Məhkəmə qərarları › İş №2-1(103)-943/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-943/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-943/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)- 4090/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-4090/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-753/2020 saylı, 18.02.2020-ci il tarixli qərardadına əsasən iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş üzrə Bakı İnzibat Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçının vəkili Vəkil izahatında göstərmişdir ki, iddiaçı ilə birlikdə döyüşlərdə iştirak etmiş, sağ qalan 20 nəfərdən çox müharibə veteranı fakt təsdiqi ilə əlaqədar məhkəmədə iştirak etmək üçün hazır olduqlarını demişlər. Lakin hakim məhkəmə iclasından şahidlərin dindirilməsini təmin etməmiş və fakt təsdiqi ilə əlaqədar köməklik göstərməyərək heç bir əməli tədbir görməmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikasının İnzibati-Proscssual Məcəlləsinin 13-cü maddəsinin “Məhkəminin yardım etmək vəzifəsi" tələblərini pozmuşdur. Həmçinin rəsmi sənədlərin əldə olunması istiqamətində inzibati orqanlara kifayət qədər sorğu göndərilməmişdir. İnzibati orqanlarda mən döyüşlərdə iştirak etməyimi təsdiq edən rəsmi sənədlərin olmaması, onun günahı deyildir. İddiaçı faktiki olaraq beş aydan çox müddət ərzində döyüşlərdə iştirak etmiş, silah götürmüş, həmin silahı təhvil vermiş, döyüşçü yoldaşlarında döyüş bölgəsində birlikdə fotoşəkillər çəkdirmiş və sağ qalan 20 nəfərdən çox döyüşçü yoldaşları şahid qismində ifadə verməyə hazırdır. Məhkəmə araşdırmasında bu situsiyalara heç bir aydınlıq gətirilməmişdir. Məhkəmə yalnız rəsmi sənədlərin olmamasını əsas gətirərək iddia tələbini rədd etmiş və bununla da məsul inzibati orqanla eyni mövqe tutmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan iddiaçıya məxsus 15.01.2019-cu il tarixdə verilmiş SX seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.08.1993-cü il tarixdən 12.06.1996-cı il tarixdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi bilet itirilmiş NZ seriyalı ******* saylı hərbi biletin yerinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş D-47991 saylı, 03.02.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən İddiaçı məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 28.02.2019-cu il tarixli, 9/2-2604 saylı məktubdan görünür ki, N saylı hərbi hissə komandirinin yanvar-may 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma aparıla bilinməmişdir. İşdə olan X4 tərəfindən 16 sentyabr 2020-ci il tarixdə, X2 və X1 tərəfindən 17 sentyabr 2020-ci il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş eyni məzmunlu ərizələrdən görünür ki, İddiaçı onlarla birlikdə “X5”nun tərkibində 12 yanvar 1993-cü il tarixindən 16 may 1993-cü il tarixədək atıcı kimi Goranboy rayonunun Gülüstün, Manas, Başkənd, Talış, Keçəltəpə kəndlərində döyüşlərdə iştirak etmişdir. İşdə olan iddiaçı tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmış ərizədən və poçt qəbzindən görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı 03 fevral 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, müraciətinə cavab verilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmə cavabdehin hərəkətsizliyini faktiki olaraq imtina kimi qəbul edərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsaslı olmuşdur və və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iddiaçı hər hansı bir sənədə istinad etmədən, yalnız X4, X2 və X1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrə əsaslanaraq, onun döyüş əməliyyatlarında iştirak etməsinin təsdiq olunduğunu iddia edərək, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. Bununla belə məhkəmə tərəfindən araşdırma aparılmış, 12 yanvar 1993-cü il tarixdən 16 may 1993-cü il tarixədək Goranboy rayonunda yaradılmış “Goranboy özünümüdafiə batalyonu”nun tərkibində Samux döyüşçülərindən ibarət bölüyün tərkibində iştirak etmiş şəxslərin adlı siyahısında xx.xx.1975-ci il təvəllüdlü İddiaçı adının olubolmaması, olduğu halda həmin döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənədlərin və göstərilən siyahının təsdiq edilmiş surəti sorğu əsasında Goranboy Rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş C-161 saylı, 29 aprel 2020-ci il tarixli məktubdan görünür ki, “Goranboy özünümüdafiə batalyonu”nun tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı barədə Goranboy Rayon İcra Hakimiyyətində heç bir sənəd yoxdur. Eyni məzmunlu sorğu Göygöl Rayon İcra Hakimiyyətinə göndərilmiş, İcra Hakimiyyəti tərəfindən 15/439 saylı, 09 oktyabr 2020-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı qeyd etdiyi “Goranboy özünümüdafiə batalyonu”nun tərkibində Samux döyüşçülərindən ibarət bölüyün iştirak etməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində və Göygöl rayon Dövlət arxivində heç bir sənəd və məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə «müharibə veteranı» adı və vəsiqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər əsasında verilməsi müəyyən edilmişdir. Hazırki halda iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmədən yalnız X4, X2 və X1 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi əsassızdır. Birinci instansiya məhkəməsi iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərək düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16.11.2020-ci il tarixli, 2-1(112)-4090/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar