Məhkəmə qərarları › İş №2-1(103)-94/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-94/2023

02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-94/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış yeri üzrə mənzil uçotuna götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması üçün inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1987-ci ilin may ayından 1988-ci ilin noyabr ayınadək əsgər kimi xidmət etmişdir. 1988-ci ilin dekabr ayından 1989-cu ilin may ayınadək praporşiklər (gizirlər) məktəbində oxumuşdur. Həmin məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra 1991-ci ilədək gizir rütbəsində Sovet Ordusunun tərkibində hərbi xidmətini davam etdirmişdir. Daha sonra Sovet Ordusu sıralarından tərxis edilərək 1991-ci ilin may ayından 1992-ci ilin dekabr ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində, gizir rütbəsində, 1992-ci ilin dekabr ayından 1995-ci ilin may ayınadək N saylı hərbi hissədə, gizir rütbəsində, stansiya rəisi vəzifəsində xidmətini davam etdirmişdir. Həqiqi hərbi xidmətdə olduğu müddətdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi və mənzillə təmin olunmamışdır, hazırda da onun mülkiyyətində torpaq sahəsi və mənzil yoxdur. Qarabağ müharibəsində hərbi xidmət vəzifələrinin icrası dövründə aldığı xəsarətə görə 2-ci qrup əlil olduğuna görə yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə ərizə ilə yaşayış yeri üzrə Bakı şəhəri Cavabdeh Başçısına müraciət etmiş, ünvanladığı ərizə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Cavabdeh tərəfindən alınsa da, həmin vaxtdan 50 gün keçməsinə baxmayaraq bu günədək onun ərizəsinə cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota götürülməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iddiaçının ailə üzvlərinə məxsus yaşayış sahəsinin olub-olmamasını araşdırmadan qərar qəbul etmişdir. Məhkəmə həmçinin qərarında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli evin 1016,4 kv.m torpaq sahəsində yerləşdiyini qeyd etsə də, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olmasına hüquqi qiymət verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştrak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 1161 nömrəli məktubundan görünür ki, İdarədə hərbi qeydiyyatda olan 1969-cu il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Keçmiş SSR Silahlı Qüvvələrində əsgər vəzifəsində həqiqi hərbi xidmət, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gizir heyətində həqiqi hərbi xidmət keçmişdir. 0682385 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.1991-ci ildə SSRİ MN-nın 247 nömrəli, xx.xx.1991-ci il tarixli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, xx.xx.1993-xx.xx.1994-cü ilə qədər N saylı hərbi hissənin tərkibində Ağdərə döyüşlərində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 197 saylı xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Bakı ş. Nizami RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar”, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komisiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş, ona “Baş beynin silkələnməsi. Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar. Dəqiqləşdirilməmiş ensefalopatiya. Posttravmatik ensefalopatiya tez-tez təkrarlanan qıcolma tutmalarla (ayda 7-8 dəfə). Fəqərə arteriyasının tıxanması və stenoxu. Vertebrobazilyar sistemdə. Xroniki QDÇ Durğunluq ürək çatmazlığı. QDÇ İİ dərəcə. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silah qəlpə yaralanmasından sonra başın alın nahiyəsinin tüklü hissəsində bir ədəd, başın təpə nahiyəsində bir ədəd, başın arxa ənsə nahiyəsində bir ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində bir ədəd, sol ayaq pəncəsinin üst səthində bir ədəd köhnə çapıq toxumalar. Stenokardiyanın digər formaları. ÜİX Gərginlik stenokardiyası f/s İİİ. [Durğunluq] ürək çatmazlığı ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi]. Hipertoniya xəstəliyi İİİ dərəcə, İV-risk” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, **********44 nömrəli və xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktublarında qeyd edilmişdir ki, mövcud arxiv materiallarına əsasən iddiaçının adına paylı mülkiyyət hüququ ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, 213 nömrəli fərdi yaşayış evinin 1 otağı qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin, iddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahələri aşkar edilmişdir. xx.xx.1999-cu il tarixli, 093053 nömrəli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, ev 213-də ümumi 1016,4 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 12,5 kv.metr olan bir otaqdan, köməkçi sahəsi 22.2 kv.metr-dən ibarət yaşayış evi satıcı Aleksandra Prokofyevna tərəfindən alıcı İddiaçı satılmışdır. Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil X4 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 123 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin 69 nömrəli mənzilində İddiaçı ilə birlikdə onun ailə üzvləri həyat yoldaşı X1, X7 və X9 qeydiyyatdadır. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 02/666 nömrəli məktubundan görünür ki, iddiaçının adına Nizami bələdiyyəsi tərəfindən topaq sahəsi ayrılmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnu müəyyən edir. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Normanın məzmunundan görünür ki, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1. 15 təqvim ili və daha çox xidmət etməsi; 2. yaşayış sahəsinin olmaması. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə 5-ci abzasına əsasən isə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İstinad olunan normada hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş edilmiş şəxsin növbədənkənar, birbaşa, həm də seçdikləri yaşayış yerində mənzil və ya torpaq sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuş, bu zaman onun qulluq illəri ilə bağlı hər hansı tələb müəyyən edilməmişdir İddiaçı 15 ildən az xidmətdə olsa da, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edildiyindən onun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 5-ci abzasına əsasən mənzil və ya torpaq sahəsi almaq hüququ yaranmışdır. Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunma səviyyəsini müəyyən edən yaşayış sahəsinin uçot normasıdır. Bu zaman təkçə vətəndaşın yox, onun ailə üzvlərinin də mülkiyyətində olan əmlakın sahəsi nəzərə alınır. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və yaşayış sahələrinin bölüşdürülməsi haqqında Nümunəvi qaydalar”ı qüvvədədir ki, həmin Qaydaların 26-cı hissəsinə əsasən yaşayış sahəsi vətəndaşlara, bir qayda olaraq, bir ailə üçün ayrıca mənzil şəklində, Azərbaycan SSR Mənzil Məcəlləsinin müəyyən etdiyi mənzil sahəsi norması həddində, lakin hər adama 8 kvadratmetrdən az olmamaqla verilir. Bakı şəhər X6 8 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 8-ci hissəsinə əsasən Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olub-olmadığından asılı olmayaraq aşağıdakılar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər: a) Bakı şəhərində nə qədər yaşamasından və şəhərdə pasport qeydiyyatı olubolmadığından asılı olmayaraq müddətindən artıq qulluq edən hərbi qulluqçular, praporşiklər, miçmanlar və SSRİ Silahlı Qüvvələrinin, SSRİ Daxili işlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsi qoşunlarının zabit heyətindən olan, ehtiyata buraxılan, yaxud səhhətinə, yaşına və ya ştatların ixtisar edilməsinə görə istefaya buraxılıb Bakı şəhərinə gələn və mənzil sahəsi olmayan vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılması üçün uçota götürülürlər. Qeyd edilməlidir ki, iddiaçının özü də daxil olmaqla 4 nəfər ailə üzvü olduğundan aydın olur ki, onlar üçün uçot norması ən azı 32 kv.metr təşkil edir. İşdən isə müəyyən olunur ki, iddiaçıya məxsus yaşayış evinin yaşayış sahəsi cəmi 12,5 kv.metrdir. İddiaçının adına ümumi birgə mülkiyyət hüququ ilə qeydə alınmış Kürdəmir rayonu, Mollakənd kəndində yerləşən 2,51 ha kənd təsərrüfatı, 0,20 ha həyətyanı torpaq sahəsinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MM-nin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini 2001-ci il yanvarın 1-dək verilmiş torpaq sahələrinə münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, dövlət ehtiyat fondu torpaqlarında çoxmənzilli binaların tikintisinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir) və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Göründüyü kimi, şəxsin uçotdan çıxarılması üçün ona kənd təsərrüfatı təyinatlı deyil, yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verilməlidir. İddiaçının paylı mülkiyyətində olan 0,20 ha həyətyanı torpaq sahəsinə gəldikdə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-152A Kod 90613018 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhdətnamə üzrə torpaq sahəsi X3 verilmiş, iddiaçının adı isə ailə üzvü kimi qeyd olunmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edildiyindən, iddiaçı uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan şəxs olduğundan, onun yaşayış sahəsinə ehtiyacı olan şəxslərin dairəsinə aid edilmək hüququ olmuşdur. Apellyasiya baxışı zamanı Bakı Şəhər Mənzil-Komunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil X4 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 4 saylı evin 69 nömrəli mənzilində İddiaçı ilə birlikdə onun ailə üzvləri həyat yoldaşı X1, X9, X7, oğlunun həyat yoldaşı X8, nəvəsi X11 qeydiyyatdadır. Bundan başqa, apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 25 yanvar 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı qeydiyyatda olduğu B.Nuriyev küçəsi 4 saylı evin 69 saylı mənzilinin ümumi sahəsi 60.60 kv.m olsa da, yaşayış sahəsi 43.62 kv.metrdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddia tələbinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli, 2-1(112)-6768/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar