Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-939/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “üçüncü şəxsin mənzilə dair çıxarışının ləğv edilməsi və yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb xidməti mənzil fonduna verilməsi, üçüncü şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələblərinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9218/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələbləri üzrə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir: 1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması; 2.yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi;
3. vətəndaş X3 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi;
4. onun mənzildən çıxarılması. İddia aşağıdakılarla əsaslandırmışdır: “...Müdafiə Nazirliyi Bakı qarnizonu rəisinin 01 may 2017-ci il tarixli qərarı ilə “Bakı-52” hərbi şəhərciyində baş plan üzrə 14 nömrəli 3 mərtəbəli kazarma binasının yaşayış binası kimi yenidən qurulmasına və binanın yaşayış fondu kimi istifadə olunmasına razılıq verilmişdir. Bakı qarnizonu mənzil komissiyasının 09 aprel 2019-cu il tarixli 18 nömrəli protokolu əsasında qeyd edilən binada yaşayış sahəsinə ehtiyacı olan 20 (iyirmi) nəfər hərbi qulluqçuya mənzil ayrılmış və protokol 16 aprel 2019-cu il tarixdə Bakı qarnizonu rəisi tərəfindən təsdiqlənərək vətəndaş X5 Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 4 ünvanında yaşayış sahəsi ilə təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ilə qeyd edilən ünvandakı yaşayış sahəsi xidməti mənzillər fondundan çıxarılaraq, vətəndaş X5 ilə daimi kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 4 ünvanındakı yaşayış sahəsinə vətəndaş X3 adına çıxarış verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 04 sentyabr 2020-ci il tarixli 224 nömrəli digər sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı ləğv edilmişdir. Sərəncam ləğv edildikdən sonra, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2021 -ci il tarixli 7081 nömrəli məktubla DƏDRX publik hüquqi şəxsi 1 saylı ünvan 4 ünvanındakı yaşayış sahəsinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2019-cu il tarixli ********** nömrəli çıxarışının ləğv olunması barədə rəsmi müraciət olunmuşdur. DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 nömrəli məktubu ilə Mənzil-İstismar İdarəsinin müraciətinə imtina edilərək, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 4 ünvanında yerləşən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatının ləğvinin aparılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya vətəndaşın bu hüquqdan imtina barədə notarial qaydada təsdiq eilmiş ərizəsi əsasında mümkün olması bildirilmişdir. Qeyd olunanlardan əlavə vətəndaş X5 Azərbaycan Respublikası Silahlı qüvvələri sıralarından ehtiyyata buraxılmışdır...” Cavabdeh məhkəməyə təqdim olunmuş **********96 №li xx.xx.2022-ci il tarixli yazılı münasibətdə iddia tələbinin - “Yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və vətəndaş X3 Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 14, mənzil 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması”na aid hissələrdə mümkün sayılmamasını, qalan hissələrdə isə rədd edilməsi xahiş olunmuşdur. Cavabdehin etirazında göstərilən əsaslara görə iddiaçının iddia tələbində göstərilən “yaşayış sahəsinin təyinatının dəyişdirilərək xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi və iddiaçının yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” öhdəliyi İdarəsinin səlahiyyətləri xaricindədir. İddia olunan mənil istifadə hüquq ilə iddiaçının adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, çıxarış verilmişdir. Bundan əlavə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 may 2019-cu il tarixli 125 nömrəli sərəncamı xx.xx.2020-ci il tarixli 125 nömrəli digər sərəncamı ilə ləğv edilmiş, bundan sonra Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi xx.xx.2021-cmi il tarixli məktubla, 1 saylı Bakı Ərazi İdarəsinə mübahisəli çıxarışın ləğv olunması barədə rəsmi müraciət sə də yaşayış sahəsinin dövlət qeydiyyatının ləğvinin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi və ya vətəndaşın bu hüququndan imtina barədə notarial qaydada təsdiq olunmuş ərizəsi əsasında mümkün olması bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9218/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85ci maddəsinə uyğun əsaslandırılmış, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: Qərardad qanunsuz və əsassızdır. Belə ki, işə baxan birinci instansiya məhkəməsi normanın tətbiqində səhvə yol vermiş, hazırkı mübahisəyə düzgün tətbiq etməmiş, bu da iddia tələbinin mümkünsüz sayılması barədə qərardadın qəbulu ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Qanunun 4.3-cü maddəsi inzibati orqanlar arasında səlahiyyət və aidiyyətlə bağlı mübahisəyə baxılması qaydasını əzərədə tutduğundan, hazırkı mübahisənin əsas predmeti orqanın qəbul edildiyi inzibati aktın ləğv olunması ilə bağlıdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin cavabdehə ünvanlanmış 23 dekabr 2021-ci il tarixli məktubda Yasamal rayon İcra Hakimiyyəti Başçısının 17 may 2019- cu il tarixli 121, 122, 123, 124, 125, 126, 127, 128, 129, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 139 və 140 saylı sərəncamlarının ləğv olunduğu qeyd olunmuş, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyyəti Başçısının xx.xx.2020-ci il tarixli 224 №-li sərəncamına əsasən yaşayış sahələrinə aid vətəndaşların adına verilmiş istifadə hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi zərurəti yarandığı bildirilmiş, sonuncu isə 19.01.201-cu il tarixli cavab məktubunda müvafiq məhkəmə qərarı və və hüquqdan imtina barədə vətəndaşın ərizəsinin təqdim ediləcəyə təqdirdə ərizəyə baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə tərəfindən işin halları tam və hərtərəfli araşdırılmamış, iddia tələbi əsassız olaraq mümkünsüz hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi C.Mirzəliyeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qyvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın mümkünlüyü şərtləririn yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırılmalı və formal olaraq (subutlar da əlavə olunmaqla) əsaslandırılmalıdır ki, mümkün iddia kimi icraata qəbul edilsin. Əks halda, Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanunla başqa aidiyyət qaydası müəyyən edildiyi təqdirdə inzibati mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müdafiə Nazirlyinin iddia tələblərindən göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin Nazirliyin xidməti mənzil fonduna aid olduğunu mübahisələndirərək, cavabdeh DƏDKR-in 1 saylı Bakı İdarəsinə qarşı irəli sürdüyü dörd iddia tələbindən üçünə (1, 3 və 4-cü) münasibətdə, inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aidiyyəti müəyyən edilmir. Belə ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi haqqında 1-ci tələbi üzrə subyektiv baxımdan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin cavabdehlik daşması müəyyən edilsə də, həm iddiaçının, həm də cavabdehin, yəni hər iki orqanın inzibati orqan statusuna malik olmaları baxımından, prosessual qanunvericiliyin tələbləri çərçivəsində inzibati məhkəmə icraatı qaydasında baxılması istisna edilir. Çünki, “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, 25 yanvar 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Göründüyü kimi, qanunvericiliklə iki inzibati orqan arasındakı mübahisənin başqa icraat qaydası müəyyən olunmuşdur. Belə olan halda, İPM-in qyd olunan 2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin tələbə inzibati məhkəmə icraatında baxıla bilməz. İddiaçının, “üçüncü şəxsin yaşayış sahəsinə dair istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılması tələbinə” gəldikdə isə birincisi, iddiaçının bu tələbləri sırf mülki mübahisəni ehtiva etməsi və mülki prosessual qanunvericiliyin müəyyən etdiyi icraat çərçivəsində həll edilməli məsələni təşkil etməsi baxımından, publik hüquq sahəsinə aid mübahisənin predmetini təşkil edə bilməz. Digər tərəfdən, iddiaçının bu tələbləri üzrə cavabdeh qürum əsl cavabdeh ola bilməz. Başqa sözlə, bu halda da həmin tələblər üzrə başqa icraat qaydası müəyyən olunduğundan, İPM-in 2.1-ci maddəsinin tələbi nəzərə alınmaqla inzibati məhkəmə icraatı istisna olunur. İddiaçının, digər “yaşayış sahəsinin təyinatının dəyişdirilərək, xüsusi mülkiyyətdən çıxarılıb Müdafiə Nazirliyinin xidməti mənzil fonduna verilməsi haqqında” 2-ci tələbi üzrə də həmçinin cavabdeh orqan birincisi onun qanunla müəyyən edilən belə bir səlahiyyəti mövcud olmadığından, əsl cavabdeh ola bilməz (Olsa belə, qeyd edildiyi kimi hər iki orqan inzibati olduğundan, inzibati məhkəmə icraatına aidiyyəti isttisna olunur). Çünki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən iddianın mükünlüyüyü ilə bağlı hərtərəfli araşdırma aparılaraq iddiaçının tələblərinin ayrı-arılıqda təhlili olunmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilmiş və əsaslı olaraq iddianın mümkün sayılmaması barədə nəticəyə gəlinmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən hüquq normalarının düzgün tətbiq edilmədiyini və iddianın mümkün sayılmaması barədə qanunsuz və əsassız qərardad çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9218/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9218/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.