Məhkəmə qərarları › İş №2-1(103)-946/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-946/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-946/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X1 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (xx.xx.1982-ci il tarixində Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsi, Ərdəşəvi obası) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33-cü maddəsinə əsasən (e-sosial) 17.06.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-10084/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 03.09.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı şikayət ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində yerləşən Dövlət Sosial Müdafiə Fondunun “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun Məcburi İcraatı haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən məcburi icranın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra 14.09.2021-ci il tarixində İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və qeyrilərinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət reyestri Xidmətində (e-sosial) 17.06.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) icra edilib kimi göstərilib və əslində icra edilməyən sənədin məcburi icrası öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmişdir. 06.10.2021-ci il tarixində iddiaçı tərəfindən iddia ərizəsinə əlavə təqdim edilmişdir. 13.10.2021-ci il tarixində iddiaçı yenidən iddia ərizəsi təqdim edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli, 235 nömrəli Qərarı ilə təsdiq olunmuş Elekton xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33-cü maddəsinə əsasən (e-sosial) 17.06.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilib və əslində icra edilməyən inzibati aktın məcburi icrasının Azərbaycan Respublikası İPM-in məcburi icraat haqqında 33.1 və 33.2-ci maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10084/2021 saylı 02.11.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq olunmuş elektron xidmətlər siyahısında 2 nömrəli əlavədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9.33-cü maddəsinə əsasən (e-sosial) 17.06.2020-ci il tarixli (karguzarlıq nömrəsi **********9) əlilliyə görə əmək pensiyası ilə bağlı sənədin icra edilib kimi göstərilən və əslində icra edilməyən inzibati aktın məcburi icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun”. məzmunda icraata qəbul edilərək iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi cavabdehlər sırasından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-10084/2021 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-10084/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə dair etiraz ünvanlanmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrı-ayrı vaxtlarda ünvanlanmış müraciətləri (həmçinin də eyni məzmunlu Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Abbaszadəyə müraciəti) qəbul edilərək “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinə əsasən baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərilmişdir. Aidiyyatı orqanın pensiya təminatı və əlillik məsələlərinə baxan müvafiq qurumları tərəfindən iddiaçının müraciətlərinə baxılaraq izah edilmişdir ki, iddiaçıya 22.02.2016-cı il tarixdə Tibbi-Sosial ekspert komissiyası tərəfindən ümumi səbəbdən 5 il müddətinə (22.02.2021-ci il tarixədək) ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmiş, əlillik müddəti bitdiyi 22.02.2021-ci il tarixdən sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə göndərişi daxıl olmamışdır. Bu səbəbdən də, iddiaçıya 28.02.2021-ci il tarixədək 344.64 manat məbləğində əlilliyə görə əmək pensiyası ödənilmiş, həmin tarixdən sonra isə dayandırılmışdır. Bununla yanaşı, adına qanunvericiliyə uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi daxıl olduqdan sonra əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi aparılacaq və nəticəsinə uyğun olaraq pensiya hüququna baxılacaqdır. Əlillik vəziyyətinin hərbi səbəblə qiymətləndirilməsi ilə bağlı isə müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin (Laçın Rayon Mərkəzi Xəstəxanası) 0280003AADSA nömrəli göndərişi əsasında 14.08.2017-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun hərbi səbəblə əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Bununla əlaqədar, xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə hərbi-həkim komissiyasının qərarı ilə səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uygun qiymətləndiriləcək. Buna baxmayaraq iddiaçı E-SOSİAL saytında qeydiyyat tarixi 17.06.2020-ci il karguzarlıq nömrəsi **********9 olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı departamentinin şöbə müdiri X3 tərəfindən “istiqamət” - “əmək pensiyası ilə baglı”, “məzmun”- “1/d Asan Xidmət və MM-in deputatı Mahir Abbaszadəyə vətəndaş müraciətinin araşdırılması ilə bağlı cavab verilsin”, “statusu” – “icra edilib” kimi göstərilmiş yazının ona pensiya təyin edilməsi məzmununu ehtiva etdiyinə əsaslanaraq, əslində isə ona pensiya təyin edilmədiyindən cavabdehin hərəkətsizliyi kimi qiymətləndirərək bununla baglı “inzibati aktın məcburi icrasının” cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1 və 3.0.6-cı maddələrinə əsasən müraciət edən şəxs dedikdə, fiziki və ya hüquqi şəxs; müraciətə baxan subyekt dedikdə isə, fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir. Sözügedən Qanunun tələblərinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır (7.1). Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. (7.5). Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir (7.8). Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır (10.1). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır (10.5). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər (12.1). Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər (12.2). Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər; məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər; müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər (12.3.1-12.3.4). Müraciətinə baxılan vətəndaşın bir sıra, o cümlədən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır (14.0.8). Oxşar müddəalar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Qanuna görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən, “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Həmin Fərmanın 5-ci bəndinə əsasən, “ASAN xidmət” mərkəzlərində xidmətlər müvafiq dövlət orqanları, o cümlədən əmək pensiyalarının təyin edilməsi xidməti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbisosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırkı iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iş üzrə iddiaçının ərizələrinə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxaraq cavab vermişdir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İddiaçının hüquqi maragı əslində ona ilk növbədə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik və buna görə müvafiq pensiya təyin edilməsindən ibarətdir. Bu hüquqi maraga çatmaq üçün iddiaçıya izah edilir ki, xəstələnmənin (travmanın) səbəb əlaqəsi barədə hərbi-həkim komissiyasının qərarı ilə səhiyyə müəssisəsi tərəfindən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, onun əlillik vəziyyəti mövcud qanunvericiliyə uygun qiymətləndirilərək hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik təyinatından imtina edilərsə bu barədə inzibati orqanın qərarını qeydiyyatda oldugu yer üzrə aidiyyəti yurisdiksiyalı inzibati məhkəmədə mübahisələndirmək, müvafiq müsbət qərar oldugu halda isə pensiya təyinatı orqanı ona müvafiq pensiyanın təyin edilməsindən imtina edərsə həmin orqana qarşı məcburetmə iddiası ilə məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Hazırkı halda isə pensiya və yaxud əlillik təyinatı ilə baglı inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması ilə baglı hərəkətləri mübahisələndirmədən mövcud olmayan inzibati aktın məcburi icrasının cavabdehin üzərinə qoyulması barədə tələb mümkün deyildir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-10084/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar