Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-944/2022 17.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1947-ci il tarixində Kəlbəcər rayonunun Şurtan kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan-ünvan 2halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6156/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 03.03.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il, **********4 nömrəli qərarının ləğv edilərək, onun 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 noyabr 1947-ci il tarixində Kəlbəcər rayonu, Şurtan kəndində anadan olmuşdur, 1993-cü ilədək orada yaşamışdır. 1993-cü ildən məcburi köçkün olaraq Qəbələ rayonunda məskunlaşmışdır. Kəlbəcər rayonu işğal olunan ərəfədə "Şıxəli Qurbanov'’adına kolxozun bütün qoyunçuluq təsərüfatı rayondan çıxarılmış, Zərdab və Ağdaş rayonlarına köçürülmüşdür. 04.04.1993-28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda kolxoz sədri işləmişdir. Məcburi köçkün olsa da qoyunçuluq təsərrüfatı olduğuna görə işini davam etdirmişdir. Ona aid olan 1993-1997-ci illərə aid əmək fəaliyyətinə dair sənədlərində (əmək kitabçasında) 04.04.1993-cü ildə kolxoz üzvlüyünə qəbul olunaraq 1997-ci il tarixədək kolxoz sədri seçilmişdir və 28.02.1997-ci il tarixdən 23.04.2003-cü il tarixədək Kəlbəcər rayon Şurtan kənd İcra nümayəndəsi vəzifəsində işləmişdir. Həmin tarixdən icra nümayəndəsi keçdiyinə görə və ərazi üzrə hələlik arxiv formalaşmadığından kolxoza aid sənədləri Kəlbəcər rayon İcra Hakimiyyəti nəzdində olan Kənd Təsərrüfatı idarəsinin baş mühasibi Səftər İsmayılova təhvil vermişdir. Sonra pensiyaya çıxan vaxtı o vəfat etdiyindən bəzi arxiv sənədlərini, o cümlədən həmin illərə aid sənədləri tapa bilməmişdir. Bu səbəbdən Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda kolxoz sədri işlədiyi müddət 1993-1997-ci illərə aid iş stajının əmək günlərinə aid sənədləri müəyyən etmək mümkün olmamışdır. Bu gün də o yuxarıda qeyd etdiyi dövrə aid iş stajı sənədlərini (işlədiyi müddətdə faktiki iş günü normalarına dair) bərpa edə bilmir. Halhazırda yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etmişdir. Cavabdehin 15 fevral 2021-ci il, **********0 saylı məktubu və DSMF Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il, **********4 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda iş dövrü, həmin dövrə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, ümumi iş stajına daxil edilməsinin və həmin müddətin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması tələbi ilə 10.07.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon filialına daxil olmuş ərizəsi təmin olunmamışdır. O, DSMF-nin Qəbələ rayon Şöbəsinə 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda əmək fəaliyyətinə dair sənədlərini (əmək kitabçasını) təqdim etməyinə baxmayaraq həmin sənədlər nəzərə alınmamışdır. Ona görə də hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. 17.03.2021-ci il tarixdə iddiaçı məhkəməyə iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının göstərdiyi yeni iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qəbələ rayon Şöbəsində pensiya təyin edən komissiyanın 28 avqust 2020-ci il, **********4 nömrəli qərarının ləğv edərək, onun 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş "Şıxəli Qurbanov" adına kolxozda işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2-1(116)-639/2021 nömrəli qərardadı ilə (hakim F.İsmayılzadə) inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. 18.03.2021-ci il tarixli qərardad ilə Şəki İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli, 2-1(116)-639/2021 nömrəli qərardadının mətnində yol verilən yanlışlığın düzədilməsi, qərardadın nəticə hissəsində qeyd olunmuş “X2” sözlərinin “İddiaçı” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6156/2021 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh tərəfindən 26.01.2022-ci il tarixli, **********15 nömrəli apellyasiya şikayətinə dair etiraz təqdim olunmuşdur, etirazda birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. İddiaçı tərəfindən 25.04.2022-ci il tarixində məhkəməyə ərizə daxil olmuşdur, ərizədə qərarın ləğv edilməsi, 04.04.1993-cü il tarixdən 28.02.1997-ci il tarixədək olan əmək stajının pensiya stajına daxil olmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-6156/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə doğulmuşdur. - Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının X6 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 121 №-li, 30.11.2015-ci il tarixli arayışından görünür ki, İddiaçı nümayəndəliyin daimi qeydiyyatındadır, məcburi köçkündür. Halhazırda Gəncə şəhəri, Gülüstan Qəsəbəsi ADAU-6 ətrafında müvəqqəti məskunlaşıbdır - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işləmişdir. - İddiaçı Alışan oğluna məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək “Şıxəli Qurbanov” adına kolxozun sədri, 28.02.1997-ci ildən 23.04.2003-cü ilədək Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Şurtan kəndi üzrə nümayəndəsi, 23.04.2003-cü ildən 10.04.2006-cı ilədək Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Təsərrüfatının direktoru vəzifələrində işləmişdir. - Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon filialında pensiya təyin edən komissiyanın **********4 №-li, 28.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, ümumi iş stajına daxil edilməməsi və həmin müddətin sığorta stajına daxil edilərək pensiyasının yenidən hesablanması tələbi ilə 10.07.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon filialına daxil olmuş ərizəsinin təmin olunmaması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialı tərəfindən iddiaçıya ünvanlanan **********0 №-li, 15.02.2021-ci il tarixli məktubdan görünür ki, onun 1993-1997-ci illərdə Şıxəli Qurbanov adına kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması tələbi ilə 10.07.2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon filialına daxıl olmuş ərizəsinə filialda baxılmışdır. Pensiya işində saxlanılan sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, 1970-1993-cü illərdə “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü Qəbələ Rayon Məhkəməsinin 2(025)-159/2011 saylı Qətnaməsi, 1997-2005-ci illərdə iş dövrü isə əmək kitabçasında aparılmış qeydlər əsasında hesablanaraq ümümi iş stajı 31 il 8 ay nəzərə alınmaqla pensiyasının məbləği müəyyən olunmuşdur. Pensiya işində saxlanılan əmək kitabçasında 04.04.1993-cü il tarixdə kolxoz üzvlüyünə qəbul olunmağı və 28.02.1997-ci il tarixdə üzvlükdən azad olunmağı qeyd olunsa da işlədiyi müddətdə faktiki iş günü normalarının yerinə yetirməyi barədə hər hansı məlumat qeyd olunmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə görə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Onun əmək kitabçasında işlədiyi dövrdə müəyyən olunmuş minimum iş günü normasının yerinə yetirməyi barədə hər hansı qeyd aparılmamış və ya bu barədə arxiv sənədləri təqdim etməmişdir. Qeyd olunan səbəbdən, 04.04.1993-cü ildən 28.02.1997-ci il Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozun iş dövrü həmin dövrdə faktiki işlənmiş iş günlərı və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından ümumı iş stajına daxil edilməmişdir. - Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçısının 24.08.2021-ci il tarixli, AQ-1/1386 №-li məktubundan görünür ki, İddiaçı “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsinə X3 üzvləri tərəfindən seçilmiş və Kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün əmək kitabçasında 04.04.1993-cü ildə İddiaçı kolxoz sədri seçilməsi barədə yazılmış qeyd Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən rəsmiləşdirilmişdir. Həmin məktuba əlavə edilmiş Kəlbəcər rayon Dövlət Arxivinin 05.08.2021-ci il tarixli, 14 №-li məktubundan görünür ki, İddiaçı 1993-cü il tarixdən 1997-ci il tarixə qədər Kəlbəcər rayon Şıxəli Qurbanov adına kolxozun sədri vəzifəsində işləməsi barədə arxivdə heç bir sənəd yoxdur. Həmin kolxozun sənədləri Arxivə təhvil verilməmişdir. 28.02.1997-ci il tarixli, 31 saylı sərəncamla Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının Şurtan kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, 23.04.2003-cü il tarixli, 39 saylı sərəncamla həmin vəzifədən azad edilmişdir. Həmin tarixdə 40 saylı sərəncamla Kəlbəcər rayon Taxıl İstehsalı və Heyvandarlıq Birliyinə direktor vəzifəsinə təyin edilmiş və 10.04.2006-cı il tarixdə 31 saylı sərəncamla işdən azad edilmişdir. Müvafiq sərəncamların lazımi qaydada təsdiq edilmiş surətləri məktuba əlavə edilmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “İddiaçı 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək Kəlbəcər rayonunda fəaliyyət göstərmiş “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından, eləcə də əmək kitabçasındakı qeydlər qanunvericiliyin tələblərinə uyğun aparılmadığı üçün şübhə yaratdığından, həmin şübhələrin aradan qaldırılması mümkün olmadığından, həmin dövrün ümumi iş stajına daxil edilməməsi barədə cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 2-ci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır Göründüyü kimi 01.01.2006-cı il tarixədək olan sığorta stajı əmək kitabçası əsasında müəyyən olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən əmək kitabçasının “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiq üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq edilməlidir. Əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməməklə aparılan hallarda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Hazırkı işin hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1970-1993-cü illərdə “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü Qəbələ Rayon Məhkəməsinin 2(025)-159/2011 saylı qətnaməsi, 1997-2005-ci illərdə iş dövrü isə əmək kitabçasında aparılmış qeydlər əsasında hesablanaraq ümümi iş stajı 31 il 8 ay nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının 1993- 1997-ci illərdə “Şıxəli Qurbanov” adına kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması tələbi isə cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasında işlədiyi dövrdə müəyyən olunmuş minimum iş günü normasının yerinə yetirməyi barədə hər hansı qeyd aparılmaması və ya bu barədə arxiv sənədləri təqdim etməməsi, həmin dövrdə faktiki işlənmiş iş günlərı və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmaması əsas gətirilərək təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 04.04.1993-cü ildən 28.02.1997-ci ilədək “Şıxəli Qurbanov” adına kolxozun sədri vəzifəsində işləməsi faktı yalnız ona məxsus olan əmək kitabçasında edilmiş qeydlərdə öz əksini tapmış və 04.04.1993-cü ildə İddiaçı kolxoz sədri seçilməsi barədə yazılmış qeyd kolxozun sənədləri işğal zamanı Kəlbəcər rayonunda qaldığı üçün Kəlbəcər rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsi “Q.Əliyev” adlı şəxs tərəfindən aparılmışdır. İddiaçı 28.02.1997-ci ildə kolxoz sədri vəzifəsindən azad edilməsi barədə qeyd isə səlahiyyəti məlum olmayan “Ə.Qarayev” tərəfindən aparılmış, həmin qeydə isə işçinin işdən azad edilməsi barədə əmrin nömrəsi, tarixi göstərilməmişdir. Bundan əlavə hər iki qeyddəki imzaların eyni şəxs tərəfindən icra edilməsi aşkar görünür. Göründüyü kimi iddiaçının qeyd edilən dövrlərdə “Şıxəli Qurbanov” adına kolxozda iş dövrü, həmin dövrdə faktiki işlənmiş iş günləri və müəyyən olunmuş minimum iş günü normaları barədə məlumatın əldə olunması mümkün olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6156/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6156/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-944/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-944/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver