Məhkəmə qərarları › İş №2-1(103)-947/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-947/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-947/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 14.11.2018-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona 14.11.2018-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9091/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. A seriyalı 770947 saylı 28.07.1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01.09.1980-ci il tarixdən 31.07.1981-ci il tarixədək Azərbaycan SSR Bakı texniki peşə təhsili idarəsinin texniki məktəbində “EHM operatoru” ixtisası üzrə tam kursu bitirmişdir . İddiaçı X2 ilə nikahda olub, nikahlarından 5 uşağı olmuşdur: 10.10.1982-ci ildə Nigar, 21.01.1984-cü ildə Rufiyyə, 15.03.1985-ci ildə Qəhrəman, 18.10.1986-cı ildə Rüfət, 22.07.1988-ci ildə Nadirə. PV seriyalı 008018 saylı 06.07.1987-ci il tarixli diplomdan görünür ki, İddiaçı 1981-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1987-ci ildə institutu “elektron hesablayıcı maşınları” ixtisasını bitirmişdir. İddiaçının həyat yoldaşı Rauf Qəhrəmanov 16.12.2000-ci ildə, iddiaçının oğlu Qəhrəman isə 30.01.2007-ci ildə vəfat etmişdir. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, Fazilə Qəhəmanova 12.05.1981-ci il tarixdən 05.07.1988-ci il tarixədək, 09.04.1991-ci il tarixdən 01.09.1993-cü il tarixədək, 12.07.1994-cü il tarixdən 01.01.1997-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********9 saylı 08 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.( kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 2020-ci ilin 1 iyul tarixindən çoxuşaqlı qadınların pensiya yaşı 57 yaş müəyyən edilmişdir. Təqdim etdiyi 12.05.1981-ci il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə onun ümumi sığorta stajı 16 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabda 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (12 il) sığorta kapitalı 8903,82 manat, 01.01.2006-cı il tarixindən 2223,04 manat olmaqla, ümumilikdə 11126,86 manat təşkil edir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin qeyd edilmişdir ki, ona 14.11.2019-cu il tarixindən çoxuşaqlı qadın kimi yaşa görə müavinət təyin olunmuşdur. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 14.11.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, X2 ilə nikahda olmuş, birgə nikahlarından 5 uşağı olmuşdur. 10.10.1982-ci il təvəllüdlü X6, 18.10.1986-cı il təvəllüdlü X8, 21.01.1984cü il təvəllüdlü X3, 22.07.1988-ci il təvəllüdlü X5 və 15.03.1985-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Uşaqlarını 18 yaşına kimi özü böyüdüb tərbiyə edib. Həyat yoldaşı X2 16.12.2000-ci il tarixdə, oğlu X4 isə 30.01.2007-ci il tarixdə vəfat etmişdir. Onun 2006-cı ilə kimi 13 il əmək stajı vardır. Bu stajı əmək kitabçası ilə təsdiqlənir. 2006-cı ildən sonra da cəmi 1 il əmək stajı vardır. Bununla bağlı ona dövlət sosial sığorta şəhadətnaməsi də verilmişdir. Göründüyü kimi, onun 2006-cı ildən sonra sığorta stajı olduğundan 2006-cı ilə kimi sığorta stajı 25 il götürülür. Ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Bu da imtinanın əsassız olmasına dəlalət edir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1 -ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 - 22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. İddiaçı 18.06.2021-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılmış və 08.07.2021-ci il tarixli **********9 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasını İddiaçı təqdim etdiyi 12.05.1981-ci il tarixdə tərtib edilmiş İT-İ №0628470 saylı əmək kitabçasının surətinə əsasən onun ümumi sığorta stajının 16 il 11 ay olması təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabında 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (12 il) sığorta kapitalı 8903,82 manat, 01.01,2006-cı il tarixindən 2223,04 manat olmaqla ümumilikdə 11126,86 manat təşkil etmişdir ki, bu məbləğ də qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 57 yaşından çoxuşaqlı ana olduğu üçün yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanın beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi tələbini ödəsə də, qanunvericilikdə avtomatlaşdırılmış qaydada pensiya təyinatı yalnız pensiya yaşına çatmış və fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı ildən 01.07.2018-ci il tarixədək pensiya kapitalı toplanmış şəxslərə münasibətdə aparıldığından İddiaçı avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyinatının aparılması mümkün deyildir. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il iş stajı. Göründüyü kimi, şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9091/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin dəqiqləşdirilməsi barədə verdiyi ərizəyə uyğun olaraq dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsi və vəkilinə iddia tələbinin dəqiqləşdirilməsi barədə müvafiq ərizənin verilməsi ilə əlaqədar hüquqi yardım edildiyi üçün iddiaçının nümayəndəsi və vəkili bu barədə müvafiq ərizəni təqdim edərək, iddiaçıya 56 yaşının tamam olduğu 14.11.2018-ci il tarixdən yaşa görə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 08.07.2021-ci il tarixdir. İddiaçı isə iddia ilə məhkəməyə 04.08.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 14.11.2018-ci il tarixdən yaşa görə pensiya təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından sığorta stajının 25 ildən az, yəni 16 il 11 ay təşkil etməsi, eyni zamanda pensiya kapitalının kifayət qədər olmaması əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 01.01.2006-cı il tarixədək olan sığorta stajının 25 il kimi nəzərə alınmalı olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 2-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2022-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; Həmin Qanunun 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: Həmin Qanunun 22-1.4.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; Həmin Qanunun 22-1.4.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; Həmin Qanunun 22-1.4.3-cü maddəsinə əsasən bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; Həmin Qanunun 22-1.4.4-cü maddəsinə əsasən bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman formalaşdırdığı hüquqi mövqeyə əsasən “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericiliyin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsili barədə sənədləri (diplomları), əmək kitabçasını və 5 uşağının doğum şəhadətnamələrini təqdim etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair etirazın və apellyasiya şikayətinin məzmunundan məlum olur ki, iddiaçının ümumi sığorta stajı 16 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır, eyni zamanda fərdi hesabda 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (12 il) sığorta kapitalı 8903,82 manat, 01.01.2006-cı il tarixindən 2223,04 manat olmaqla, ümumilikdə 11126,86 manat təşkil edir, yəni cavabdeh iddiaçının 25 il stajının və ya kapitalının kifayət qədər olmasını mübahisələndirir. Aparılmış araşdırmalardan müəyyən olunur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi sığorta stajı 12 il 08 aydır (01.09.1980-31.07.1981-ci il texniki peşə məktəbində təhsil aldığı müddət, 12.05.1981-05.07.1988; 09.04.1991-01.09.1993; 12.07.1994- 01.01.1997-ci illərdə əmək fəaliyyətində olduğu dövr) (cavabdeh tərəfindən sığorta stajı olaraq 16 il 11 ay nəzərə alınmışdır), beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə edib. 01.01.2006-cı il tarixindən sonrakı dövr üzrə cavabdeh tərəfindən nəzərə alınan sığorta kapitalı 2223,04 manat olsa da, iddiaçı tərəfindən təqdim edilən elektron məlumat sistemindən çıxarışa əsasən 1956,18 manat sığorta kapitalı var. “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 2-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə olan halda iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olub 59 yaşı olsa da, onun qanunla yaşa görə əmək pensiya yaşı 61 yaş (2018 və 2019-cu illərdə 61 yaş müəyyən olunub) tələb olunduğu üçün bu yaş həddi 5 uşağa görə 5 il azaldılmaqla əmək pensiya hüququnu 56 yaşında qazanmış olur. Bununla yanaşı, iddiaçının 01.01.2006-cı il tarixdən sonra cavabdehin özünün də göstərdiyi kimi pensiya kapitalı (2223,04 manat) mövcud olduğundan bu hal onun 01.01.2006-cı il tarixədək 25 il stajının olması kimi qəbul olunur. Digər hala, yəni həm yaş həddinin hər uşağa görə 1 il azaldılması, həm də 01.01.2006-cı il tarixdən sonrakı pensiya kapitalının ən azı 1 manat olması ilə bağlı 01.01.2006-cı il tarixədək olan sığorta stajının 25 il götürülməsi ilə bağlı qanunun müddəalarının eyni anda tətbiqinə gəldikdə isə məhkəmə kollegiyası bu barədə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə göstərilən hər iki müddəanın eyni vaxtda tətbiqinin qeyri-mümkün olduğu nəzərdə tutulmamışdır. Belə olan halda həmin normaların eyni vaxtda tətbiqi qanunla istisna olunmadığı üçün Kollegiya bu halı iddiaçının vəziyyətini yüngülləşdirən hal kimi qəbul edir və hesab edir ki, hər iki normanın iddiaçının vəziyyətinə tətbiqi mümkün olduğundan (bununla bağlı məhdudiyyət qanunla müəyyən olunmadığından) onun yaşa görə (5 uşağa görə) pensiya təyin olunması ilə bağlı tələbi əsaslıdır və təmin olunmalıdır. Bir daha nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.4-cü maddəsi həmin maddənin 22-1.2.1.-ci maddəsinin tətbiqini istisna edən halları müəyyən etmişdir və həmin maddə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara tətbiqini, yəni yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnu istisna etmir. Odur ki, qeyd edilən maddi hüquq normalarının tələbinə görə iddiaçının yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır. Belə olan halda qanunun sığorta kapitalının tamamlanması ilə bağlı şərtinə əməl olunmasına lüzum qalmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunda və iddiaya dair yazılı etirazda qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarının nəticə hissəsində iddiaçıya hansı yaş və tarixdən əmək pensiyasının təyin edilməsini dəqiq olaraq göstərməmişdir. Bu halı Kollegiya kobud pozuntu hesab etmədiyi üçün həmin hal qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya yaşa görə təyin edilmiş əmək pensiyasının onun 56 yaşının tamam olduğu, yəni 14.11.2018-ci il tarixdən təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalı, bununla da cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9091/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarı İddiaçı yaşa görə təyin edilmiş əmək pensiyasının onun 56 yaşının tamam olduğu, yəni 14.11.2018-ci il tarixdən təyin edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar