Məhkəmə qərarları › İş №2-1(103)-941/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-941/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-941/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin iddiaçıya ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq 2022-ci ilin fevral ayından azaldılmış əmək pensiyasının əvvəlki məbləğdə - 529 manat məbləğində ödənilməsinin bərpa olunması və əmək pensiyanın 308 manata endirildiyi gündən bu günə qədər azaldılan məbləğin ödənilməyən hissələrinin iddiaçıya ödənilməsi ilə bağlı cavabdehin üzərinə qoyulması barədə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1969-cu ilin sentyabr ayından 1972-ci ilin sentyabr ayına qədər Şamxor rayon Partiya Komitəsində kargüzar vəzifəsində, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilə qədər Şamxor rayon (hazırkı Şəmkir) Komsomol Komitəsinin uçot və maliyyə bölməsinin müdiri, xx.xx.1973-cü ildən xx.xx.1978-ci ilə qədər Şamxor rayon İcraiyyə Komitəsinin ümumi şöbəsinin müdiri, 1978ci ilin iyun ayından 1984cü ilin aprel ayına qədər Şamxor şəhər sovetində katib vəzifəsində işləmişdir. Ona 13 il 9 ay müddətində dövlət qulluğunda əmək stajı hesablanmışdır. Qanunvericiliyin tələblərinə əsasən əmək pensiyası hesablanarkən Şamxor rayon İcraiyyə Komitəsindəki şöbə müdiri, yəni əvvəlki vəzifədə işləyərkən aldığı əmək haqqı nəzərə alınmalı idi. Lakin əmək pensiyası təyin olunarkən seçkili orqana keçirilməyi zamanı axırıncı iş yeri nəzərə alınmışdır. Əmək pensiyası isə 15 il stajı tamam olmadığı üçün 70 faizlə hesablanmışdır. İddiaçı əmək pensiyasının yenidən düzgün hesablanaraq artırılması tələbi ilə 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdikdən sonra 2022-ci ilin fevral ayından onun əmək pensiyası 529 manatdan 308 manata azaldılmışdır. Halbuki, 2014-cü ildə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsininə müraciət edərək Şamxor (hazırki Şəmkir) Komsomol Komitəsində uçot və maliyyə bölməsinin müdiri, İcraiyyə Komitəsində ümumi şöbəsinin müdiri Şamxor şəhər sovetində katib vəzifələrində işlədiyi dövrlərdə dövlət qulluqçusu kimi iş stajına hesablanmış və mükafat və müavinətin pensiya hesablayarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə 2014-cü ilin 24 dekabr tarixində 2-1(81)-5447/2014 saylı qərar ilə iddianı təmin etmişdir. DSMF-nin Nəsimi rayon şöbəsi məhkəmə qərarını aldıqdan sonra qərarda göstərilən 30 gün müddətində apelyasiya şikayəti vermədiyinə görə qərar qüvvəsində qalmış, hüquqlarını bərpa etmişdir. DSMF-nun Nəsimi rayon şöbəsi qərarı icra edərkən xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək Komsomol Komitəsində işlədiyi dövrdə dövlət qulluğu kimi iş stajına daxil etmədən 13 il 9 ay iş stajını nəzərə alaraq pensiyasını yenidən hesablamışdırlar. xx.xx.2019-cu il iddiaçı yenidən həmin dövrü iş stajına hesablanması üçün DSMF-nin rayon şöbəsinə müraciət etmiş və bildirmişdir ki, məhkəmə qərar çıxararkən iddianı tam təmin etmişdir. Şöbə xx.xx.2019-cu il **********4 №li cavab məktubunda Komsomol Komitəsində işlədiyi dövlərin dövlət qulluğu vəzifəsinə uyğun olmadığı üçün hesablamadıqlarını bildirmişdir. İddiaçı razılaşaraq pensiyanı almağa davam etmişdir. 17 yanvar 2022-ci ildə pensiyası hesablanarkən ildə vəzifə maaşının 3 misli qədər mükafat və məzuniyyətə çıxarkən ödənilən müavinətin sonrakı illərədək artımlar nəzərə alınmadığı üçün cavabdehə müraciət etmişdir. Müraciətində göstərdiklərini araşdırmadan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu bilərəkdən qərəzli şəkildə təhrif edərək, 1 saylı Bakı İnzibati İqtisadi Mərkəzinin qərarına əhəmiyyət vermədən, 13 il 9 ay (Komsomol komitəsində işlədiyi dövrü nəzərə alsaq 14 il 6 ay) iş stajı nəzərə almadan, 7 il 11 ay 17 gün iş stajı hesablayaraq pensiyanı azaltmışdırlar. İddiaçının 14 il 6 ay iş stajını nəzərə aldıqda hal-hazırda pensiyasının məbləği 700 manatdan çox olmalıdır. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Fondun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya 1 yanvar 2007-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən çoxuşaqlı ana kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənilməli olduğu halda, sözügedən Qanunun 7-ci maddəsinə nəzərdə tutulmuş yaş həddinə çatmadığı halda (həmin tarixdə 57 yaş) 1 yanvar 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Nəticədə ona xx.xx.200705.06.2009-cu il tarixləri arasındakı dövr üçün ümumilikdə 2344,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 4619,50 manat pul vəsaiti müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2275,50 manat məbləğində artıq pul vəsaiti ödənilib. Belə ki, 6 iyun 2009-cu il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 213,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 21,30 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 71,00 manat olmaqla orta aylıq əmək haqqı 305,30 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (305,30 manat) 47 faizi-143,49 manat məbləğində hesablanmalı olduğu halda, 228,62 manat məbləğində müəyyən edilməklə xx.xx.2009xx.xx.2013-cü il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 4582,83 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 335,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 33,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 111,67 manat olmaqla orta aylıq əmək haqqı 480,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinin 1 iyul 2017cil tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 7 il 11 ay 17 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (480,17 manat) 47 faizi-225,68 manat məbləğində hesablanmalı olduğu halda, 370,30 manat məbləğində müəyyən edilməklə xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 7375,82 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1- ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 370,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavə 37,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 123,33 manat olmaqla orta aylıq əmək haqqı 530,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqı (480,17 manat) ilə 1 mart 2018ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (530,33 manat) arasındakı fərq məbləğinin (50,16 manat) 26,39 faizi-13,24 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (225,68 manat) üzərinə əlavə olunmaqla 238,92 manat hesablanmalı olduğu halda, 395,11 manat məbləğində müəyyən edilməklə xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 2811,42 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 555,00 manat, qulluq stajına görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 55,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 185,00 manat olmaqla orta aylıq əmək haqqı 795,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (530,33 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (795,50 manat) arasındakı fərq məbləğinin (265,17 manat) 26,39 faizi-69,98 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (238,92 manat) üzərinə əlavə olunmaqla 308,90 manat məbləğində hesablanmalı olduğu halda, 529,14 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 6386,96 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23432,33 manat artıq pul vəsaiti ödənilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin fevral ayından etibarən əmək pensiyası 308,90 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa cari ilin 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-30,89 manat məbləğində maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2008-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23432,33 manat artıq pul vəsaiti ödənilib. Həmin 23432,33 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktında olan yazı və hesab səhvlərini düzəldə bilər. Hazırda iddiaçıya pensiya təyin edilmə haqqında qərarda yazı və hesab səhvinin düzəldilməsi barədə aktın mövcud olması müəyyən edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsini qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, heç bir inzibati icraat aparılmamışdır, sadəcə olaraq iddiaçının ünvanına məktub göndərilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçıya yaşa görə əmək pensiyası çoxuşaqlı ana kimi 51 yaşından xx.xx.2003-cü ildə təyin edilmiş, cavabdehin 25 sentyabr 2019-cu il tarixli sərəncamı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5447/2014 saylı xx.xx.2014-cü il tarixli qərarı əsasında, iddiaçı dövlət qulluğunda əmək stajına malik olduğu üçün, onun əmək pensiyasının məbləği yenidən hesablanaraq, xx.xx.2019-cu il tarixdən 529,14 manat məbləğində müəyyən edilmiş və 2022-ci ilin fevral ayınadək ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun: - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 8.1-ci maddəsinin 27 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; - 20.1.7-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);20.111. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. - 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.-ci il bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda; 6.1.3. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə münasibətdə əməkhaqqı, dövlət məvacibi və təminat xərcliyi artdıqda; 6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə; 6.1.5. Qanunun 29.2-ci maddəsində nəzərdə tutulmuş hallarda; 6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırki işdə pensiyanın dayandırılmasından öncə, cavabdeh tərəfindən təqdim olunan iddiaçının pensiya işinə dair sənədlərdə cari ilin pensiya məbləğinin yenidən hesablanması nəticəsində azaldılmasına dair inzibati akt (qərar) aşkar olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaçının xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi- iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktın icrasının dayandırılmış, bu barədə iddiaçıya yalnız onun müraciətindən sonra məktubla məlumat verməklə kifayətlənərək, artıq ödənildiyini iddia etdiyi pul vəsaitinin geri qaytarılmasını tələb etmiş, bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh pensiya ödənişinin azaldılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Göründüyü kimi qanunverici pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılmasına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasının azaldılmasını və ondan tutmaların aparılacağını inkar etməmiş, həmin tutmaların aparılacağının qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə qərarın ləğv edilməsi, geri çağrılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur (64.3). Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7064/2022 saylı, 01 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar