Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-937/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4889/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında (İPM m.33.1.) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1962-ci il təvəllüdlü iddiaçı 1984-1987-ci illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda işləmişdir. 1988-1991-ci illərdə isə Şamaxı rayonu 13 nömrəli Çörək zavodunda və İstehsalat Kombinatında işləmişdir. Həmçinin xx.xx.1991ci ildən xx.xx.1992-ci ilədək Ağdam rayon xalq təhsili işçiləri evindəki bir illik “məkətəbəqədər müəssisələrdə tərbiyəçi” kursunda təhsil almışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.2010-cu il tarixinədək TR İB-nin 5650 saylı obyektinin Xətt aparat sexində, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" İstehsalat Birliyində işləmişdir. Onun ümumi stajı 30 ildən çoxdur. O, 1 oktyabr 1992-ci ildən 2 may 2010- cu il tarixinə kimi yeralt bünkerdə işləmişdir. Onun ümumi və güzəştli stajı ona pensiya təyin edilməsinə imkan verir. Ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etsə də, sonuncu ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda müraciətinin təmin edilməsindən imtina edərək bildirmişdir ki, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 20 ildən az (13 il 3 ay (xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa güzəştli iş stajınız yoxdur. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinə uyğun olaraq Sizə münasibətdə 48.200,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 15.584,94 manat təşkil edir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, iddiaçıya ünvanladığı imtina məktubunda göstərilən əsaslarla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8, 1.0.1-1.0.2 və 21.1ci maddələrinə istinadən aşağıdakılarla əsaslandırılmışdır: «…Qərar əsassızdır. Belə ki, iddiaçı Hüseynova (Ələsgərova) Mehparə Mehdi qızına məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən onun xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək TR İB- nin 5650 nömrəli Obyekt Xətti aparat sexində işlədiyi telefonçu vəzifəsi 13 il 3 ay təşkil edir. Bundan başqa iddiaçının güzəştli iş stajı da yoxdur. Göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Eyni zamanda "Əmək pensiyası təminatına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996- cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1,1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Onun kolxozda və çörəkçi işləməsi arxiv arayışları əsasında müəyyən olunur. Lakin istinad olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən də göründüyü kimi arxiv arayışı sığorta stajını təsdiq edən sənəd hesab oluna bilməz. İddiaçıya məxsus əmək kitabçasından da göründüyü kimi onun ümumi iş stajı 20 ildən az təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 49400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17927,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilərək cavabdehin üzərinə iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Quluzadə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, İddiaçı isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixdən qüvvədə olan dəyişikliklə bağlı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliyə görə yaş həddi, 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən qadınlar üçün qadınlar üçün 50 52 yaş təşkil etmişdir). Qaununvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının 2006-cı il tarixinədək azı 20 il ümumi və azı 10 il - 2 nömrəli Siyahıda nəzərdə tutulan işlərdə çalışmalıdır ki, ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olsun. Lakin konkret halda, xx.xx.1967-ci il təvəllüdlü iddiaçının 2006-cı ilə qədər azı 20 il ümumi stajı toplansa da, azı 10 il güzəştli stajı toplanmır. Belə ki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» X6 67-ci maddəsinin 3-cü hissəsinə əsasən həqiqi əhrbi xidmət müddəti, habelə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materiallarına əlavə olunmuş diplomu, arxiv arayışları və əmək kitabçasına (surətlərinə) əsasən iddiaçının 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı müəyyən olunur: xx.xx.1991-xx.xx.1992. Ağdam rayon xalq təhsili işçiləri evindəki bir illik “məkətəbəqədər müəssisələrdə tərbiyəçi” kursunda təhsil -10 ay; 1984iyul -1987dekabr. Şamaxı rayonu nəsimi adına sovxoz - 3 il 6 ay; xx.xx.1988-xx.xx.1990 - 13 nömrəli çörək zavodu- 1il 11ay 11gün; xx.xx.1990-xx.xx.1991 - “Firuzə” kiçik müəssisəsi - 1 il 10 ay 5gün; xx.xx.1992 -xx.xx.1994 X3-telefonçu- 1 il 7 ay 18 gün xx.xx.1994-xx.xx.1998- həmin Birlikdə teleqrafçı -3 il 11 ay 12 gün xx.xx.1998 - xx.xx.2005 həmin Birlikdə telefonçu – 6 il 8 ay ; İşə əlavə olunmuş, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 13 nömrəli izahlı arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda - XXİX Bölmə (“Rabitə”) üzrə 23100000-19093 kodunda nəzərdə tutulan – “şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları” güzəştli pensiya hüququ verən peşə göstəricisinə aiddir. İddiaçının qeyd olunan əmək fəaliyyətindən 2006-cı ilə qədər isə görünür ki, 2 nömrəli Siyahının qeyd olunan onun kodunda göstərilən “telefonçu” peşəsi üzrə "xxxx" İstehsalat Birliyində cəmi, 8 il 7 ay 26 gün iş stajı mövcuddur.Başqa sözlə,onun 2006-cı ilə qədər azı 10 il “telefonçu” stajına malik olmadığından, 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmır. X2 2006-cı ilə qədər 3 il 11 ay 12 gün “teleqrafçı” peşə stajına gəldikdə isə, 2 nömrəli Siyahının XXİX «Rabitə» bölməsində nəzərdə tutulmamış, eyni zamanda, "xxxx" MMC-nin qeyd olunan araışında da həmin peşə güzəştli pensiya hüququ verən peşəyə aid olması göstərilməmişdir. Qeyd olunmalıdır ki, əmək kitabçasına əsasən və "xxxx" MMC-nin tədqiq olunan arayışında iddiaçının həmin qürumda telefonçu kimi, güzəştli iş stajı 2006-cı ildən sonrakı dövrdə tamamlanır. Belə olan halda, «Əmək pensiyaları haqqında» Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş və onun vəziyyətini yaxşılaşdıran 9.1-ci maddəsinin yuxarıda qeyd olunan redaksiyasının tələbləri qaydasında pensiya təyinatı aparılması üçün cavabdeh inzibati orqana müraciət etmək hüququna malikdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar hərətərəli araşıdırlmamış və həmin sübutlarla müəyyən olunan hallara qanunvericiliyin tələbləri baxımından, düzgün hüquqi qiymət verilməmiş, iddiaçıya 52 yaşından pensiya təyin olunmasının cavabdehə həvalə edilməsi barədə, işin şallarına və maddi hüquq normalarına uyğun olmayan nəticəyə gəlinmişdir. Halbuki, İPM-in 73.1-ci maddəsinin tələbinə görə məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Konkret halda isə iddiaçıya cavabdeh orqan tərəfindən 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina olunması qanuni və əsaslı olduğundan onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının güzəştli stajı mövcud olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddianın təmin edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçının 52 yaşdan yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması barədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçının 52 yaşdan yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-937/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-937/2023
01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver