Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-943/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı, X6, X8 cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı ("xxxx" MTK 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X5 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş "xxxx" MTK-nın vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 02 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmiş, bina istismara yararsız olduğundan tam sökülmüşdür. (i/v-6)
2. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 012484 saylı Orderdən görünür ki, adıçəkilən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada 3 otaqlı 50,04 kv.m ölçüdə mənzil iddiaçıya ayrılmışdır.
3. "xxxx" MMC tərəfindən təqdim edilmiş hesabatda və aidiyyəti digər sənədlərdə mənzilin hər kv.m-nin qiyməti 1200-1400 manat təşkil etdiyi qeyd edilmişdir.
4. X3 həmin binanın söküntüsü ilə əlaqədar başqa mənzilə dair Bakı İnzibati Məhkəməsinin icraatında olmuş iş üzrə vermiş olduğu rəydə qeyd edilmişdir ki, 1 kv.m görə bazar dəyəri 430 manat təşkil edir.
5. Məhkəməyə ünvanlanmış digər bir Ticarət və Sənaye Palatasının rəyində köməkçi sahə üçün 460 man, əsas yaşayış sahəsi üçün 460 manat hər kv.m-nə görə dəyər müəyyən edilmişdir.
6. X1 hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş rəyində qeyd edilmişdir ki, həmin binada yerləşən mənzil üzrə hər 1 kv.m-in dəyəri 1550 manat təşkil edir.
7. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin rəyində qeyd edilmişdir ki, həmin binada yerləşən mənzil üzrə hər 1 kv.m-in dəyəri 1500 manat təşkil edir.
8. Məhkəmə qərardadı əsasında əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin rəyində qeyd edilmişdir ki, 2022-ci il üçün 1 kv.m görə mövcud bazar dəyəri 460 manatdır, ümumi mənzilə görə dəyər isə 23000 manat məbləğində müəyyən edilir.
9. Apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından təyin edilmiş məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 15 aprel 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, 2022-ci il üçün 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manatdır.
10. Apellyasiya baxışı zamanı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş "xxxx" MTK-nın vəkili Vəkil2 məhkəmə iclasında təqdim etdiyi ödəniş sənədlərindən görünür ki, iddiaçıların qonşuları X9, X10, X11 adıçəkilən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada mənzilin 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manat olmaqla ödəniş olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək orderdə adları qeyd edilmiş X13, X14 da iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, ona 3 otaqlı mənzil orrder əsasında verilmişdir. Əvvəlcə həmin mənzildə məcburi köçkün məskunlaşması səbəbindən istifadə edə bilməmiş, həmin şəxslər yeni yaşayış sahələri ilə təmin edildikdən sonra isə həmin mənzilin qəzalı vəziyyətdə olması səbəbindən söküntüsü həyata keçirilmişdir. Lakin, cavabdeh tərəfindən qanuna müvafiq kompensasiya məbləğinin ödənilməsi söküntü baş versə də bu günədək təmin edilməmişdir. İddiaçı hesab edir ki, ona 80000 manat məbləğində 3 otaqlı mənzilinə görə kompensasiya ödənilməlidir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı, X13, X12 23000 manat məbləğində maddi zərərin ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi, X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində prosessual xərcin 29 manat olan hissəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə, digər 71 manat olan hissəsi iddiaçılar İddiaçı, X13, X12 aid edilməsi qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mənzilə görə ödənilməli olan məbləğ iddiaçıların iddia ərizəsində, eləcə də iddiaçı tərəfindən təqdim edilən rəylər əsasında yox, məhz mötəbərliyi şübhə doğurmayan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi əsasında müəyyən edilməlidir. Qeyd olunanlar baxımından da, məhkəmə hesab edir ki, 50,04 kv.m ölçüdə olan mənzilə görə ödənilməli olan kompensasiya 80000 manat məbləğində yox, 2022-ci il üçün Mərkəz tərəfindən hər kv.m görə 460 manat müəyyən edilməklə ümumilikdə 23000 manat məbləğin ödənilməsi cavabdehə həvalə edilməlidir. Belə ki, mənzilin orderdə nəzərdə tutulmuş ölçüsü 50 kv.m civarındadır ki, 2022-ci il üçün hər kv.m görə 460 manat məbləğ müəyyən edilməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, ödəniş də məhz 23000 manat məbləğində müəyyən edilməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2655/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə iddiaçının hüquqları pozulmuşdur.Belə ki, iddiaçıların zərər tələbi 80.000,0 manatdır, ona görə ki, dəyən zərər 23.000,0 manat deyil, 80.000,0 manatdır.Lakin məhkəmə ancaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin rəyini mötəbər sübut hesab etmiş, bu da sübutların bərabər qiymətləndirilməsinə dair qanunvericiliyin tələblərinin pozulmasına dəlalət edir.
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Apellyasiya baxışı zamanı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş "xxxx" MTK-nın vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir və izahatında göstərmişdir ki, ünvan 1 ünvandakı 3 saylı yataqxanada 42 saylı “Tikinti İdarəsi”ndə işləmiş və mənzil növbəsinə götürülmüş bir sıra ailələrə yaşamaları üçün Nərimanov rayon icra Hakimiyyəti tərəfindən Sərəncam əsasında orderlər verilmişdir. S.Bəhlulzadə küçəsi 23 saylı ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş 23 ailədən bir qismi onlara kompensasiya ödənilməsi barədə məhkəməyə müraciət etmiş, Bakı İnizbati Məhkəməsinin bir neçə qərarı ilə ölçülərə əsasən hər bir kv.m 460 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərarlar qəbul edilmişdir. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyəti sözügedən ərazidə yeni inşa etmiş "xxxx" MMC-ə 02 dekabr 2022-ci il tarixində S.Bəhlulzadə küçəsi 23 saylı ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş 23 ailəyə kompensasiya ödənilməsinə münasibət bildirilməsi ilə bağlı müraciət etmiş və nəticədə məhkəmə qərarları əsasında kompensasiyanın MMC tərəfindən ödənilməsi təmin edilmişdir.Həmçinin, məhkəmə iclasında ödəniş sənədləri və barışıq sazişinin surətlərini təqdim edərək bildirmişdir ki, iddiaçıların qonşuları X9, X10, X11 adıçəkilən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada mənzilin 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manat olmaqla ödəniş olunmuşdur.Lazım gələrsə iddiaçının qonşuları ilə adıçəkilən yataqxanada mənzilin 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manat olmaqla ödəniş olunmasını təsdiq edən əlavə sübutlar da təqdim edə biləcəyini bildirmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1.-ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar İddiaçı tərəfindən və iddianın təmin olunmayan hissəsinə münasibətdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı yalnız İddiaçı münasibətdə və mübahisələndirilən hissədə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
27. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, istinad edilən normaların (Bu qərarın 22-ci bəndi) tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qənaəti əsaslı və qanunidir.
28. Hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 012484 saylı Orderdən görünür ki, adıçəkilən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada 3 otaqlı 50,04 kv.m ölçüdə mənzil iddiaçıya ayrılmışdır.
29. Cavabdehin 02 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxana binası xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmiş, bina istismara yararsız olduğundan tam sökülmüşdür. (i/v-6)
30. İşin hallarından o da müəyyən olunur ki, ünvan 1 ünvandakı 3 saylı yataqxanada 42 saylı “Tikinti İdarəsi”ndə işləmiş və mənzil növbəsinə götürülmüş bir sıra ailələrə yaşamaları üçün Nərimanov rayon icra Hakimiyyəti tərəfindən Sərəncam əsasında orderlər verilmişdir. S.Bəhlulzadə küçəsi 23 saylı ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş 23 ailədən bir qismi onlara kompensasiya ödənilməsi barədə məhkəməyə müraciət etmiş, Bakı İnizbati Məhkəməsinin bir neçə qərarı ilə ölçülərə əsasən hər bir kv.m 460 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərarlar qəbul edilmişdir. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyəti sözügedən ərazidə yeni inşa etmiş "xxxx" MMC-ə 02 dekabr 2022-ci il tarixində S.Bəhlulzadə küçəsi 23 saylı ünvandakı 3 saylı yataqxanada yaşamaları üçün Sərəncam əsasında orderlər verilmiş 23 ailəyə kompensasiya ödənilməsinə münasibət bildirilməsi ilə bağlı müraciət etmiş və nəticədə məhkəmə qərarları əsasında kompensasiyanın MMC tərəfindən ödənilməsi təmin edilmişdir.
31. Beləliklə, iddiaçıya (iddiaçılara) zərər ödənilməli olması işin mübahisələndirilməyən halıdır.Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verməmişdir.Odur ki, birinci instansiya məhkəməsinin aktı yalnız İddiaçı münasibətdə və mübahisələndirilən hissədə yoxlanılır.
32. Belə ki, iddiaçı ödənilməli olan zərər məbləğini mübahisələndirir və hesab edir ki, dəyən zərər 23.000,0 manat deyil, 80.000,0 manatdır.
33. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyləri ilə müəyyən olunmuş zərərin dəyəri ilə iş materiallarında olan müxtəlif hesabat və rəylərdə zərər məbləğləri fərqlidir.
34. Qeyd olunanlar baxımından məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, mənzilin orderdə nəzərdə tutulmuş ölçüsü 50 kv.m civarındadır ki, 2022-ci il üçün hər kv.m görə 460 manat məbləğ müəyyən edilməsi nəzərə alınmaqla ödəniş də məhz 23.000,0 manat məbləğində müəyyən edilməlidir.
35. Məhkəmə Kollegiyası razılaşır ki, mənzilə görə ödənilməli olan məbləğ iddiaçıların iddia ərizəsində, eləcə də iddiaçı tərəfindən təqdim edilən rəylər əsasında yox, məhz mötəbərliyi şübhə doğurmayan və işdə olan digər sübutlarla birgə qiymətləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi əsasında müəyyən edilməlidir.
36. Belə ki, həm birinci instansiya məhkəməsində Məhkəmə qərardadı əsasında əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin rəyində qeyd edilmişdir ki, 2022-ci il üçün 1 kv.m görə mövcud bazar dəyəri 460 manatdır, ümumi mənzilə görə dəyər isə 23000 manat məbləğində müəyyən edilir, həm də apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından təyin edilmiş məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 15 aprel 2024-cü il tarixli rəyində də qeyd edilmişdir ki, 2022ci il üçün 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manatdır.
37. Həmçinin, apellyasiya baxışı zamanı 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş "xxxx" MTK-nın vəkili Vəkil2 məhkəmə iclasında təqdim etdiyi ödəniş sənədlərindən və və barışıq sazişinin surətlərindən görünür ki, iddiaçıların qonşuları X9, X10, X11 adıçəkilən Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yataqxanada mənzilin 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manat olmaqla ödəniş olunmuşdur.
38. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
39. Azərbaycan Respublikası MPM-nin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Həmçinin, Azərbaycan Respublikası İPM-nin: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 111.1. Proses iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər proses iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir.
44. İş materiallarından görünür ki, apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri baxımından təyin edilmiş məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında əldə olunmuş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzininin 15 aprel 2024-cü il tarixli rəyinin müqavilində 100 manat məbləğində ekspertiza xərci ödənilməlidir.
45. Məhkəmə Kollegiyası hesab edir ki, tələbin qismən təmin edilməsi nəzərə alınmaqla xərclər də həmin nisbətdə tərəflərə aid edilməli və ödənilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2655/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində prosessual xərcin 29 manat olan hissəsi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətindən, digər 71 manat olan hissəsi iddiaçılar İddiaçı, X13, X7 tutularaq X4, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.