Məhkəmə qərarları › İş №2-1(103)-941/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-941/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-941/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinə qarşı “üçüncü şəxslərin ( X5, X4, X6, X7 və X1) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14480/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5, X4, X6, X7 və X1 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdurlar. İddianın əsaslarına görə Bakı şəhəri Nərimanov rayon İcra Hakmiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsərrüfat Birliyi 55 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 55/1127 saylı arayışından da göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun müddətdir iddiaçının sahibliyindədir. Evin keçmiş sahibləri xx.xx.2002-ci il tarixində evi üçüncü şəxslərin razılığı ilə alqı-satqı müqaviləsi əsasında mərhum həyat yoldaşına satsa da, onlar hələ də ona məxsus fərdi yaşayış evində pasport qeydiyyatındadırlar. İddiaçı onların evdən pasport qeydiyyatından çıxarılması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə qeydiyyatda olan şəxslərin məhkəmənin qanuni minmiş qərarı və s. sənəd təqdim edilməsi tələb olunduğunu bildirərək imtina edilmişdir. Üçüncü şəxs Ü.Ş.Quliyevin nümayəndəsi vasitəsilə iddia ərizəsinə etiraz verərək, evin babası X2 tərəfindən tikildiyini və onun ailəsinin sahibliyində və istifadəsində olduğunu, 2002-ci il tarixində iddiaçının ailəsinə kirayəyə verildiyini, lakin sonuncular 5 ay kirayə pulunu ödədikdən sonra məcburi köçkün olduğlarına görə heç bir kirayə ödənişi vermiyəcəklərini və evdən çıxmayacaqlarını bildirdiyini qeyd edərək, iddianı əsassız hesab etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14480/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad hakimin kobud qanun pozuntusu ilə qərar qəbul etməsinin nəticəsidir. Belə ki, məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir, ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Lakin məhkəmə bu qənaətə gələrkən, iddiaçı tərəfindən həmin fərdi yaşayış evinə olan subyektiv hüquqlarını təsdiq edən sübutları (alqı-satqı müqaviləsi və digərləri) dəyərləndirməmiş və kobud qanun pozuntusuna yol vermişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsindən göründüyü kimi, İddiaçı satılmışdır. Həmin vaxtdan etibarən iddiaçı həmin fərdi yaşayış evinə faktiki sahiblik edərək orada yaşayır və həmin evin kommunal ödənişləri də iddiaçı tərəfindən həyata keçirilir. Onun həmin fərdi yaşayış evinə əsaslı gözləntisi vardır. Faktiki sahibliyində olan həmin evdə qeydiyyata alınan digər üçüncü şəxslər isə qanunsuz şəkildə həmin yaşayış evində qeydiyyata alınmışdır. Məhkəmə həmin şəxslərin evdə qeydiyyata alınmalarına dair sənədlərin (qeydiyyat kartlarının) verilməsinə əsas olmuş alt sənədləri və hüquqmüəyyənedici halları araşdırmadan, yalnız üçüncü şəxslərin şifahi mülahizələrinə əsasən qərar qəbul edərək iddianı mümkün saymamış və kobud qanun pozuntusuna yol vermişdir. AR Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə bir başa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyidirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Şərh olunanlara əsasən məhkəmə tərəfindən mübahisəyə oxşar, yəni mülkiyyətçi ilə yaranan münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq olunmalıdır. AR Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddəti çərçivəsində qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2002-ci il tarixində üçüncü şəxslərin razılığı ilə alqı-satqı müqaviləsi əsasında mərhum həyat yoldaşına satıldığını və uzun müddət orada yaşadığını iddia edərək, qanunun analogiyası tətbiq olunmaqla, evdə yaşamayan, lakin qeydiyyatda olan evin keçmiş sakinləri, üçüncü şəxslərin, qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. İşin mübahisələndirilməyən halıdır ki, fərdi yaşayış evinin tikintisi üçün nə qanunvericiliyə uyğun qaydada torpaq ayrılmış, nə də ki, tikinti normalarına uyğun qaydada tikinti işləri aparılmışdır. Başqa sözlə, ev özbaşına tikilidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2023-cü il tarixli cavab məktubundan da görünür ki, ünvan 4 ünvanında yerləşən mübahisəli evin dövlət reyestrində qeydiyyata alınmasına dair bağlı məlumat aşkar edilməmişdir. Digər tərəfdən, ümumiyyətlə, Daxili İşlər Nazirliyinin işə əlavə olunmuş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2023- cü il tarixli arayışından görünür ki, iddiaçının pasport qeydiyyatı mübahisəli evə deyil, başqa (ünvan 5 ünvanadır (Həmin nazirliyin və xx.xx.2023- cü il tarixli, yi 55 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli 55/1214 saylı arayışlarına əsasən evdə qydiyyatda olan şəxslər üçüncü şəxslərdir). Beləliklə də, iddiaçının üçüncü şəxslərin həmin evdən qeydiyyatdan çıxarılmalarını tələb etməkdə subyektiv hüququnun mövcudluğu müəyyən olunmur. Torpaqayırma sənədi və dövlət reyestrində müvafiq qeydiyyatı olmayan həmin özbaşına tikilinin iddiaçının babası tərəfindən müqavilə əsasında üçüncü şəxsin ailəsindən satın alındığına və evdə faktiki olaraq yaşamaqla kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsinə gəldikdə isə üçüncü şəxsin (nümayəndəsinin) məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair qeyd olunan etirazından göründüyü kimi, iddiaçı ilə aralarında evlə bağlı mülki mübahisə mövcuddur. Belə ki, üçüncü şəxs mübahisələndirir ki, vaxtilə həmin ev kirayəyə verilmiş, lakin 5 ay kirayə pulu verildikdən sonra iddiaçının ailəsi məcburi köçkün olduqlarını bildirərək, kirayə haqqını ödəməkdən imtina etmişdir. Ən azından, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış sahəsinə köçmək, 9-cu maddəsindəisə ondan çıxarılmasına əsas olan sənədlər konkret olaraq sadalanmışdır. Belə sənədlər sırasından isə mübahisəli ünvana dair hər hansı mövcud olmadığı halda iddiaçının üçüncü şəxslərin həmin evdən qediyyatdan çıxarılmalarını tələb etməkdə subyektiv hüquqa malik ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə də, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının üçüncü şəxslərin mübahisəli evdən qeydiyyatdan çıxarılmaları barədə hazırkı iddiası İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı ilə onun iddia tələbinin mümkün sayılmaması İPM-in 35.3-cü maddəsinin tələbinə uyğun olmuşdur. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin kobud qanun pozuntusu ilə əsassız qərardad qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14480/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14480/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar