Məhkəmə qərarları › İş №2-1(103)-949/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-949/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-949/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehna qarşı “əmək pensiyasının bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4389/2021 saylı, 26.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində dayandırılmış pensiya pulunun ödənilməsinin bərpa olunması və ona 5000 (beş min) manat maddi ziyana və 5000 (beş min) manat mənəvi ziyana görə pul məbləğinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2390/2017 saylı 26.05.2017-ci il tarixli Qərarı ilə ona “güzəştli şərtlərlə yaşa görə əmək Həmin qərara əsasən ona hər ay 1640 manat pensiya ödənilirdi. 2020-ci ilin dekabr ayından ona pensiya verilməsinə qadağa qoyulmuşdur. O, cavabdehə müraciət edib təyin edilmiş əmək pensiyasının bərpa olunması və ya yenidən hesablanmasını xahiş etmiş, lakin iki aya yuxan ona cavabdeh heç bir məlumat verməmişdir. Pensiya pulu almadığı müddət ərzində o, 5000 (beş min) manatdan yuxarı qohumlardan borc pul götürmüşdür. Sonradan, Bakı İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh - nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4389/2021 saylı, 26.10.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmuş və iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin edilməməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassızdır. Belə ki, məhkəmə qərar qəbul edərkən, mübahisənin mahiyyətini tam şəkildə dərk etməmişdir. Çünki, nazirliyin Daxili nəzarət və audit şöbəsində iddiaçının pensiya işi ilə əlaşədar aparılmış araşdırma nəticəsində AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən X2 ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı maddi sübut qismində götürülmüş sənədlər arasında İddiaçı əmək kitabçasının surətinin aşkar edildiyi müəyyən olunmuşdur. Bundan əlavə, DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən 63 yaşından 11.04.2014-cü il tarixində 309,29 manat məbləğində yaşa görə pensiya təyin olunmuş, lakin sonradan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2390/2017 saylı 26.05.2017-ci il tarixli qərarının qəbuluna nail olmaqla, 57 yaşından, 2008-ci ildən 2004- 2005-ci illərin əmək haqqı na əsasən yenidən hesablanmış yaranmış fərq məbləği (75533,42 manat) hissələrlə ödənilmiş, nəticədə iddiaçının aylıq pensiya məbləği 1291,78 manata yüksəlmiş, həmin məbləğ isə sonrakı, artımların təibiqi nəticəsində 01.01.2020-ci il tarixindən 1639,39 manata çatdırılmaqla ödənilmiş, 01.12.2020-ci il tarixdən isə aparılmış araşdırma ilə əlaqədar ödəniş dayandırılmışdır. Həmçinin, araşdırma nəticəsində onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olmadığı, ümumi mülahizələrlə qərar qəbul olunduğu müəyyən edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə istinad olunur). Məhkəmə kollegiyasının 24.02.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə xəbərdar edilsə də məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir). Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, cavabdeh tərəfindən iddiaçıya ödənilən pensiyanın dayandırılması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan RespublikasıQanununun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1- dən dayandırılır: 37.8.1.əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2.əmək pensiyaçısının dul arvadı(əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. İddiaçının əmək pensiyasının dayandırılması üçün isə qanunvericiliyin sadalağı həmin hallardan hər hansı biri baş verməmişdir. Belə ki, cavabdehin apellyasiya şikayətində sadaladığı hallar iddiaçıya qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən 57 yaşından güzəştli şərtlərlə təyin edilmiş və həmin qərarın icrası qaydasında ödənilən pensiyanın dayandırılmasına əsas ola bilməz. Birincisi, cavabdehin istinad etdiyi Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə yekun məhkəmə aktı mövcud deyil. İkincisi, həmin cinayət işi üzrə təqsirləndirilən X2 ofisində və mənzilində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı götürülmüş sənədlər arasında İddiaçı əmək kitabçasının surətinin aşkar edilməsi heç də onun hər hansı hüquqa zidd əməli törətdiyini deməyə əsas vermir. Üçüncüsü, ən azından, iddiaçıya 11.04.2008-ci il tarixindən güzəştli şərtlərələ yaşa görə 2004-2005-ci llərin əmək haqqı nəzərə alınmaqla, əmək pensiyasının təyin olunması və yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2390/2017 saylı 26.05.2017-ci il tarixli qərarı ləğv olunmamış, hal-hazırda da qüvvəsindədir. Dördüncüsü, inzibati icraat haqqında hüquq normalarına belə riayət olunmadan, yəni, inzibati icraat açılmadan, həmin icraata iddiaçı cəlb edilmədən və pensiyanın dayandırılması barədə müvfaiq qərar qəbul olunmadan qanunsuz faktiki hərəkətlərlə iddiaçıya verilən pensiya ödənişini dayandırmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh, inziabati icraat haqqında hüquq normaları ilə üzərinə düşən öhdəliyini də yerinə yetirməmiş, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın qismən təmin edilərək, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənişinin dayandırılmasına dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılmış pensiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4389/2021 saylı, 26.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4389/2021 saylı, 26.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Mirzə Tağızadə Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar