Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-945/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil1 Ali qızının iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və SOCAR-ın “Neft Kəmərləri” İdarəsi) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9500/2024 saylı qərarından üçüncü şəxslər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X2 17 fevral 2000-ci il tarixli 06 saylı əmri əsasında iddiaçıya ayrılmış və Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsindən 0,0183 ha (0,0117 ha hissəsindən imtina etdiyini nəzərə almaqla) xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu S.Əliyev adına südçülükmaldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li əmri ilə İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə qərarı əsasında həmin torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilmişdir. İddiaçı həmin sənədlər əsasında mülkiyyət hüquqlarının qeydiyyatını həyata keçirmək istəsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İş üzrə cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, faktiki torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahələrlə üst-üstə düşür. Əlavə olaraq bildirilir ki, ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmiş sorğuya 14-2/2-4474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşir. Qeyd edilən səbəblərdən kəmərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Bundan əlavə, təqdim edilmiş xx.xx.2021-ci il tarixli, F-801 saylı arxiv arayışına dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinə xx.xx.2023-cü il tarixli sorğu verilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Həmçinin bildirilir ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,03 ha qeyd edilsə də, faktiki 0,02 ha təşkil edir. İş üzrə üçüncü şəxs iddiaya dair etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, eyni torpaq sahəsi barədə SOCAR-a daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (Ərazi İdarəsi) xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 33840/2023/**********40 nömrəli məktubuna baxılmış və nəticəsi barədə SOCAR-ın xx.xx.2023-cü il tarixli 14-2/2-4474/2023 nömrəli məktubu ilə Ərazi İdarəsinə ətraflı cavab verilmişdir. SOCAR-ın həmin cavab məktubunda göstərildiyi kimi, Ərazi İdarəsinin məktubunun qoşmasında olan koordinatlar əsasında müvafiq araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. İş üzrə cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmçinin, ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9500/2024 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X2 17 fevral 2000-ci il tarixli 06 saylı əmri əsasında iddiaçıya ayrılmış və Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsindən 0,0183 ha (0,0117 ha hissəsindən imtina etdiyini nəzərə almaqla) xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9500/2024 saylı qərarından narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Həmçinin, həmin qərardan narazı qalan üçüncü şəxs SOCAR-ın “Neft Kəmərləri” İdarəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də iddiaçının hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Həmçinin, 1981-ci ildə istismara verilmiş SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonası pozulmaqla yanaşı, kəmərin təhlükəsiz istismarı pozulmuş və gələcəkdə baş verə biləcək qəza hallarının aradan qaldırılmasını mümkünsüz etmişdir. SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri 1981-ci ildə istismara verilmişdir. Məhkəmə qərarında qeyd edilən faktlara toxunmamış, onlara qiymət verməmiş, magistral neft boru kəmərinin daha əvvəl (1981) istismara verilməsinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrini əsas tutaraq iddiaçının xeyrinə qərar vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9500/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və digər üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və gəlməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, faktiki torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahələrlə üst-üstə düşür, həmçinin torpaq sahəsinin sənəd üzrə sahəsi 0,03 ha qeyd edilsə də, faktiki 0,02 ha təşkil edir. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin 26 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Üçüncü şəxs SOCAR-ın “Neft Kəmərləri” İdarəsi tərəfindən verilən apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Həmçinin, 1981-ci ildə istismara verilmiş SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna- Ramana Dş 250 mm-lik magistral neft kəmərinin mühafizə zonası pozulmaqla yanaşı, kəmərin təhlükəsiz istismarı pozulmuş və gələcəkdə baş verə biləcək qəza hallarının aradan qaldırılmasını mümkünsüz etmişdir. SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəməri 1981-ci ildə istismara verilmişdir. Məhkəmə magistral neft boru kəmərinin daha əvvəl (1981) istismara verilməsinə baxmayaraq, Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli sərəncamına əsasən Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrini əsas tutaraq iddiaçının xeyrinə qərar vermişdir. İş materiallarında olan; - Abşeron Rayon Dövlət Arxivində saxlanılan Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li əmri ilə İddiaçı 0,03 ha torpaq sahəsi ayrılmışdır. - Yerləşmə sxemindən görünür ki, Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li əmri əsasında İddiaçı ayrılmış sahəsi 0,03 ha olan torpaq sahəsinin koordinatları və yeri müəyyən olunaraq Xəzər RİH-nin Təsərrüfat şöbəsinin memarı tərəfindən təsdiq olunmuşdur. Yerləşmə cizgisi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7493/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının (həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1495/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) icrası ilə əlaqədar verilmişdir. - İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq aşağıdakilar bildirilmişdir: “Elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zonasında yerləşir. Həmçinin, faktiki torpaq sahəsinin bir hissəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahələrlə üst-üstə düşür. Əlavə olaraq bildiririk ki, ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilmiş sorğuya 14-2/2-4474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, torpaq sahəsi SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Buzovna-Ramana Dş-250 mm-lik magistral neft kəmərinin mühafizə zonası daxilində yerləşir. Qeyd edilən səbəblərdən kəmərin və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edilir. Bundan əlavə, təqdim edilmiş xx.xx.2021-ci il tarixli, F-801 saylı arxiv arayışına dair qeydiyyat orqanının ciddi şübhəsinin olması səbəbindən Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinə xx.xx.2023-cü il tarixli sorğu verilmiş, lakin sorğuya cavab məktubu idarəyə daxil olmamışdır. Həmçinin bildiririk ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,03 ha qeyd edilsə də, faktiki 0,02 ha təşkil edir.” -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki: Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində X4 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır (Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li əmri); Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüquqları qeydiyyata alınmışdır (Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X1 17 fevral 2000-ci il tarixli, 06 №-li əmri); Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, təqdim edilən kadastr məlumatlarına əsasən 200 kv.m torpaq sahəsinin 12 kv.m hissəsi **********38 saylı və 4,9 kv.m hissəsi isə **********47 reyestr nömrəli torpaq sahələri ilə üst-üstə düşür. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin, həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən, kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Qanunvericiliyin tələbindən də göründüyü kimi Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X3 tərəfindən torpaq ayırma barədə əmr mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir ki, iddiaçı da həmin sənəd əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb edir. Yuxarıda istinad olunan əmrdən də göründüyü kimi iddia olunan torpaq sahəsi əmr əsasında iddiaçıya ayrılmışdır ki, həmin əmr əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair tələb qanuni və əsaslı hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə görə, müraciətə baxılması və müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı səlahiyyətli olub-olmadığını müəyyən etmək inzibati orqanın xidməti vəzifəsinə aiddir. Şəxsin üzərinə aidiyyəti orqana müraciət edilməsi ilə bağlı mütləq öhdəliyin qoyulması və ya səlahiyyətin müəyyən olunması ilə bağlı neqativ nəticələrin şəxsə aid edilməsi yolverilməz sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Qeyd olunur ki, torpaq sahəsinin ayrılması barədə əmr qüvvədədir, ləğv edilməmiş və qüvvədən düşməmişdir ki, həmin əmrin hüquqi nəticəsi kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması iddiaçının konstitusion hüququnun tərkib hissəsidir. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçıya ayrılan və onun istifadəsində olan torpaq sahəsinə dair yerləşmə cizgisi məhkəmə qərarının icrası nəticəsində verilmişdir ki, bu da öz növbəliyində məhkəmənin iddia olunan torpaq sahəsinin qanuni əsaslarla iddiaçının istifadəsinə verilməsinə dəlalət edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia olunan torpaq sahəsinin Saziş hüdudları daxilində və neft-qaz quyusunun mühafizə zonasında yerləşməsi istənilən halda vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi (hazırki halda ləğv olunmuş quyular) obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. İnzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından və təqdim edilən sənədlərdən də göründüyü kimi iddiaçının qonşuluğunda və ətrafında Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, Saziş hüdudları daxilində olan və neft quyusunun mühafizə zolağında olan digər əmlaklara hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır ki, iddiaçıya münasibətdə fərqli rəftarın müəyyən edilməsi zərurəti mövcud olmamışdır. Xüsusi ilə qeyd edilməlidir ki, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələrinin ilkin hüquqmüəyyənedici sənədi iddiaçı da olduğu kimi Abşeron rayonu S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X1 əmridir. Nə qədər ki, cavabdeh həmin əmrlər əsasında başqa şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından davamlı imtina olunması “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna fiziki (hüquqi) şəxslərin inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə, işdən də göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə yerləşən digər torpaq sahələri üzərində başqa şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və müvafiq çıxarışda torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd olunmuşdur. Odur ki, İddiaçı ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtina edilməsi bərabərlik hüququnun pozulmasıdır və belə olan təqdirdə iddiaçıya münasibətdə fərqli rəftarın ağlabatan əsaslandırılması yoxdur. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Üçüncü şəxslərin apellyasiya şikayətlərində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaya iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Üçüncü şəxslərin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli, 2-1(112)-9500/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev