qüvvədə olan məhkəmə qətnaməsinin indiyə qədər icra olunmamasının səbəbləri barəsində əsaslandırılmış cavabın verilməsi vəzifəsinin cavabdeh kimi Müdafiə Nazirliyinin üzərinə qoyulması barəsində qərar verilməsini, qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrasının təmin olunması məqsədilə üçüncü şəxslər olan Məhkəmə-Hüquq Şurasının və İnsan Hüquqları üzə Müvəkkilin (Ombudsmanin) üzərinə vəzifə səlahiyyətləri daxilində işlərin görülməsi vəzifəsinin üzərilərinə qoyulmasının təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-6608/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim M.Qarayeva). Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Müdafiə Nazirliyi ilə bərabər, Məhkəmə-Hüquq Şurasına, və İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsmana) ərizə ilə müraciət etmişdir ki, yol verilən özbaşınalıqlara aydınlq gətirələrək ona əsaslandırılmış cavab versinlər. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi, iddiaçı bu məhkəmə qətnaməsinin Müdafiə Nazirliyi tərəfindən icrasının təmin edilməsi barəsində də inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin ərizə ilə əlaqədar heç bir əsas olmadan birinci və apellyasiya instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barəsində qərar qəbul etmişdir. Ali Məhkəmə isə hər iki intansiya məhkəməsinin qərarını ləğv edərək iddia tələbinin mümkün hesab edilməməsi barəsində qərar vermişdir. Ali Məhkəmə tərəfindən verilən qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, "qanunveruciliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların, komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə Nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Prezidentinin səlahiyyətinə aid edilmişdir. Həmin qərarda cavabdeh inzibati orqanın iddiaçıya cavab məktubuna qiymət verərək göstərilmişdir ki, iddiaçının təltif edilməsindən imtina edilməsi barədə bildirməmiş, onun təltif edilməsi barədə təqdimatın yuxarı qərargahlarda müsbət baxılmış rəylərin olmaması əsası ilə komissiyada məsələyə baxılmadığını göstərmişdir. Həmçinin, Ali Məhkəmə tərəfindən iddianın mümkünlüyünə baxılarkən verilən qərarın əsaslandırıcı hissəsinin bu dəlillərinə əsasən verdiyi qərarı iddiaçıya izah edərkən məhkəmə kollegiyası bildirdi ki, iddia tələbi rədd olunmur, iddiaçı qərarın əsaslandırıcı hissəsində göstərilən dəlillərə aydınlıq gətirilməsi üçün yenidən Müdafiə Nazirliyinə müraciət edib həmin dəlillərlə bağlı əsaslandırılmış cavab tələb etməlidir. X2 rəhbərliyi tərəfindən təqdim olunan sənədlərdə də təqdimatın nazirliyə daxil olması təsdiq olunur. Təqdimatın icra olunmamasını səbəbini aidiyyətli komissiyalardan təqdimat barəsində müsbət rəyin olmaması göstərilmişdir. Həmin rəy barəsində iddiaçıya əsaslandırılmış cavab verilməlidir. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə kollegiyası Müdafiə Nazirliyinin nümayəndəsinə həm də tapşırdı ki, bütün hallarda cavadeh tərəfindən bu işə yenidən baxılmalıdır. Bütün bunlardan sonra iddiaçı yenidən Müdafiə Nazirliynə ərizə ilə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflər məhkəmə bildirişində şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunduğundan ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin hazırlıq icraatı üzrə keçirilmiş iclasında cavabdehin 12.11.2020-ci il tarixli iddiaya etiraz və iş üzrə icraata xitam verilməsi məktubuna əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, eyni mübahisə ilə baglı iddiaçının iddia tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli 2-1(102)-1123/2019 saylı qərarı ilə mümkün sayılmamışdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992ci ilin dekabr ayında xidmətdə olduğu Müdafiə Nazirliyinin 806 saylı Taborunun Komandanlığı tərəfindən təltif olunmağı barəsində verilən təqdimata əsasən onun təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar idarəsinin əvəzinə Nazirliyin özünün göstərilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(82)- 1561/2018 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının sabiq hərbi qulluqçu kimi təltif olunması məsələsi cavabdehin mülahizəsindən, yəni qiymətləndirməsindən asılı olan haldır və belə təltifin verilməsinə həmin qurumun məcbur edilməsi yolverilən hal olmadığından, sonuncunun imtinası qanunazidd hal kimi qiymətləndirilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 noyabr 2018-ci il tarixli, 2-1(103)- 2672/2018 saylı qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.İddianın mümkünlüyü məsələsinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli 2-1(102)-1123/2019 saylı qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, hərbi qulluqçiların təltif edilməsi barədə təqdimatların verilməsi səlahiyyəti məhdud şəxslərin dairəsinə aid edilmişdir. Həmin şəxslərin təqdimatı hərbi hissənin rəislərinin rəyi ilə daha sonra digər rəylərin alınması üçün Azərbaycan Respublikası Silahlı Qüvvələri və qoşun növləri komandanlarına, Müdafiə Nazirliyinin idarə, müstəqil şöbə və xidmətlərinin rəislərinə göndərilməlidir. Müsbət rəylər verildiyi halda, növbəti mərhələdə həmin sənədlər xüsusi yaradılmış təltif komissiyasına baxılmaq üçün təqdim edilir. Komissiya tərəfindən müsbət rəy qəbul olunduqda, qərar qəbul edilmək üçün Azərbaycan Respublikası Müdafiə nazirinə məruzə edilir. Orden və medallar ilə təltif olunması barədə sonuncu mərhələ olaraq Azərbaycan Respublikası Prezidentinə Müdafiə nazirinin təqdimatı layihəsi hazırlanır. Təltif səlahiyyəti Azərbaycan Respublikası Müdafiə nazirinə verilmiş medallarla bağlı isə nazirin əmr layihəsi hazırlanır. Beləliklə də, qanunvericiliyin təhlilin nəticəsinə görə, hərbi qulluqçunun orden və medallarla təltif edilməsi yalnız təqdimatın verilməsi ilə nəticələnmir və digər qurumların və komissiyanın, habelə Azərbaycan Respublikası Müdafiə nazirinin qiymətləndirilməsindən asılıdır və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə aid edilmişdir. Həmin qərarda cavabdeh inzibati orqanın iddiaçıya cavab məktubuna qiymət verilərək göstərilmişdir ki, iddiaçının təltif edilməsindən imtina edilməsi barədə bildirməmiş, onun təltif edilməsi barədə təqdimatın, yuxarı qərargahlarda müsbət baxılmış rəylərin olmaması əsası ilə komissiyada məsələyə baxılmadığını göstərmişdir. Göründüyü kimi, hazırki iddiada tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticənin (hərbi hissədən göndərilən təqdimata əsasən yox, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən təltif olunmaq) əldə edilməsinə yönəldilmiş, bununla baglı isə mövcud mübahisəyə (təltif olunmasının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) məhkəmə müstəvisində artıq bir dəfə iddianın mümkünlüyü ilə baglı hüquqi qiymət verildiyindən (o, cümlədən inzibati orqanın iddiaçıya cavab məktubuna), hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin imperativ xarakter daşıyan tələbinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Hazırkı iş üzrə iddianın mümkünlük şərtlərini istisna edən halların mövcudluğunu müəyyən etdiyinə görə İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 24.04.2019-cu il tarixli 2-1(102)-1123/2019 saylı qanuni qüvvəyə minmiş qərarı da yekun məhkəmə aktı hesab olunur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20.11.2020-ci il tarixli, 2-1(112)-6608/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-937/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-937/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver