Məhkəmə qərarları › İş №2-1(103)-942/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-942/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-942/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti) “torpaq sahəsinə dair cizginin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-7261/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, ona Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı və Bakı şəhəri Cavabdeh Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokol qərarına əsasən şəxsi mənzil tikmək üçün ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) tərtib edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı və Bakı şəhəri Cavabdeh Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokol qərarına əsasən təsərrüfatın yaşayış sahəsinin əvvəlcədən ayrılmış sərhədi daxilində boş olan yerdə İddiaçı şəxsi mənzil tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinin 90 kv.m (10m x 9m) hissəsində fərdi yaşayış evi inşa etmiş, qeyd olunan torpaq sahəsinə və üzərində inşa etdiyi fərdi yaşayış evinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri toplayarkən məlum olmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılarkən torpaq sahəsinin ayrılması barədə qərara həmin torpaq sahəsinin yerləşmə cizgisi (sxemi) əlavə edilməmişdir. Bu isə həmin torpaq sahəsinə və üzərində inşa edilmiş fərdi yaşayış evinə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasında maneə təşkil edir. İddiaçı cavabdehə ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) tərtib edilməsi barədə müraciət etmiş, cavabdeh tərəfindən torpaq sahəsinin ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı məlumat olmadığından müraciətin təmin edilməsinin imkan xaricində olduğu bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, inzibati məhkəmə icraatı qaydasında iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisinin (sxeminin) tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 600 kv.m torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi barədə Cavabdehndə məlumat yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və koordinatlar Cavabdehndə olmadığından hesab edilir ki, imtina əsaslı olmuşdur. Odur ki, iddiaçının iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-7261/2023 saylı qərarı (hakim L.Musayeva) ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7261/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya uyğun məzmunda əsaslandırılmış və həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərarda göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından göründüyü kimi, (qərarın 20-ci bəndi) Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı ilə Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavoduna fərdi yaşayış binalarının lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamın mövcudluğu məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. Lakin, həmin sərəncam ilə İddiaçı qızma torpaq sahəsinin ayrılması halı aşkar edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavodunun torpaq sahəsi ayrılması səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamışdır. Məhkəmə, iş üçün əhəmiyyət kəsb edən əsas halın - Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat İstixana Zavodunun (kombinatının) fərdi yaşayış evlərinin lahiyələndirilməsi və tikintisi fəaliyyəti ilə məşğul olub-olmadığını, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı ilə həmin kombinata ayrılmış torpaq sahəsinin məqsədli təyinatı, yəni həmin torpaq sahəsinin kombinatın sahibkarlıq fəaliyyəti çərçivəsində satmaq və ya icarəyə vermək məqsədi ilə fərdi yaşayış evlərini tikməsi və ya lahiyələndirməsi, habelə həmin kombinatda işləyən və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan işçilərinə özləri tərəfindən fərdi yaşayış evləri tikmək üçün torpaq verilməsi məqsədi ilə ayrıldığını araşdırmaqdan imtina etmişdir. İşin həqiqi faktiki halları isə ondan ibarətdir ki, Azərbaycan Respublikası Aqrar- Sənaye Komitəsinin Zabrat İstixana zavodu mənzil-məişət şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərinə fərdi yaşayış evlərinin tikilməsi məqsədi ilə xx.xx.1991-ci il tarixdə 433 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək, zavoda qeyd olunan məqsədlə torpaq sahəsi ayrılmasını xahiş etmiş, Bakı Şəhər İcra Hakimiyyəti həmin məktub əsasında qeyd olunan məqsədlə xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamla zavoda torpaq sahəsi ayırmışdır. Həmin sərəncamla torpaq sahəsi ümumilikdə, zavoda işçilərinə fərdi yaşayış evlərinin tikintisi məqsədi ayrıldığından ayrıayrı şəxslərin adları qeyd olunan sərəncamda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavodu isə mənzil-məişət şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilərinə özünün protokol qərarı ilə hər bir işçi üçün 600 kv.m olmaqla torpaq sahəsi ayırmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 134 saylı sərəncamı ilə zavoda ayırmış torpaq sahəsi zavodun protokol qərarı ilə zavodun 100-dən çox işçisinə, hər biri üçün 600 kv.m-dən ibarət olmaqla paylanılmış, hazırda sərəncamla ayrılmış torpaq sahəsində vaxtilə zavodun işçiləri olmuş şəxslər tərəfindən torpaq sahəsinin hasarları çəkilməklə, üzərində fərdi yaşayış evləri tikilmişdir. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən hazırki iş üzrə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin (cizgisinin) verilməsindən imtinanın qanuniliyini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmişdir. İşə baxan məhkəmə isə cavabdeh inzibati orqanın iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin (cizgisinin) verilməsindən imtinasını qanuni hesab edərək, iddiaçının cavabdeh inzibati orqan tərəfindən hüquqlarının pozulmasına haqq qazandırmışdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; Bakı Şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Torpaq sahəsinin ayrılması barədə ayrıc aktı, habelə həmin ərazidə sahələrin ayrı-ayrı vətəndaşlara verilməsinə dair Cavabdehndə hər hansı bir məlumat olmadığından müraciətinizin təmin edilməsi imkan xaricindədir.” Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı böyük həcmlidir və həmin sərəncama əsas olunmuş sənədlər əlavə edilməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamının çıxarışına əsasən, Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavodunun tələbi təmin edilmiş, kənddə fərdi yaşayış binalarının lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının torpaq sahəsi ayrılması haqqında olan 134 saylı, xx.xx.1991-ci il tarixli sərəncamı böyük həcmlidir və həmin sərəncam ilə İddiaçı aid hissə aşkar edilməmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 6 saylı, xx.xx.1992-ci il tarixli protokol qərarına əsasən şəxsi mənzil tikmək üçün 600 kv.m torpaq sahəsi İddiaçı ayrılmışdır. Beləliklə işdən müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 134 saylı, xx.xx.1991-ci il tarixli torpaq sahəsinin ayrılması barədə sərəncamı ilə Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavoduna fərdi yaşayış binalarının lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sözügedən sərəncamın mövcudluğu məhkəmənin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş arxiv çıxarışı ilə təsdiqlənir. Lakin həmin sərəncam ilə İddiaçı torpaq sahəsinin ayrılması halı aşkar edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi Azərbaycan Respublikası Aqrar-Sənaye Komitəsinin Zabrat istixana zavodunun torpaq sahəsi ayrılması səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı bəndinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96- İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən (bundan sonra 1991-ci il Torpaq Məcəlləsi): Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir.. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yerquruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 Fərmanına əsasən “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyəti və idarəetmə orqanları haqqında Əsasnamə” təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısı torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Beləliklə, məhkəmə kollegiyası istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, e-2-1(112)-7261/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar