Məhkəmə qərarları › İş №2-1(103)-938/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-938/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-938/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı MTK-nın cаvаbdеh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qаrşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 2327/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin iddiaçı “xxxx” MTK (VÖEN **********) xx.xx.2019-cu il tarixli **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarına əsasən iddia təmin edilərək, cavabdeh Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin iddiaçı “xxxx” MTK (VÖEN **********) xx.xx.2019-cu il tarixli **********183512 saylı növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 389/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2490/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2327/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(102)-389/2020 saylı qərarı ilə xx xxxxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx xxxx 2020-ci il tarixli məktubla icra olunması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə göndərilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi məhkəməyə daxil olmuşdur. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Vergi orqanı qanunvericiliyin qeyd edilən normasının tələblərindən irəli gələn hüquqlardan istifadə edərək yeni açılmış hallar üzrə icraatın təzələnməsinə əsas olan aşağıdakı hallara istinad edir. Belə ki, iş materiallarından aydın olur ki, bütün məhkəmə instansiyalarında iddiaçı bilavasitə nümayəndəsi Nümayəndə tərəfindən təmsil olunmuşdur. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Qeyd olunan normanın məzmununa görə hüquqi şəxsi məhkəmədə yalnız əsas iş yeri kimi əmək müqaviləsi bağlamış fizik şəxslər təmsil edə bilər. Başqa sözlə hüquqi şəxslə əmək münasibətlərində olmayan, yaxud belə münasibətlər mövcud olsa belə, iş yeri “əlavə iş yeri”ndən ibarət olan fiziki şəxslər hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik deyildir. İş materiallarından görünür ki, bütün instansiyası məhkəmələrində iddiaçının nümayəndəsi qismində həmin müəssisənin işçisi olan Nümayəndə çıxış etmişdir. Lakin əvvəllər məlum olmayan yeni açılmış halların və sübutların aşkar edilməsi nəticəsində məlum olmuşdur ki, onunla müəssisə arasında başlanmış əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmış və həmin müəssisədəki iş yeri “əlavə iş yeri” olmuşdur. Başqa sözlə Nümayəndə İddiaçı MTK-da əsas iş yeri mövcud olmamışdır (cədvəl əlavə olunur). Xüsusi olaraq qeyd etmək lazımdır ki, Nümayəndə son 3 il ərzində 72 müxtəlif hüquqi və fiziki şəxslərlə əmək müqaviləsi bağlamışdır. Qısa müddət ərzində bu qədər sayda əmək müqaviləsinin bağlanması barədə bildirişin əldə edilməsi onu deməyə əsas verir ki, real əmək münasibətlərinin mövcudluğundan söhbət getmir və qeyd olunan bildirişlər digər məqsədlər üçün əldə olunmuşdur (siyahı əlavə olunur). Beləliklə yeni açılmış hallar və əldə edilmiş sübutlar bir daha təsdiq edir ki, Nümayəndə İddiaçı MTK-nı məhkəmədə təmsil etmək səlahiyyəti ümumiyyətlə olmamışdır. Başqa sözlə nümayəndə qismində çıxış etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada səlahiyyəti olmayan Nümayəndə tərəfindən iddiaçının hüquqları təmsil edilmiş və bu isə kobud prosessual pozuntu olmaqla eyni zamanda cavabdehin hüquqlarının pozulması və son nəticədə iş üzrə qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. İddiaçı MTK ərizəyə qarşı etirazını məhkəməyə ünvanlayaraq, ərizənin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı “xxxx” MTK-nın cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli **********183512 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi barədə tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-2327/2019 saylı qərarı ilə təmin edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxılaraq, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019- cu il tarixli, 2- 1(103)-2490/2019 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2327/2019 saylı qərarı qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Sonra cavabdeh apellyasiya instansiya məhkəməsinin qərarından narazı qalaraq, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-389/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2490/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 100-cü maddəsini rəhbər tutaraq, icraatın təzələnməsinə əsas olan yeni açılmış hallarla bağlı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin həmin ərizəsini əsassız və qanunsuz hesab olunur. Cavabdehin ərizəsi Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 100-cü maddəsinin uğursuz təfsirindən ibarətdir. Cavabdeh nəzərə almayıb ki, yeni açılmış hallarla bağlı proses iştirakçılarından birinin ərizəsi o zaman təmin olunur ki, qanun qüvvəsinə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatında sonradan yeni sübutların və ya halların aşkar edilməsi işin mahiyyət üzrə həllinə təsir etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2017-ci il qərarının 16-cı abzasında göstərilib ki, “qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər məsələlər araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Buna görə də cavabdehin ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2327/2020 saylı qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə icraatın təzələnməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələbləri, iş üçün əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmamış və sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verilmədən iş üzrə əsassız qərar qəbul etmişdir. Belə ki, İnzibati mühakimə icraat qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlük şərtlərinin müvcudluğunu isə məhkəmə tərəfin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Lakin, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi əmək müqaviləsi bildirişi ilə məhkəmə prosesində iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-cil tarixli, 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarının 15.1 - 15.3-cü maddələrdə bildirilmişdir ki, məhkəmələrə tövsiyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı inzibati Prosessual Məcəlləsinin müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Məhkəmə tərəfindən tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İnzibati məhkəmə icraatı təqdim edilmiş etibarnamənin hüquqi əsası olmadığı üçün iddianın mümükünlük şərtlərinə uyğun olmamış, yəni icraatda iştirak edən şəxsin iddiaçını təmsil etmək hüququ yaranmamışdır. Məhkəmə yuxarıda göstərilmiş prosessual qanunvericiliyin tələbinə uyğun olaraq göstərilmiş məsələləri aydınlaşdırmaq üçün əlavə olaraq müvafiq araşdırma aparmaqla qiymət verməlidir. Nümayəndə son 3 il ərzində 72 müxtəlif hüquqi və fiziki şəxslərlə əmək müqaviləsi bağlamışdır. Qısa müddət ərzində bu qədər sayda əmək müqaviləsinin bağlanması barədə bildirişin əldə edilməsi onu deməyə əsas verir ki, real əmək münasibətlərinin mövcudluğundan söhbət getmir və qeyd olunan bildirişlər digər məqsədlər üçün əldə olunmuşdur. Məhkəmə yeni açılmış hallara dair sübutlar ərizəçi tərəfindən əvvəldən bilinməsi ilə bağlı bildiririk ki, iddiaçının nümayəndəsi Nümayəndə bütün instansiya məhkəmələrində əmək müqaviləsi bildirişini təqdim edərək kooperativdə işəmuzd qaydada əsas iş yeri olmaqla hüquqşünas vəzifəsində işlədiyini göstərmişdir. Lakin daha sonra məlum omuşdur ki, elektron informasiya sistemində qeydiyyata alınmış əmək müqaviləsində onun kooperativdə iş yeri “əlavə iş yeri” olmuşdur. Bundan başqa Məhkəmə cavabdehin yeni açılmış hallarla bağlı ərizəsini məhkəmə qərarının icrasının ləngidilməsi kimi qiymətləndirmişdir. Məhkəmənin bu mövqeyi əsaslı hesab edilə bilməz belə ki, iddiaçı barəsində dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə cinayət işi başlanmış, icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır. Cinayət işi üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə, İddiaçı MTK- nin xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə vergi öhdəlikləri və vergi borcunun dəqiqləşdirilməsi üçün növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilərək qərar qəbul edilmiş və icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilərin və diğər icbari ödnişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iddiaçı üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yəni iddiaçının faktiki olaraq hal-hazırda mübahisələndirdiyi qərar İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin qərarı əsasında aparılmışdır. Həmin qərarın ləğvi ilə bağlı şikayətçi İddiaçı MTK-nin sədrinin MTK-da növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 6(004)-36/2019 saylı qərarı ilə şikayət təmin edilməmiş və “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********556700 saylı qərarı qanuni hesab edilmişdir. İddiaçının bu qərarın ləğvi ilə bağlı apelyasiya şikayəti, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin edilməmiş, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 6(004)-36/2019 saylı qərarı qüvvədə saxlanılmışdır Məhkəmə işə baxarkən iddia tələbinin tərəflərindən mübahisələndirilən hissəsini birtərəfli formada araşdırdığından düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Həmin Məcəllənin 106-ci (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: ”106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən yeni açılmış hallara dair ərizənin əsası kimi bütün məhkəmə instansiyalarında iddiaçının bilavasitə nümayəndəsi Nümayəndə tərəfindən təmsil olunduğu, əvvəllər məlum olmayan yeni açılmış halların və sübutların aşkar edilməsi nəticəsində Nümayəndə “xxxx” MTK-da əsas iş yerinin mövcud olmadığının müəyyən edildiyi göstərilmişdir. İş materiallarından görünür ki, İddiaçı MTK tərəfindən verilmiş iddia ərizəsi xx xxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Bütün instansiya məhkəmələrində iddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqviləsi bildirişindən görünür ki, Nümayəndə onunla xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçındə işəmuzd qaydada əsas iş yeri olmaqla hüquqşünas vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçını məhkəmədə təmsil etdiyi vaxt Nümayəndə əsas iş yeri İddiaçı olmuşdur və həmin şəxsin kooperativi məhkəmədə təmsil etmək səlahiyyəti mövcud olmuşdur və bununla bağlı hər hansı prosessual pozuntuya yol verilməmişdir. Ərizəçinin istinad etdiyi hallar yeni açılmış hal kimi qiymətləndirilə bilməz, habelə həmin hallara istinad edilməklə məhkəmə qərarının qanuniliyinə şübhə edilə bilməz. Çünki ərizəçinin istinad etdiyi hallar sonradan əldə edilməmiş, həmin hallara dair sübutlar ərizəçi tərəfindən əvvəldən də təqdim oluna bilərdi. Qərar bütün instansiyalarda baxılıb, qanuni qüvvəsini aldıqdan sonra cavabdehin hazırki əsaslarla yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəsi məhkəmə qərarının icrasının ləngidilməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı iş üzrə icraatın yeni açılmış hallara görə təzələnməsi üçün Azərbaycan Respublikası İPMnin 100-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2327/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar