Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-937/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6400/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixində Ucar rayonunda anadan olmuş, xx.xx.2021-ci il tarixdə 57 yaşının tamam olması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması hüququ yaranmışdır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixə kimi hərbi xidmətdə olmuş, İT- ******* nömrəli əmək kitabçasından görünür ki, ümumi iş stajı 35 il 01 ay 13 gündür, 2017-ci ilə kimi olan əmək stajı 30 il təşkil edir. 2006-cı ilin yanvar ayının 1-nə olan əmək stajı 20 il 04 ay 30 gün təşkil edir. xx.xx.2006-cı ildən "xxxx" QSC-nin 1-ci qrup Biləcəri lokomotiv deposunda tornaçı peşəsində işləyir, (iki il hərbi xidmətdə olduğu müddət həmin əmək stajına daxildir). Bununla da güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün 15 il əmək stajı vardır. Tornaçı peşəsi əmək şəraiti ağır və zərərli peşələr hesab olunduğu üçün vəzifə (tarif maaşına əmək şəraitinə görə (8%) əlavə ödəniş təyin edilmişdir. Həmin peşənin ağır və zərərli hesab edilməsi və faizin müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 38 saylı qərarına və HSX-nın əmrinə əsasən birgə yaradılmış komissiyası tərəfindən iş yerlərinin attestasiya keçirilməsindən sonra verilən rəyə əsasən müəyyən edilmişdir. Bununla da iş stajının 2006-cı il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna, 15 ildən artıq müddətinə ağır və zərərli əmək stajı olduğuna, 2021-ci ilin 05 may tarixində 57 yaşı tamam olduğuna görə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən, həmin tarixdən ona güzəştli yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iş materiallarında olan Ucar rayon Dövlət Arxivinin iddiaçıya dair 4 noyabr 2022-ci il tarixli 82 nömrəli arayışında 1977-1987-ci illər ərzində onun kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin sözügedən arxiv arayışında kolxozda işlədiyi dövr üzrə işə qəbul olma və işdən çıxma tarixləri göstərilməmişdir. Bu səbəbdən də, həmin müddəti İddiaçı iş stajına daxil etmək mümkün deyil. Buna görə də, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 10 ay (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6400/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan iddiaya uyğun əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. H3 ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 14 oktyabr 1982-ci ildən 7 dekabr 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci ilədək məktəbdə keşikçi vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək “Şərəf” Müstəqil Kiçik müəssisəsində çilingər vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1998ci ilədək “Azəryoltəmirtikinti” İstehsalat Birliyində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Dəmir Yolunun 2 nömrəli müəssisəsində çilingər vəzifəsində,xx.xx.2000-ci ildən Dəmiryol Biləcəri deposunda qaz qaynaqçısı, çilingər və tornaçı vəzifələrində işləmiş, hal-hazırda da işləyir. Milli Arxiv İdarəsi Ucar rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı 23 noyabr 2022ci il tarixli, 61 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə baxılarkən Abdullayev Əkbərin 1977-1987-ci illər üzrə iş günləri olduğu bildirilmiş, eyni zamanda həmin son hesablaşma cədvəllərində kolxozçuların ata adları qeyd olunmamışdır. Milli Arxiv İdarəsi Ucar rayon Dövlət Arxivinin iddiaçıya ünvanladığı 04 noyabr 2022ci il tarixli, 82 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxoza aid kolxozçuların son hesablaşma cədvəllərinə əsasən Abdullayev Əkbərin kolxozda aşağıdakı qaydada əmək günləri və əmək haqqı qazanmasına dair qeydlər var. 1977-ci il: 5 adam günü, 3,84 rubl. 1980-ci il: 244 adam günü, 1073,80 rubl. 1981-ci il: 90 adam günü, 284,34 rubl. 1982-ci il: 166 adam günü, 499.25 rubl. 1983-cü il: 32 adam günü, 173 rubl. 1984-cü il: 15 adam günü, 41,60 rubl. 1985-ci il: 78 adam günü, 129,20 rubl. 1986-cı il: 208 adam günü, 276,40 rubl. 1987-ci il: 127 adam günü, 304 rubl. Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 189 nömrəli, 23 may 2023-cü il tarixli arayışına əsasən, 1964-cü ildə Ucar rayon Qaradağlı kəndində anadan olmuş İddiaçı Sərdar oğlu, 1977-ci ildə Qaradağlı kəndi Lenin adına kolxozda kolxozçu kimi iş faliyyətinə başlamış, onun iş fəaliyyəti aşağıdakı kimidir. 1977-ci il: 5 adam günü, 3.84 rubl; 1980-ci il: 244 adam günü, 1073,20 rubl; 1981-ci il 90 adam günü 284,34 rubl; 1982-ci il: 166 adam günü, 499,25 rubl; 1983-cü il 32 adam günü 173 rubl; 1984-cü il 15 adam günü, 41.60 rubl; 1985-ci il 78 adam günü, 129.20 rubl; 1986-cı il 208 adam günü, 276,40 rubl; 1987-ci il 127 adam günü, 304 rubl. Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 187 nömrəli, 23 noyabr 2022-ci il tarixli arayışına əsasən qeyd edilmişdir ki, Abdullayev X6 rayonu Qaradağlı kəndində yaşamış mərhum X1 oğludur. “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3- 17-/2-A-26961/2024 nömrəli məktuba əsasən bildirilmişdir ki, Ucar rayon X10 dair, 4 noyabr 2022-ci il tarixli 82 nömrəli arayışında 1977- 1987-ci illər ərzində kolxozda əmək fəaliyyəti ilə məşğul olduğunuz qeyd edilmişdir. Lakin sözügedən arxiv arayışında kolxozda işlədiyiniz dövr üzrə işə qəbul olma və işdən çıxma tarixləri göstərilməyib. Bu səbəbdən də, həmin müddəti iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, 1 yanvar 2006-cı il tarixinədək Sizin ümumi iş stajınız 25 ildən az (18 il 10 ay (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Milli Arxiv İdarəsi Ucar rayon X7 Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialına ünvanladığı 07 mart 2024-cü il tarixli, 5-80-27/2-09/2024 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, iddiaçı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı Sərdar oğlunun 1977-1987-ci illər ərzində Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozda əmək günləri və əmək haqqı qazanmasına dair Ucar rayon Dövlət Arxivində saxlanılan kolxozçuların əmək günlərinin uçotu və son hesablaşma cədvəllərinə əsasən aşağıdakı qaydada qeydlər var: 1977-ci il: 5 adam günü, 3.84 rubl; 1980-ci il: 244 adam günü, 1073,20 rubl; 1981-ci il 90 adam günü 284,34 rubl; 1982-ci il: 166 adam günü, 499,25 rubl; 1983-cü il 32 adam günü 173 rubl; 1984-cü il 15 adam günü, 41.60 rubl; 1985-ci il 78 adam günü, 129.20 rubl; 1986-cı il 208 adam günü, 276,40 rubl; 1987-ci il 127 adam günü, 304 rubl. Qeyd 1. Cədvəllərdə adı Abdullayev Əkbər kimi qeyd olunub. 2. Cədvəllərdə ata adı və təvəllüd qeyd olunmayıb. 3. Cədvəllərdə qeyd olunan illər üzrə kolxozun ümumi yığıncağı tərəfindən qəbul olunmuş adam günü normaları qeyd olunmayıb. Qeyd 4. Kolxozlarda müxtəlif illər üzrə adam günü normaları barədə rəsmi sənəd təhvil verilmədiyi üçün Ucar rayon Dövlət Arxivində saxlanılmır. "xxxx" QSC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ADY-nin Biləcəri lokomotiv və lokomotivlərin təmiri depolarında xx.xx.2006-cı il tarixindən xx.xx.2023-cü il tarixinədək işlədiyi tornaçı peşəsi ilə xx.xx.2023-cü il tarixindən bu günə qədər çalışdığı bandaj üzrə tornaçı peşəsi əmək funksiyalarına uyğun olaraq icra etdikləri işlərin əsas xüsusiyyətləri lokomotivin təkər cütlərinin bandaj hissəsini universal forma dəzgahında ölçmək və onu standarta uyğun olaraq yonmaqdan və lövbərlərin yastığının oturacağının yonulmasını həyata keçirməkdən ibarət olmaqla eynilik təşkil edir. Müxtəlif dövrlərdə eyni vəzifə funksiyalarına malik bu peşənin adı ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Hal-hazırda ADY-nin Hərəkət vasitələrinin təmiri departamenti Lokomotivlərin təmiri xidmətinin Biləcəri lokomotivlərin təmiri deposunun Təsərrüfat sahəsinin bandaj üzrə tornaçısı olmaqla sözügedən peşə üzrə vəzifə təlimatında göstərilmiş əmək funksiyalarına uyğun olaraq işlər icra edilməkdədir. ADY-də mövcud bütün vəzifə və peşələrdən lokomotivin təkər cütlərinin bandaj hissəsinə texniki baxış keçirilməsi və onun təmiri ilə məşğul olan tək peşə olması baxımdan bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.1-ci bəndin 3-cü və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda isə 21-ci bölmənin 1-ci bəndinin a) yarımbəndinin 2-ci (kod:1200100a—11170) abzaslarında nəzərdə tutulmuş “bandajçılar” peşəsi üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri və əmək şəraiti ilə uyğunluq təşkil edir. Həmçinin, İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşə üzrə güzəştli iş stajı 18 il 7 ay 16 gün təşkil edir. Bandaj üzrə tornaçı peşəsi üzrə iş yerlərində aparılmış sonuncu attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə İddiaçı əmək haqqına 8% əlavə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı olmalı və 12 il 6 ay Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixinə 20 il 2 ay 1 gün ümumi stajı müəyyən edilir. İddiaçının Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozda olan əmək günləri 1 yanvar 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinə əsasən nəzərə alınmış və onun ümumillikdə ümumi stajının 25 ildən az olması müəyyən edilmişdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarında olan Ucar rayon Dövlət Arxivinin məlumatına əsasən, kolxozlarda müxtəlif illər üzrə adam günü normaları barədə rəsmi sənəd təhvil verilməmiş, Ucar rayonu Qaradağlı kənd sabiq “Lenin” adına kolxozunun arxivə təhvil verilmiş 1977-1987-ci illərə aid cədvəllərdə kolxozun ümumi yığıncağı tərəfindən qəbul olunmuş adam günü normaları qeyd edilmişdir. İddiaçının istinad etdiyi arxiv arayışında onun kolxozda iş fəaliyyəti: 1977-ci il 5 adam günü; 1980-ci il 244 adam günü; 1981-ci il 90 adam günü; 1982-ci il: 166 adam günü, 499,25; 1983-cü il: 32 adam günü; 1984-cü il: 15 adam günü; 1985-ci il: 78 adam günü, 129,20 rubl; 1986-cı il: 208 adam günü, 276,40 rubl; 1987-ci ildə: 127 adam günü, 304 rubl olmuş, bu da iddiaçıya 4 il 10 ay stajı kimi hesablanır. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, 1 yanvar 2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 10 ay) təşkil edir. Qeyd olunan halı, habelə onun 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 ay iş stajına malik olmamasını (həmin işlərdə işləməmişdir) nəzərə alaraq, Kollegiya belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6400/2024 nömrəli, 02 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-937/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-937/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver