Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-95/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2- 1(81)-2943/2018 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 fevral 1988-ci ildən 09.10.1991-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün rəsmi olaraq ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının Füzuli rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi barədə dolğun məlumatlar olmadığından ona müharibə veteranı adının verilməsindən imtina edilməsi qanuni olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2943/2018 saylı, 26 noyabr 2018ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-532/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2943/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1672/2019 saylı iş üzrə 01 may 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-532/2019 saylı iş üzrə 21 fevral 2019-cu il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1679/2019 saylı iş üzrə 30 avqust 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2943/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2-1(102)-122/2020 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-1679/2019 saylı iş üzrə 30 avqust 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 01.02.1988-ci il tarixdən 09.10.1991-ci il tarixədək erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak edib-etməməsi, iştirak etdiyi təqdirdə isə təsdiqedici sənədlərin təsdiq olunmuş surətlərinin qısa müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməsinə dair 24.07.2018-ci il tarixli 3645 nömrəli məktubla Füzuli Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Füzuli Rayon İcra Hakimiyyətinin 08.08.2018-ci il tarixli 01/392 nömrəli cavab məktubunda İddiaçı 01.02.1988-ci ildən 09.10.1991-ci il tarixədək erməni işğalçılarına qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsinə dair yalnız Füzuli rayonu Qacar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışı olduğu bildirilmiş, başqa təsdiqedici sənədlərin mövcud olmaması göstərilmişdir. İddiaçı Füzuli rayon özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən digər sənədlər olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayəit üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə 18.02.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Əsasnamədən də görünür ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır. Yəni, şəxsin yerli özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri adlı siyahıların arxiv əmrləri ilə birgə təqdim edilməsi, eləcə də həmin şəxsin hərbi biletində onun səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydin olması vacib şərt kimi nəzərdə tutulmamışdır. Həm də nəzərə almaq lazımdır ki, iddiaçı könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşdüyünü iddia edir. Belə olan halda, ona müharibə veteranı adı verilməsi üçün əsas sübut şəxsin yerli özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri adlı siyahıdır. Həmin adlı siyahıların isə arxiv arayışları və ya hərbi biletdə olan qeydlərlə birgə təqdim edilməli olması barədə imperativ norma yoxdur. Ona görə də belə qənaətə gəlmək olar ki, adlı siyahılarla birgə, şəxsin özünümüdafiə dəstəsində, Əsasnamədə qeyd edilən zaman çərçivəsində və qeyd olunan ərazilərdə döyüşməsini təsdiq edən digər sübutlar da təqdim edilə bilər. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamışdır. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən həmçinin Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipi və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apelyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdududlaşmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi isə xidməti vəzifəsinə uyğun olaraq işin hallarını tam araşdırmaq məqsədi ilə belə sübutları tələb etməyə təşəbbüs göstərməmiş, təkrar apelyasiya baxışı zamanı yuxarı instansiya məhkəməsinin göstərişlərinə uyğun heç bir əlavə araşdırma aparmadan iddianı rədd etmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya instansiya məhkəməsi mübahisələndirilən məsələnin həlli məqsədilə əlavə sübutlar tələb etməli və həmin sübutlara əsasən tələbə qiymət verməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Tələbdən də göründüyü kimi iddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Həmin Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə bu zaman zəruri sənədlər məfumuna Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1964-ci ildə Füzuli rayonu, Qaçar kəndində doğulmuşdur və hazırda həmin kənddə qeydiyyatda olan məcburi köçkündür. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 07 noyabr 2017-ci il tarixli 689 nömrəli arayışına əsasən 1964-cü il təvəllüdlü İddiaçı həqiqətən 31.05.1983cü ildən 04.05.1985-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 02.10.1986-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata alınmışdır. İddiaçı cavabdeh orqana 2018ci ildə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmiş, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 02.05.2018-cı il tarixli, Ə/1122 saylı və Xidmətin Fizuli rayon Şöbəsinin 24.05.2018-ci il tarixli məktublarında Xidmətin aparatına təqdim edilən sənədlərdə iddiaçının özünəmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak edilməsinə dair arxiv sənədlər olmadığı üçün müharibə veteranı adı və vəsiqəsi verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Yuxarıda qeyd olunan arxiv arayışından da göründüyü kimi iddiaçının özünəmüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak edilməsinə dair arxiv sənədlər olmadığı üçün müharibə veteranı adı və vəsiqəsi verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 04.10.2018-ci il tarixli, 708 nömrəli arayışından görünür ki, iddiaçının adı Füzuli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01.02.1988-ci il tarixdən 09.10.1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında 36-cı sayda göstərilmişdir. Kollegiya qeyd edir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının 36-cı sırada göstərildiyi qeyd edilsə də, iddiaçının döyüş əməliyyatlarında iştirakını təsdiq edən digər sübutlar nə cavabdeh orqana, nə məhkəməyə təqdim edilmişdir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İstinad olunan normalardan göründüyü kimi müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bu isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Belə olduğu təqdirdə kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən, hərbi bilet əsasında müharibə veteranı adı həmin şəxslərin hərbi bileti ilə eyni zamanda hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda verilir. Hazırkı iş üzrə isə iddiaçının hərbi biletində səfərbərlik üzrə hərbi xidmətdən ehtiyata buraxılması barədə qeyd edilməmişdir. İddiaçının, eyni zamanda, qanuni əsaslarla ordudan tərxis olunması barədə nə hərbi hissələrin nizami hissə üzrə əmrləri, nə də arxiv arayışları mövcuddur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin normaların tələbləri birinci instansiyası məhkəməsi tərəfindən pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin əsaslı olması ilə bağlı əlavə sübutların təqdim olunması üçün məhkəmə iclasları bir neçə dəfə təxirə salınaraq iddiaçıya imkan yaradılsa da, iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin 23 oktyabr 2018ci il tarixli, 01/511 saylı məktubuna əlavə olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı Füzuli rayonu ərazisində könüllü yerli özünümüdafiə dəstələrinin tərkibində 01 fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək olan dövrdə aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısından çıxarışda İddiaçı adının 36-cı sırada göstərildiyi qeyd edilsə də, digər sübutlarla bu öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2- 1(81)-2943/2018 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2-1(81)- 2943/2018 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-95/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-95/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver