Məhkəmə qərarları › İş №2-1(103)-94/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-94/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-94/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1059/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində inşaatçı mühəndis vəzifəsində çalışdığı illərin sığorta stajına daxil edilməsi və ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-1059/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)-2237/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1059/2019 saylı, xx.xx.2019cu il tarixli qərarının ləğv edilərək iddianın təmin olunmaması barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-394/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2237/2019 nömrəli iş üzrə 01 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1359/2020 nömrəli qərarı ilə apellyasiya şikayətinin rədd edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1059/2019 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)-303/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-1359/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərarda göstərilmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh məhkəməyə vəsatət təqdim etmiş və qeyd etmişdir ki, iddiaçıya məxsus 18646554 saylı əmək kitabçasına baxış keçirildikdə 15 və 16 nömrəli qeydlərdə qaralama və düzəlişlər olduğu görünür. Həmçinin, həmin qeydlərdə adıçəkilən Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi xx.xx.1995-ci il tarixində dövlət qeydiyyatına alınmasına baxmayaraq VÖEN-i olmadığından onun fəaliyyət göstərməsi, sosial ödənişlər ödəməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmasına dair edilmiş qeydlər şübhə altına düşür. Apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti təmin etməsə də, vəsatəti təmin etməkdən imtina etməsinə səbəb olan hüquqi əsasları qeyd etməmiş, bununla da hazırkı qərarın 27-29-cu bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və hazırkı qərarın 30-cu bəndində qeyd olunan normanın tələbləri baxımından inzibati iş əlavə sübutların araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi əmək kitabçasının 15 və 16 nömrəli qeydlərinin yoxlanılması ilə bağlı cavabdehin vəsatətinə baxmalı, bu məqsədlə əmək kitabçasının texniki ekspertizasını təyin etməli və Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin 1995-2005-ci illərdə fəaliyyətdə olub-olmaması ilə bağlı araşdırma apararaq ədalətli qərar qəbul etməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə və X2 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.1961-ci il tarixində anadan olmuşdur. ИТ-İ seriyalı ******* saylı əmək kitabçasına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, o cümlədən xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmışdır. Onun ümumilikdə 22 ildən çox ümumi iş stajı vardır. Ona ümumi xəstəlik səbəbindən xx.xx.2018-ci il tarixində ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli, **********7 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2005-ci ilədək olan dövrlərin düzgünlüyünü yoxlamaq mümkün olmadığından həmin dövrlər sığorta stajına daxil edilməyib və nəticədə nə tələb olunan iş stajı, nə də pensiya kapitalı yaranmadığından ərizəni təmin etmək mümkün deyildir. İddiaçı bildirir ki, cavabdeh şöbənin məsul şəxsləri ona qarşı qanunsuz hərəkətə yol verərək onun 1995-2005-ci illərdə əmək stajını pensiyasına əlavə etməmişlər. O əmək kitabçasını təqdim etsə də, cavabdeh şöbənin işçiləri qanun üzrə iddiaçının əmək stajını pensiyasına əlavə etməkdən imtina etmişlər. Cavabdeh iddiaya etiraz edir və etirazını iddiaçının pensiya təyin edilməsinə dair müraciətə imtinanın məzmununa uyğun olaraq əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyi əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində işlədiyi illər onun sığorta stajına aid edilə bilməz. Belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X3 Qeydiyyat İdarəsinin 01 may 2019-cu il tarixli **********948200 saylı məktubu ilə bildirmişdir ki, Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, lakin VÖEN-in alınması üçün vergi orqanına müraciət etməmişdir. Bundan əlavə hazırki apellyasiya baxışı zamanı müxtəlif dövlət orqanlarına sorğular verilmiş və həmin sorğulara cavab olaraq: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, uçotbaza məlumatlarına əsasən “Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin” qeydiyyatda olması barədə məlumat müəyyən edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan "16 nömrəli Təmir Tikinti İdarəsi” adlı hüquqi şəxsin vergi orqanında uçotda olması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinin 13 oktyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İdarədə olan reyestrdə Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 14 oktyabr 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunan məlumatlar əsasında aparılır. Müraciətdə qeyd olunan müəssisə barədə dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsinin 18 yanvar 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İdarədə olan reyestrdə “16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18 yanvar 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, müraciətdə qeyd olunan Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxivində məlumat aşkar edilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyə olunur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin 26 yanvar 2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, vergi ödəyicilərinin uçot-qeydiyyat məlumat bazasına əsasən Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin vergi ödəyicisi kimi qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının arxivində qeyd olunan xüsusatlara dair hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi adlı təşkilat fəaliyyət göstərmədiyindən sorğuda qeyd edilən məlumatların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Bundan əlavə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(102)- 303/2021 saylı qərarındakı göstərişlərə uyğun olaraq hazırki apellyasiya baxışı zamanı iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli 4/798 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən İddiaçı adına olan 10 may 1982-ci il tarixli əmək kitabçasının 10- 11-ci səhifələrindəki əlyazmalar və imzalar eyni şəxs tərəfindən icra olunmuşdur. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli 5/598-5/599 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş ИТ-İ № ******* nömrəli əmək kitabçasının 11-ci vərəqin 4-cü sütunun 3-cü sətrində olan “xx.xx.1995-ci” tarix gösrəriçisindəki “10” rəqəminin yerində əvvəlcə “16” rəqəmi olmuş sonradan üstdən düzəliş edilərək hal-hazırki rəqəmə dəyişdirilmişdir.Tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş ИТ-İ № ******* nömrəli əmək kitabçasının 10-11-ci vərəqlərində “xx.xx.2005” tarix göstəricilərindəki “2005” rəqəmlərində olan “5” rəqəmlərinin yerindəki rəqəmlər mexaniki üsulla intensiv pozulduğu üçün ilkin rəqəmi müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş ИТ-İ № ******* nömrəli əmək kitabçasının 10-11-ci vərəqlərində olan digər yazılarda hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s.) müəyyən edilmədi. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəbə görə qərardadda göstərilən “Əmək kitabçasının 10-11-ci vərəqlərində olan 15 nömrəli qeyd xx.xx.1995-ci il tarixdə, həmin tarixdən əvvəl və ya sonra aparılmışdırmı?”, “Əmək kitabçasının 10-11-ci vərəqlərində olan 16 nömrəli qeyd xx.xx.2005-ci il tarixdə, həmin tarixdən əvvəl və ya sonra aparılmışdırmı?”; “Əmək kitabçasının 10-11-ci vərəqlərində olan Bakı şəhəri 16 №-li Təmir-Tikinti İdarəsinə məxsus olan möhür hansı tarixdə vurulmuşdur?”; “Əmək kitabçasının 1-ci vərəqində qeyd edilmiş əmək kitabçasının doldurulması tarixi müəyyən edilsin” sualları üzrə tədqiqat aparılmadı. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsi xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmasına baxmayaraq, İdarənin fəaliyyət göstərməsi və sosial ödənişlər ödəməsi öz təsdiqini tapmadığından İddiaçı məxsus ИТ-İ seriyalı ******* saylı əmək kitabçasında iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 16 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsində çalışmasına dair edilmiş qeydlər şübhə altına düşür. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər sübut qismində qəbul edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1059/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar