Məhkəmə qərarları › İş №2-1(103)-94/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-94/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-94/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X7 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-478/2024 saylı 06 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “AzərNeftMaş”-da tornaçı işləmiş İddiaçı adına 1991-ci ildə doldurulmuş və Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti “Azneft” İB-nin NQÇİ-nin “Şabandağ” bağçılıqbostançılıq kollektivinin möhürü ilə təsdiq olumuş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, o, bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1990-cı il tarixli, 10 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və ona 07 avqust 1991-ci il tarixli qərara əsasən Lökbatan - Xocəsən yolunun qərbi, Şabandağ bağçılıq-yoldaşlıq cəmiyyətinin ərazisində yerləşən ümumi sahəsi 600 kv. metr olan 61 №-li bağ-torpaq sahəsi ayrılmışdır. İddiaçı yuxarıda qeyd olunan sənədlərə əsasən adı çəkilən bağ sahəsinə adına çıxarışın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun tələbi sonuncu tərəfindən təmin olunmamışdır. Belə ki, cavabdeh qurumun **********88 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan başqa elektron kadastr məlumatına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmiş, həmçinin həmin əraziyə digər fiziki şəxslərin müraciətləri mövcuddur. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçıya ayrılmış 61 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür və ona Şabandağ sahəsində sahəsi 600 kv. metr olan 61 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X6 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft- Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu LökbatanHacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. “Bağçının üzvlük kitabçası”na əsasən iddiaçı 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 600 kv. metr olən 61 saylı bağ sahəsi verilmişdir. 15 iyul 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmişdir. Cavabdeh orqan 09 sentyabr 2022-ci il tarixli **********88 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edib, imtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə digər hüquqi şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və 61 saylı bağın ərazisinə başqa fiziki şəxslərin müraciətinin olması göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №-li Sərəncamı ilə X10 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocəsən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X10 adına X11 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunub. İddiaçı qeyd edilmiş torpaq sahəsi üzərində istifadə hüququnu X10 həmin torpaq sahəsi üzərində daimi İstifadə hüququ əldə etməsindən 14 il əvvəl - xx.xx.1991-ci ildə əldə edib. Bağçılıqyoldaşlığın 35 (24) nəfərlik siyahısında sıra sayı ilə 3-cü yerdə, 72 nəfərlik siyahıda 57-ci yerdə, bağçılıq yoldaşlığın hazırkı sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda isə sıra sayı yerdə onun adına 63-cü yerdə rast gəlmək olar. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, darədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından bağ sahəsini sənəd üzrə yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilən ümumi ərazidə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X10 adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Bundan başqa, iddiaçı tərəfindən İdarəyə təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş protokoldan çıxarışda İddiaçı “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona 62 saylı bağ sahəsinin ayrıldığı qeyd edilsə də, bağçılığın üzvlük kitabçasında iddiaçının bağçılıq cəmiyyətinin üzvlərinin xx.xx.1991-ci il tarixli, 11/546 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilməsi qeyd edilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********88 nömrəli cavab məktubu ünvanlanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-478/2024 saylı 06 fevral 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq iddiaçı iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçıya ayrılmış 61 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınaraq, həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adının aşkar edilməməsi, elektron kadastr məlumatına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü”nün (kadastr planı) verilməməsi və həmin əraziyə digər fiziki şəxslərin müraciətləri mövcudluğu” əsasları ilə tələbinin təmin edilməsindən imtina etmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7.2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdə iddiaçı iddia tələbinin əsası kimi Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti “Azneft” İB-nin NQÇİ-nin “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin möhürü ilə təsdiq olumuş üzvlük kitabçasına istinad edir və bildirir ki, o, bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1990-cı il tarixli, 10 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul olunub və ona 07 avqust 1991-ci il tarixli qərara əsasən Lökbatan - Xocəsən yolunun qərbi, Şabandağ bağçılıq-yoldaşlıq cəmiyyətinin ərazisində yerləşən ümumi sahəsi 600 kv. metr olan 61 №-li bağ-torpaq sahəsi ayrıldığından onun həmin torpaq sahəsini özəlləşdirmək hüququ vardır. İş üzrə birinci instansiya məhkəməsinin müvafiq sorğularına əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********38 saylı məktubu ilə məhkəməyə “Qaradağneft” NQÇİ bağçılıq yoldaşlığı üzvlərinin siyahısı, Bakı şəhəri X6 İcraiyyə Komitəsinin ““Qaradağneft” NQÇİ-nin 50 nəfərdən ibarət bağçılıq-yoldaşlığının yaradılması haqqında” xx.xx.1986-cı il tarixli 13/868 №li qərarı, ayrıc aktları, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ümumi əraziyə dair X10 adına tərtib olunmuş və X11 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” təqdim olunmuşdur. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş “Azneft” İB Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsi “Şabandağ” bağçılıq-bostançılıq kollektivi “26 Bakı Komissarı” adına NQÇİ-nin və Həmkarlar İttifaqı Komitəsinin 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışdan görünür ki, Həsənov X3 bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvüdür və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının 05 mart 1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən ona Şabandağ sahəsində “Şabandağ” bağçılıqbostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 600 kv. metr olmaqla 61 saylı bağ sahəsi ayrılmışdır. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli **********92 saylı sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, 26 Bakı Komissarı adına Neftqazçıxarma İdarəsinin, eləcə də “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına neft və qaz çıxarma idarəsinin Şabandağ bağçılıq-bostançılıq kollektivi üzvlərinin siyahısı İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2023-cü il tarixli, 3- 48-2F/2-01465/2023 №-li məktubu ilə məhkəmə təqdim edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) xx.xx.1991-ci il tarixli, 11/546 saylı qərarının təsdiq edilmiş arxiv çıxarışını surətindən müəyyən olunur ki, 26 Bakı komissarları adına Neft-qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. İş üzrə birinci instansiya məhkəməsi qərarında qeyd etmişdi ki, “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı yoxdur, belə ki, həmin siyahı həm cavabdeh tərəfindən təqdim edilməmiş (“Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir), həm də arxivdə aşkar edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən təqdim edilmiş siyahı digər təsərrüfata aid olmaqla, hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, məhkəmə üzvlərin siyahısına dair arxivdə məlumatlarının aşkar edilməməsinin iddiaçının təqsiri olmamasını, hüquqmüəyyənedici sənədlər əsasında hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olduğunu diqqətə çatdıraraq qeyd etmişdi ki, hazırkı halda həm cavabdeh və iddiaçı tərəfindən kollektivin üzvlərinin siyahısının təqdim edilməməsi, həm də məhkəmə araşdırması ilə kollektiv üzvlərinin siyahısının aşkar edilməməsi halı iddiaçının xeyrinə o halda şərh edilə bilərdi ki, iddiaçıya məxsus üzvlük kitabçası və ya torpaq sahəsinin iddiaçıya ayrılması barədə iclas protokolunun həqiqiliyi şübhədənkənar olsun və mötəbərliliyi müəyyən edilsin. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi təqdim etdiyi üzvlük kitabçası kserosurtədir (əsli və ya notarial təsdiqli surəti təqdim edilməmişdir), həmçinin, kitabçanın özü kiril qrafikalı olsa da, ora daxil edilən məlumatlar latın qrafikalıdır. Bundan əlavə, kitabçanın ilk səhifəsində iddiaçının 1991-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edildiyi qeyd olunsa də, sonrakı səhifədə xx.xx.1990-cı il tarixli 10 saylı iclas protokoluna əsasən üzv qəbul edildiyi qeyd olunmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsi qeyd etmişdi ki, sözügedən xx.xx.1990-cı il tarixli 10 saylı iclas protokolundan çıxarış iş materiallarında olsa da, həmin protokol da kserosurətdir, əsli təqdim edilməmişdir və protokoldan çıxarışın hansı əsasla verildiyi bəlli deyildir (belə ki, protokolun özünün mövcudluğu müəyyən edilməmişdir). Həmçinin, sözügedən protokolun məzmununda bağçılıq təsərrüfatının üzvü olan iddiaçıya 600 kv. m. torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. Halbuki, hələ Bakı şəhər XDS İKnin xx.xx.1991-ci il tarixli, 11/546 saylı qərarı ilə 26 Bakı komissarları adına Neftqazçıxarma idarəsinin xahişi nəzərə alınaraq, Qaradağ rayonu, Lök-Batan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıq bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Başqa sözlə, iclas protokolu ilə ayrılmış sahə hələ 1 ildən də artıq müddət keçdikdən sonra təsərrüfata verilmişdir. Bir daha vurğulanmışdı ki, iddiaçıya dair sənədlər (həm üzvlük kitabçası, həm sözügedən protokol və üzvlərin siyahısı) arxivdə, həmçinin 26 Bakı komissarları adına Neft-qazçıxarma idarəsinin varisi olan Ə.C.Əmirov adına Neftçıxarma idarəsində və digər müvafiq qurumlarda aşkar edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdi ki, iddiaçının hüquqmüəyyənedici sənədləri mötəbər olmadığından, onun digər kollektiv üzvləri ilə bağlı məhkəmə mübahisələrinin nəticələrinə istinadən hüquqlarının qeydə alınması ilə bağlı istinad olunan dəlili əsaslı hesab edilə bilməz və bu vəziyyətdə iddiaçıya münasibətdə bərabərlik hüququnun pozuntusuna yol verilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçının bağ sahəsinin ayrıldığı 1991-ci ildən indiyə kimi həmin torpaq sahəsindən istifadə etməsi, bunun üçün kommunal ödənişlər ödəməsi və həmin ərazidə fərdi evinin mövcudluğu ilə bağlı dəlilləri də hüquqların qeydə alınmasına əsas deyildir. Buna görə də məhkəmə hesab etmişdi ki, Şabandağ” bağçılıq yoldaşlığının üzvlərinin siyahısında şəxsin adının aşkar edilməməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən şəxsin bağ sahəsi üzərində hüquqlarının qeydiyyatından imtina üçün əsasdır. Həmçinin məhkəmə araşdırmaları zamanı məlum olmuşdu ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamına əsasən X10 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilmişdir. Hazırki işdə iddiaçı olan İddiaçı və qeyriləri cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti başçısının 16 dekabr 2005-ci il tarixli 330 saylı və 02 iyun 2006-cı il tarixli 142 saylı sərəncamlarının ləğv edilməsi” ilə bağlı məhkəməyə müraciət etsələr də, onların iddiaları Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-3096/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə, sonuncu isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-841/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, aparılan araşdırmalar nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının hazırda iddia etdiyi bağ sahəsi sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X13 ayrılmış sahə ilə üst-üstə düşdüyündən və X13 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər hazırda qüvvədə olduğundan, ləğv edilmədiyindən, geri çağırılmadığından iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İş üzrə iddiaçı hazırki vəziyyətdə tələb etdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-478/2024 saylı 06 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar