Məhkəmə qərarları › İş №2-1(103)-938/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-938/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-938/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunverciliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunverciliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-cı il təvəllüdlüdür. İddiaçıya məxsus BT seriyalı 044697 saylı 23.04.1981-ci il tarixli diplomdan görünür ki, o, 1979-cu ildə Bakı Politexnikumuna daxil olmuş, 1981-ci ildə “Topoqrasiya” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus İT seriyalı 022242 saylı 14.08.1980-ci il tarixdə doldurulmuş əmək kitabçasından görünür ki, iddiaçı 06.05.1980-ci il tarixdən 12.08.1980-ci il tarixədək istehsalat təcrübəsini keçdiyi vaxt üçüncü dərəcəli ölçücü vəzifəsində işləmiş, 09.05.1981ci il tarixdən 09.06.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə olmuş, 09.07.1983-cü il tarixdən Bakı tunel tikinti TQİ-3 yeraltı şəraitdə 2-ci dərəcəli markşeyder fəhləsi, 03.05.1984-cü il tarixdən Yeraltı şəraitdə növbə markşeyderi (Əmr 74/ls 07.05.84), 16.01.1987-ci il tarixdən Yeraltı şəraitdə növbə markşeyderi (Əmr 8/H 10.01.87), 26.12.1987-ci il tarixdən Yeraltı şəraitdə markşeyder (Əmr 255/m 30.12.87), 02.07.1992-ci il tarixdən 31.07.2014-cü il tarixə qədər yeraltı şəraitdə növbə markşeyderi (Əmr 81 As 01.07.1992), 01.08.2014-cü il tarixdən 22.01.2019-cu il tarixə qədər "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsində (əmr K- 537 01.08.2014) işləmişdir. İddiaçı məxsus 125949 saylı pensiyaçının uçot vərəqindən görünür ki, ona 19.09.2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, **********8 saylı 09.07.2020-ci il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarla iddiaçıya 404,91 manat məbləğində pensiya hesablanmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 2008-ci ildən yenidən hesablanması (təyin edilməsi) ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********8 saylı 18.11.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ona Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17-ci maddəsinin birinci və beşinci abzaslarına əsasən həmçinin, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 19 sentyabr 2013-cü il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000- ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 47 yaşının tamam olduğu 19.09.2008ci il tarixdən təhsil illərinin ümumi iş stajına əlavə edilməklə əmək pensiyasının təyin edilməsi və qanunverciliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1981-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra 09.07.1983-cü il tarixli əmrlə “Bakıtuneltikinti” (SMU-3) idarəsinə markşeyder 2-ci dərəcəli fəhlə kimi yeraltı işinə qəbul edilmiş, həmin vaxtdan da metrotikintidə yeraltı işlərdə fasiləsiz olaraq 2014-cü ilədək işləmiş, 31.07.2014-cü il tarixdə işdən azad edilmiş və 01.08.2014-cü il tarixli əmrlə "xxxx" QSC-nin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti ilə növbəli markşeyderi vəzifəsinə qəbul edilmiş, 22.01.2019-cu il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. SSRİ Ali Soveti tərəfindən 1989-cu ildə təsdiq edilmiş Nazirlər Sovetinin qərarına əsasən yeraltı işlərdə fasiləsiz olaraq 20-25 il müddətində çalışmış işçilərin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Təqaüdə çıxan şəxsə orta aylıq əmək haqqının 85% miqdarında pensiya hesablanırdı. Yeraltı işlərdə 25 illik fasiləsiz əmək fəaliyyəti 2008-ci il tarixdə bitmişdir. 2008-ci ildə DSMF-nun Xətai rayon Şöbəsinə müraciət etmiş, lakin ona mümkün olmadığı bildirilmiş və 2013-cü ildə təyin edilmişdir. 2013-cü ildə ona 209 manat pensiya hesablanmış, halbuki 2008-ci ildə təyin edilsəydi, 690 manata yaxın hesablanmalı idi. Göründüyü kimi, ona pensiya 4 il sonra təyin edilmiş, həmçinin, təyin edilmiş pensiya düzgün hesablanmamış və bu günə kimi 12 il ərzində qanunla almalı olduğu pensiya miqdarı az hesablanmış, nəticədə hüquqları pozulmuşdur. Ona güzəştli şərtlərlə təyin edilmiş pensiyanın 2008-ci ildən hal-hazırki dövrədək qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanması və aldığı pensiyaya əlavə edilərək ödənilməsi barədə cavabdeh tərəfə ərizə ilə müraciət etmiş, lakin ərizəyə cavab verilməmişdir. 02.09.2020-ci il tarixdə yenidən ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş və cavab belə verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə və 17ci maddəsinin birinci və beşinci abzaslarına əsasən, həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinin tələbləri nəzərə alınmaqla 19 sentyabr 2013-cü il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997- ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000- ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Bu səbəbdən də, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 47 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, 2006-cı ilin 1 yanvar tarixinədək onun ümumi iş stajı 25 ildən artıq olmuş, o, tamamilə yeraltı işlərdə çalışmış və həmin tarixədək onun pensiya almaq hüququ yaranmışdır. Həmçinin cavabdeh tərəfindən onun 1977-ci ildən 1981-ci ilədək təhsil aldığı müddət ümumi iş stajına hesablanmamışdr. İşə baxmış məhkəmə qanunvericiliyin normalarını sadalamaqla kifayətlənmiş, ətraflı araşdırma aparmamış, işin faktiki hallarını tam araşdırmamış, qanunun normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək, istər əvvəlki, istəsə də hazırki qanunvericilkdə kişilər üçün pensiya yaşının 47 olmasının ümumilikdə nəzərdə tutulmadığını bildirmiş, bununla da şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının müraciəti ilə bağlı cavabdeh inzibati orqanın yazılı imtinası olmamışdır. Belə ki, iddiaçının müraciətinə münasibətdə cavabdeh inzibati orqan hərəkətsizlik göstərmişdir. İPM-nin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası iddianın mümkün sayılması qənaətinə gəlir. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, təhsil aldığı müddətin onun ümumi iş stajına əlavə edilməklə ona 47 yaşı tamam olduğu tarixdən, yəni 19.09.2008-ci il tarixdən pensiyanın təyin edilməsini və yaranmış qalıq məbləğinin cavabdeh tərəfindən hesablanmasını tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinə münasibətdə hərəkətsizlik göstərmişdir. İddiaya dair verilmiş etirazında isə cavabdeh qanunvericiliyin müddəaları baxımından iddiaçıya 47 yaşdan əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddia tələbində göstərdiyi 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017- ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzinın - iddiaçının 52 yaşının tamam olmasının əsas şərtlərdən biri olmasına, iddiaçının isə ona 52 yaşdan deyil, 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini tələb etdiyinə, 19.09.2008-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin ona münasibətdə tətbiq edilməsinin qeyrimümkünlüyünə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi iddiaçıya 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hissəsində təmin edilmədiyi üçün, birinci tələbdən törənən qanunvericiliyə uyğun olaraq yaranmış qalığın hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində də təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə) 50 yaşdan pensiya təyin edilməsi üçün şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1dək qazanmış olmalıdır; həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki işdən müəyyən olunur ki, iddiaçı 19.06.1961-ci il tarixdə doğulduğu üçün ona qüvvədə olan pensiya qanunverciliyinin tələblərinə əsasən 20 illik ümumi və 10 illik xüsusi iş stajını topladıgından cavabdeh orqan tərəfindən əsaslı olaraq 19 sentyabr 2013cü il tarixindən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin o, bununla razılaşmayaraq ona 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqan isə iddiaçıya 19.09.2008-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün həmin tarixdə qanunda nəzərdə tutulmuş yaş həddinə çatmadığını bildirir. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçıya iddia etdiyi yaşdan (47 yaşdan) pensiyanın təyin olunması üçün yuxarıda istinad olunan normada güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı nəzərdə tutulmuş dispozisiya şərtlərinin ona münasibətdə mövcud olması zəruridir. Lakin iddiaçının tələb etdiyi dövrdə (19.09.2008-ci il tarixdə) yuxarıda istinad olunan normanın müvafiq dispozisiya şərtləri iddiaçı tərəfindən ödənilməmişdir. Yəni, iddiaçının əmək pensiyası hüququ yalnız 52 yaşının tamam oldugu dövrdə yuxarıda istinad olunan normanın 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına görə yaranmışdır. Yuxarıda istinad olunan normalara görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi 47 yaşının tamam olduğu 19.09.2008-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017- ci il tarixə qədər qüvvədə olmuş redaksiyasına əsasən yaş senzi - iddiaçının 52 yaşının tamam olması əsas şərtlərdən biridir. Hazırki işdə isə iddiaçıya tələb etdiyi 19.09.2009-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunda nəzərdə tutulan şərtlərdən, yəni onun ümumi və xüsusi (güzəştli) stajının olması şərti ödənilsə də, 52 yaşının tamam olması ilə bağlı şərt ödənilmədiyi üçün birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da nəzərə alır ki, iddiaçının sözügedən tələbinin təmin olunmaması onun “yaranmış qalığın hesablanması” barədə tələbinin də təmin olunmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2021 saylı 18 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Orucova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar