Məhkəmə qərarları › İş №2-1(103)-939/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-939/2021

14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-939/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “ona qeyd etdiyi ünvanda üç otaqlı mənzilin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “ona qeyd etdiyi ünvanda üç otaqlı mənzilin verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5329/2020 saylı 12 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı 2000-ci ilin noyabr ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülmüşdür. Mənzil növbəsi uçotuna 5 nəfər ailə tərkibi ilə qəbul olunmuşdur. Ona cavabdeh orqan tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 məhəllədə yerləşən Qarabağ əlilləri və Şəhid ailələri üçün nəzərdə tutulmuş 2 otaqlı mənzil verilmişdir. O, iki otaqlı mənzilin ona verilməsi ilə razılaşmayaraq 3 otaqlı mənzillə təmin olunmasını istəmişdir. Cavabdeh ona qeyd olunan ünvanda 3 otaqlı mənzilin verilməsi imkanının olmadığını bildirərək Lökbatan qəsəbəsində tikiləcək binadan iddiaçıya 3 otaqlı mənzil təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. 83 saylı Mənzil Kommunal İstismar sahəsinin 403 saylı 03.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə tərkibi 9 nəfərdən; X13 (arvadı), X3 (oğlu), X4 (oğlu), X2 (qızı), X1 (gəlini), X9 (nəvəsi), X16 (nəvəsi) və X6 (gəlini) ibarətdir. İddiaçı ona əlavə 1 otağın olmaqla, cəmi 3 otaqlı mənzilin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 30 mart 2020-ci il və **********0 saylı imtina məktublarında qeyd edilmişdir ki, iddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 569 saylı 20 iyun 2014-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 01.01.2014-cü il tarixədək üçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq 28 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin edilmişdir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Cavabdehin imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “ona qeyd etdiyi ünvanda üç otaqlı mənzilin verilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci il noyabr ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə durmuş, mənzil növbəsi uçotuna 5 nəfər ailə tərkibi - həyat yoldaşı, 2 oğlu və 1 qızı ilə qəbul olunmuşdur. Ona cavabdeh orqan tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 məhəllədə yerləşən Qarabağ əlilləri və Şəhid ailələri üçün nəzərdə tutulmuş 2 otaqlı mənzil verilmişdir. Bununla razı olmayaraq o, dəfələrlə Əmək və Əhalinin Müdafiə Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasınən Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiə nazirinə ərizə ilə müraciət etmiş, lakin onun tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Odur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş mənzil növbəsinə alınmış imtiyazlı şəxslər barədə 2014-cü il 03 mart tarixli 03/123 nömrəli məktubda 2002-ci il 01 mart tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun 26 dekabr 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında nömrə 24, mərtəbə 8, giriş 1, otaq sayı 2 olan 83.03 kvadratmetrlik mənzil təhvil verilmişdir. Lakin vətəndaş ona verilən mənzilin otaq sayından narazı qalaraq məhkəmədə iddia qaldırmışdır, 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim olunmuşdur. Qeyd olunan yaşayış binasında mövcud olan 2 otaqlı mənzillərin ümumi sahəsi 84.17, 83.03, 91.03, 81.92 kvadratmetr, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110.91, 111.07, 121.73 kvadratmetrdir. Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında həmin Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Vətəndaş aztəminatlı hesab olunduğundan o, Dövlət Mənzil Fondunun ehtiyatları hesabına mənzillə təmin olunmuşdur. Aşağıdakı səbəblərə görə vətəndaşın iddiası tamamilə əsassız hesab olunur: 1) Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459 saylı Qərarına əsasən “sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.” Bu normadan da göründüyü kimi, mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kvadratmetr müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə vətəndaş (ailə tərkibi 5 nəfərdən ibarət olan) 83,03 kvadratmetr yaşayış sahəsi təmin edilmişdir. 2) Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Dövlət Mənzil Fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Normadan göründüyü kimi yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayrılmış binalarda üçotaqlı mənzil kifayət qədər az olduğu üçün onlar ailə tərkibi daha geniş olan ailələr üçün nəzərdə tutulmuşdur. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. 3) Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli Qərarına əsasən “sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.” Sosial kirayə müqavilələri əsasında mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri kategoriyasından olan vətəndaşlara verilir və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa üçotaqlı mənzilin verilməsi qanuni əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5329/2020 saylı 12 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə ona mənzil verilərkən, onun həm 2014-cü ildə müvafiq orqanlara müraciət edərək ailə üzvlərinin sayının artmasına dair məlumat verməsini, həm də ailə üzvlərinin heç birinin adına mülkiyyətin olmamasına dair arayış təqdim etməsinə dair faktları araşdırmamış və hüquqi qiymət verməmişdir. Məhkəmə mötəbər sübutlara düzgün hüquqi qiymət verməyərək işin faktiki hallarını və tərəflərin hüquqi vəziyyətinin işin hallarına uyğunluğunu dəqiqliklə yoxlamamışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı 5 nəfər ailə üzvündən ibarət ailə tərkibi ilə mənzil növbəsinə durmuş və onun 5 nəfərdən ibarət ailə tərtibi nəzərə alınmaqda 26.12.2019-cu il tarixdə iki otaqlı mənzil verilmişdir. Lakin iddiaçı sonradan ailə üzvlərinin sayında artım olduğuna istinad edərək əlavə olaraq ona Nizami rayon ərazisindən bir otaqlı mənzilin də verilməsini tələb etmişdir. Hesab edir ki, iddiaçının ailə üzvlərinin sayının artması ona əlavə mənzilin verilməsi üçün əsas ola bilməz. İddiaçıya 3 otaqlı mənzilin verilməsi Nizami rayon ərazisində mümkün olmadığından ona həmin sayda mənzilin Lökbatan qəsəbəsindən verilməsi təklif olunmuş, lakin iddiaçı bundan imtina etmişdir. Buna görə də cavabdehin nümayəndəsi məhkəmə qətnaməsi ilə razı olduqları üçün apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, iddiaçı 2000-ci ilin noyabr ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətində mənzil növbəsinə durmuş, mənzil növbəsi uçotuna 5 nəfər ailə tərkibi - həyat yoldaşı, 2 oğlu və 1 qızı ilə qəbul olunmuşdur. O, 26 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin olunmuşdur. Sonradan ailə üzvlərinin sayının artmasına istinad edərək ona əlavə bir otağın da verilməsini, yəni ümumilikdə qeyd olunan ünvandan- Nizami rayonu ərazisindən 3 otaqlı mənzilin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasının qeyri-mümkün olduğuna istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya Lökbatan qəsəbəsində üç otaqlı mənzilin verilməsi təklif edilmiş, lakin iddiaçı bu təklifi qəbul etməmişdir. Hazırda isə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı tələbi “ona Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli binada üç otaqlı mənzilin verilməsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 27 avqust 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Sadalanan maddi hüquq normalarının tələblərinə görə yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli, 459 saylı “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı 01 mart 2002-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında mənzil qeydiyyatına alınan zaman onun ailə tərkibi özü də daxil olmaqla 5 nəfər ailə üzvündən ibarət olmuşdur. Ona ayrılmış mənzilin ümumi sahəsi 83,03 kv.m olmaqla 2 otaqdan ibarətdir. Göründüyü kimi, iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından (16 kv.m.-dən) artıqdır. Buna baxmayaraq iddiaçı ona verilmiş mənzilin otaqlarının sayından narazı qalaraq cavabdehdən ona qeyd etdiyi ünvandan- Nizami rayonu ərazisindən 3 otaqlı mənzilin verilməsini tələb edir. İddia ərizəsindən görünür ki, cavabdeh inzibati orqan iddiaçıya Lökbatan qəsəbəsində inşa ediləcək binadan 3 otaqlı mənzilin verilməsini təklif etsə də, iddiaçı bu təklifi qəbul etməmiş və iddia tələbində israrlı olmuşdur. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 2 otaqlı mənzil 26.12.2019cu il tarixdə təqdim olunarkən onun ailə üzvlərinin sayı 5 nəfərdən (özü, həyat yoldaşı, iki oğlu və bir qızı) ibarət olmuş, sonradan işdə olan 83 saylı Mənzil Kommunal İstismar sahəsinin 403 saylı 03.06.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə tərkibi 9 nəfərdən; X13 (arvadı), X3 (oğlu), X4 (oğlu), X2 (qızı), X1 (gəlini), X9 (nəvəsi), X16 (nəvəsi) və X6 (gəlini) ibarət olmuşdur. Daha sonra işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müvafiq əmri ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən imtiyazlı şəxs- İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli 96 saylı mənzilli binada 8-ci mərtəbədə 24 saylı 2 otaqlı mənzil verilmişdir. Həmin arayışda iddiaçının ailə tərkibinin 12 nəfərdən ibarət olduğu qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının 5 nəfərdən artıq ailə tərkibində olması barədə 83 saylı Mənzil Kommunal İstismar sahəsinin arayışı onun cavabdeh inzibati orqana etdiyi müvafiq müraciətlə bağlı verilmiş 30.03.2020-ci il və 07.05.2020-ci il tarixli imtina məktublarından sonra, yəni 03.06.2020-ci il tarixdə tərtib edilmişdir. Həmçinin həm həmin arayışın, həm də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş (tarixsiz) arayışın məzmunundan görünür ki, iddiaçının istər 9, istərsə də 12 nəfərdən ibarət ailə tərkibinin olduğu göstərilsə də, həmin şəxslərin hamısı onun ailə üzvləri deyildir. Belə ki, həmin şəxslər sırasında iddiaçının gəlinləri və nəvələrinin adları qeyd olunmuşdu ki, həmin şəxslər də Mənzil Məcəlləsinin 30-cu maddəsində qeyd olunan ailə üzvlərinin (ər, arvad, uşaqlar və valideynlər) dairəsinə düşən şəxslər hesab olunmur. Qanunvericilik digər qohumların ailə üzvü hesab edilə bilməsini isə mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanların mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi ilə şərtləndirmişdir. Hazırki işdə isə belə halın mövcudluğu müəyyən olunmur. Məhkəmə kollegiyası hazırki işdə iddiaçıya 5 nəfərdən ibarət ailə tərkibinə uyğun olaraq iki otaqlı mənzilin verilməsi zamanı hər bir ailə üzvünə düşən sahənin uçot normasından (16 kv.m.-dən) artıq olduğunu (cəmi 83,03 kv.m.), mənzil növbəsinə dayandıqdan sonra onun ailə tərkibinə dəyişiklik olunduğunu və ailə üzvləri kimi qeyd olunan şəxslərin də (gəlinlərin və nəvələrin) nəzərə alınmaqla ona 3 otaqlı mənzilin məhz Nizami rayonu ərazisindən verilməsini əsaslandıra bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən həmin iddia düzgün olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı ona qeyd etdiyi ünvanda (Nizami rayon ərazisində) cavabdeh tərəfindən 3 otaqlı mənzilin verilməsi ilə bağlı qərar qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Əksinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə durarkən qeydə alınmış 5 nəfər ailə tərkibinə uyğun olaraq adambaşına düşən uçot normasının (16 kv.m.) nəzərə alındığı, sonradan iddiaçının ailə üzvləri kimi göstərdiyi şəxslərin sayına görə qeyd etdiyi ünvanda ona 3 otaqlı mənzilin verilməsi ilə bağlı orqanın öhdəliyinin olmadığı sübuta yetirilir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən “ailə üzvlərinin sayının artmasına dair məlumat verilməsi və ailə üzvlərinin heç birinin adına mülkiyyətin olmamasına dair arayış təqdim edilməsinə dair faktların araşdırılmaması, hüquqi qiymət verilməməsi” barədə dəlilini əsassız sayır və hesab edir ki, bu əsassız dəlil birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5329/2020 saylı 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5329/2020 saylı 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüsynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar