Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-941/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “adın və soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 1555/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin üzərinə soyadının “Pirizadə”dən “Məmmədrzayeva”ya və adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı soyadının “Pirizadə”dən “Məmmədrzayeva”ya və adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Onun ilk adı “Aynurə”, soyadı isə “Məmmədrzayeva” olmuşdur. X9 ilə ailə qurduqdan bir müddət sonra o, ərinin soyadı olan Piriyevanı qəbul etmək, həmçinin adını “Aynurə”dən “Aynur”a dəyişdirmək qərarına gəlmişdir. Bu məqsədlə o, 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş və buna görə də onun soyadı “Məmmədrzayeva”dan “Piriyeva”ya, adı isə “Aynurə”dən “Aynur”a dəyişdirilmişdir. Bununla bağlı ona 11 oktyabr 2016-cı il tarixli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. Lakin hal-hazırda o, əvəlləki soyadına və adına qayıtmaq istəyir. Bunun üçün o, soyadının “Pirizadə”dən “Məmmədrzayeva”ya, adının isə “Aynur”dan “Aynurə”yə dəyişdirilməsi barədə Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-xx-xx/2023 nömərli, 17 may 2023-cü il tarixli və 3-16-5/7-15-1-16/23 saylı, 21 iyun 2023-cü il tarixli məktublarda qeyd edilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən soyadının “Pirizadə”dən “Məmmədrzayeva”ya və adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsi mümkün olmamışdır. Cavabdehin sözügedən məktubu onun qanunla nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) e-2-1(112)-1555/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı soyadının “Pirizadə”dən “Məmmədrzayeva”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddiaçının iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin üzərinə soyadının “Pirizadə”dən “Məmmədrzayeva”ya və adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsinə dair müraciəti ilə bağlı inzibati icaat üzrə zəruri araşdırmanın aparılması və müvafqi inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin təmin edilərək, İddiaçı soyadının “Pirizadədə”dən “Məmmədrzayeva”ya dəyişdirilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə iddia ərizəsinin təmin edilməyən hissəsinə münasibətdə səhv nəticəyə gəlmişdir. Belə ki, qanunla iddiaçının adını dəyişdirmək hüququnu heç bir əsaslandırma aparmadan, öz şəxsi mülahizələri ilə kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Lakin məhkəmə tərəfindən həmin maddənin tələbləri pozulmuşdur. Belə ki, iddiaçının adının dəyişdirilməsi təmin edilməməklə onun Aynurə adında ada malik hüququ kobud şəkildə pozulmuşdur. Mülki Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Lakin məhkəmə tərəfindən həmin maddənin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı qeyd edilən maddədə ona verilmiş hüquqdan istifadə edərək öz adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsini istəmiş, lakin məhkəmə onun adını dəyişdirmək hüququnu kobud şəkildə pozaraq iddiasını təmin etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin maddənin tələbləri də məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, iddiaçı 18 yaşına çatmış, ailəli, ali təhsilli şəxsdir. Həmçinin onun ilk adı məhz “Aynurə” olmuşdur. Onu hamı “Aynurə” kimi tanımışdır. Adını “Aynurə”dən “Aynur”a dəyişdirməsinə baxmayaraq, onu hamı “Aynurə” kimi çağırmışdır. Heç kim ona “Aynur” deyə müraciət etməmişdir. Rəsmi tədbirlərdə isə ona “Aynur” deyə müraciət ediləndə reaksiya vermir. Çünki hələ də özünü “Aynurə” kimi tanıyır və məhz həmin adla ona müraciət edəndə cavab verə bilir. Buna görə də o, adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsini istəmiş, lakin məhkəmə onun bu istəyini təmin etməmişdir. Bununla da kobud qanun pozuntusuna yol verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələbləri də məhkəmə tərəfindən kobub şəkildə pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən Qaydaların 6.3-cü maddəsinə istinad edilməklə qeyd edilmişdir ki, Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadının növbəti dəfə dəyişdirilməsinə (ər-arvaddan birinin digərinin soyadını qəbul etməsi və nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir ki, normativ hüquqi akt bu şəkildə dəyişikliklərin aparılması imkanının dəqiq dairəsini müəyyən edir. Göstərilən normaları qarşılıqlı şəkildə şərh edən məhkəmə qeyd edir ki, iddiaçının adının dəyişdirilməsinə əsas verən hallar sadalanan normaların tətbiqi baxımından müəyyən edilmir. Qayadaların 6.24-6.28-ci maddəsinə diqqət yetirdikdə şəxsin adının növbəti dəyişdirilməsinə heç bir məhdudiyyətin qoyulmadığı müəyyən olunur.Yəni həmin Qaydalardə şəxsin adının növbəti dəyişdirilməsinə heç bir məhdudiyyətin qoyulmaması öz təsdiqini tapır. Lakin qeyd edilən Qaydaların tələbləri məhkəmə tərəfindən yanlış anlaşılmışdır. İşə baxan birinci insitansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3cü bəndinə istinad edərək iddiaçın adının “Aynur”dan “Aynurə”yə dəyişdirilməsi hissəsində onun iddiasını təmin etməmişdir. Bununla da məhkəmə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndinə istinad edərək iddianı təmin etməmək nəticəsinə gəlməmişdən əvvəl Mülki Məcəllənin 26.4-cü maddəsi ilə Qaydalar arasında olan ziddiyyətə «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 2.5-ci maddəsinin tələbləri baxımından yanaşmalı və Mülki Məcəllənin 26.4-cü maddəsinin tələbini üstün tutmalı idi. Çünki Mülki Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Məhkəmə qərar çıxararkən Mülki Məcəllənin 26.4-cü maddəsinə istinad etməklə iddiaçının iddia ərizəsini tam təmin etməli idi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının qismən - iddianın təmin edilməyən hissəsində ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli imtina məktubda qeyd edilir: xx.xx.2016-cı il tarixdə 79 nömrəli akt qeydi ilə 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində soyadınız “Məmmədrzayeva’’dan “Piriyeva”ya və adınız “Aynurə”dən “Aynur”a dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etnəsi yə ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göstərilənlərə bağlı, qanunvericiliyin tələblərinə əsasən soyadınzıın “Pirizadə”dən “Məmmədrzayeva”ya və adınızın “Aynur”dan “Aynurə”yə dəyişdirilməsi mümkün olmamışdır. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZ-İİİ seriyalı 751754 nömrəli doğum haqqında şəhadətnamənin (təkrar) notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.1980-ci ildə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə doğulmuşdur. İş materiallarında olan Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZ-İİ seriyalı 160621 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X5 xx.xx.2007-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2007ci il tarixdə 1725 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Piriyev, arvada Pirizadə soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş AZ-İ seriyalı 017610 nömrəli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 “Məmmədrzayeva”dan “Piriyeva”ya, adı “Aynurə”dən “Aynur”a dəyişdirilmişdir və bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 79 nömrəsi ilə qeyd edilmişdir (Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-431/25 nömrəli məktubla akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. 26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.
189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1980-ci il təvəllüdlüdür. 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən iddiaçının soyadı “Məmmədrzayeva”dan “Piriyeva”ya, adı “Aynurə”dən “Aynur”a dəyişdirilmişdir və bu barədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı ildə 79 nömrəsi ilə qeyd edilmişdir. Hazırda iddiaçı adının növbəti dəfə “Aynur”dan “Aynurə”yə dəyişdirilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllə ad və soyadın dəyişdirilməsi hüququnun qanunla müəyyənləşdirilmiş qaydada həyata keçiriləcəyini müəyyən edir. Qanunla müəyyənləşdirilmiş həmin qayda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın müddəalarını nəzərdə tutur. Qeyd edilməlidir ki, iddiaçı adını artıq bir dəfə dəyişmişdir. Hazırki dəyişdirilmə tələbi isə adın növbəti dəfə dəyişdirilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Göründüyü kimi, adın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar qanunvericilikdə dəqiq müəyyən edilmişdir (Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallar). Adın növbəti dəfə dəyişdirilməsinə imkan verən həmin hallardan hər hansı birinin iddiaçıya münasibətdə mövcud olması isə müəyyən edilmir. Bundan başqa, iddiaçı adının ikinci dəfə dəyişdirilməsi ilə bağlı ağlabatan, tutarlı və inandırıcı səbəblər də göstərmir. O, sadəcə olaraq adını dəyişmək istədiyini, hamının onu əvvəlki adı ilə tanıdığını göstərir, hazırki adının onun üçün hər hansı problem və ya məhdudiyyətlər yaratdığını, hüquqlarını həyata keçirməyə maneə törətdiyini bildirmir. Həmçinin iddiaçıya məxsus olan hər hansı rəsmi sənədlərdə əvvəlki adın göstərilməsi də onun üçün problemlər yarada bilməz. Çünki iddiaçı adını dəyişdiyini təsdiq edən sənədi təqdim etməklə hüquq və vəzifələri ilə bağlı məsələləri asanlıqla həyata keçirə bilər. İddiaçı məhkəmə bu qəbildən olan konkret hansı çətinliklərlə qarşılaşdığını, eləcə də onları dəf edə bilmədiyini təsdiq edən hər hansı sübutlar da təqdim etməmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin də mövqeyi bu cür olmuşdur (iş №2-1(102)-104/2022; №2-1(102)-934/2022). Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2- 1(102)-934/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur: “... 31. Bununla bağlı olaraq məhkəmə kollegiyası Avropa Məhkəməsinin yerləşmiş presedent hüququnu bir daha xatırladır ki, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. 32. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3.6-cı maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində göstərilən hüquqlar və azadlıqlar həm də dövlət təhlükəsizliyi mənafeləri üçün və digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. 33. Bu mənada, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında adın və soyadın ikinci dəfə dəyişdirilməsinə gətirilən məhdudiyyət milli təhlükəsizliyi təmin etmək, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək məqsədləri naminə dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təşkil etməyə yönəlmiş legitim marağını təmin etməyə xidmət edir. 34. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məhdudiyyət həmçinin «demokratik cəmiyyətdə zərurilik» meyarı baxımından da yolveriləndir. Bu zaman şəxsin əsas hüquqları ilə ictimai maraqlar arasında ədalətli balans təmin olunur. Çünki şəxs birinci dəfə müəyyən tələblərin ödənilməsi halında ad və soyadını rahatlıqla dəyişmək imkanına malikdir. İddiaçı da özünün bu hüququnu da maneəsiz reallaşdırmışdır. Lakin nəzərə almaq lazımdır ki, istədiyi ad və soyad daşımaqla bağlı məsələ şəxsi hüquq olmaqla yanaşı, həm də dövlətin təşkilati sisteminin normal və düzgün işləməsi baxımından da əhəmiyyət kəsb edir. Odur ki, ad və soyadın dəfələrlə dəyişdirilməsi sözügedən təşkilati sistemin düzgün qurulması və işləməsi baxımından real problemlər yarada bilər. Məhz bu legitim məqsədlər nəzərə alındığında Qaydalarda ad və soyadın ikinci dəfə dəyişdirilməsinə qoyulan məhdudiyyət «demokratik cəmiyyətdə zərurilik» meyarı baxımından yolveriləndir.” Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı qeyd olunan hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2024 nömrəli, 08 oktyabr 2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.