Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-939/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi; borclunun cərimə edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10367/2023 saylı qərardadından borclu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10367/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı ilə İddiaçı (bundan sonra – tələbkar) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - borclu) qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” barədə iddiası təmin edilmiş, tələbkarın 2023-cü ilin mart ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin borcluya həvalə edilməsi qərara alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3887/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə borclunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10367/2023 saylı, 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1158/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3887/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli icra məktubu ilə qərar qüvvəsini aldığından icra edilməsi üçün borcluya göndərilmişdir.
5. Borclunun 24 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-10367/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1891,31 manatdan 4574,26 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan ümumilikdə 37475,55 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 37475,55 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2498,37 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır.
6. Tələbkar məhkəməyə ərizə ilə müraciət edərək 2024-cü ilin avqust ayından iş üzrə borclu tərəfindən onun pensiya məbləğinə qanunsuz müdaxilə edildiyini, məbləği 2078,19 manat müəyyən edilmiş həmin məbləğdən 186,88 manat tutulmaqla ona hazırda 1891,31 manat pensiya məbləğinin ödənildiyini əsas gətirərək borclunun cərimə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
7. Borclu tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, ərizəçinin qeyd olunan tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tələbkar tərəfindən borcluya qarşı 2023-cü ilin mart ayından dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10367/2023 nömrəli qərarı ilə iddia pensiya məbləğinin azaldılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək təmin edilmişdir. Məhkəmə çəkişmələri nəticəsində həmin qərar Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-1158/2024 nömrəli qərarı ilə qüvvədə saxlanılmışdır. Borclu tərəfindən sözügedən məhkəmə qərarının icrası məqsədilə tələbkarın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 4761,14 manat məbləğində bərpa olunmuş, həmçinin ona ötən dövr üzrə ödənilməli olan 37475,62 manat pul vəsaiti hesablanıb. Həmin 37475,55 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2498,37 manat olmaqla tələbkarın əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilib. Tələbkar mülahizələrin dinlənilməsi üçün 08 iyul 2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş, lakin tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Daha sonra ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 2078,19 manat müəyyən edilmişdir. Göründüyü kimi, borclu tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10367/2023 saylı qərardadı ilə borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir.
9. Qərardaddan borclu apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
6. Apellyasiya şikayəti yazılı etiraza uyğun olaraq əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ:
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayındəsi G.İskəndərova apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
9. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində (bundan sonra - İPM) göstərilmişdir ki, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur (116.1.). Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir (116.2.). Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi inzibati məhkəmə icraatı iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir (120.1.). Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir (120.2.). Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər (120.3.). Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər (120.4.).
12. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir (25.). İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər (26.). Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır (29.).
13. Qanunun və Plenum Qərarının yuxarıda qeyd edilən müdəalarından görünür ki, inzibati mübahisələrə dair işlər üzrə inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə qərarının icrası proseduru 3 hissədən ibarətdir: 1. Qərarı inzibati orqana göndərməklə icra üçün müddət müəyyən edilməsi. 2. İnzibati orqan barəsində cərimə tətbiq edilməsi. 3. Qərar əsasında icra vərəqəsi verilməklə qərarın məcburi icraya yönəldilməsi.
14. Göründüyü kimi, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2-1(112)-10367/2023 nömrəli qərarı icra edilməsi üçün borcluya göndərilmişdir. Borclu 24 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli 2-1(112)-10367/2023 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyası yenidən hesablanaraq 1891,31 manatdan 4574,26 manata artırılmış, həmçinin ona ötən dövr üzrə ödənilməli olan ümumilikdə 37475,55 manat fərq məbləği müəyyən edilmişdir. Həmin 37475,55 manat fərq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünməklə xx.xx.2024-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində hər ay 2498,37 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməklə sözügedən məhkəmə qərarının icrası tam başa çatdırılacaqdır.
15. Həmçinin borclu tərəfindən ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılmışdır. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün borclu tərəfindən ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə 28 iyun 2024-cü il tarixli məktub göndərilməklə 11 iyul 2024-cü il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir. Ərizəçi mülahizələrin dinlənilməsi üçün 08 iyul 2024-cü il tarixində Mərkəzi Filiala gəlmiş, lakin tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Daha sonra ərizəçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 2078,19 manat müəyyən edilmişdir.
16. Borclu tərəfindən onun əmək pensiyasının məhkəmə qərarına zidd olaraq yenidən hesablanmasını qanunsuz hesab edən tələbkar məhkəməyə müraciət edərək qərarın icrasının təmin edilməməsi səbəbindən borclunun cərimə edilməsini xahiş etmişdir.
17. İş materiallarından görünür ki, borclu tərəfindən tələbkarın əmək pensiyasının yenidən hesablanması Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2-1(112)-10367/2023 nömrəli qərarına uyğun olmamışdır. Belə ki, cavabdeh tərəfindən məhkəmə qərarının icrası çərçivəsində inzibati icraatın aparılması qanunvericiliklə nəzərdə tutulmamışdır. Əks təqdirdə qəbul edilmiş məhkəmə qərarı öz əhəmiyyətini itirmiş olur.
18. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi borclunun cərimə edilməsinə dair düzgün nəticəyə gəldiyindən cavabdehin (borclunun) apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10367/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən Günel Abbasova Hakimlər Aytən Oruczadə Cahangir Yusifov