Məhkəmə qərarları › İş №2-1(103)-950/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-950/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-950/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “pul” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “pul” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1294/2020 saylı 20 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində son haq-hesab üzrə hesablama aparılması və onun nəticəsində müəyyən edilmiş 1989, 1990, 1991, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərdən müəyyən edilmiş cəmi 469.5 gün məzuniyyətlərin dəyərinin, müəyyən edilmiş bir gün əmək haqqı məbləği olan 52.79 manat məbləğə vuraraq əldə edilən 24784.90 manat məbləğdə vəsaitdən cavabdeh tərəfindən ona ödənilmiş 20140 manat vəsait çıxmaqla qalan 4644.90 manat dəyərində vəsaitin, bundan əlavə 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək, sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş (sonuncu əmək haqqı olan 1070.25 manat məbləğində hər ay olmaqla) cəmi 8562 manat əmək haqqının və hər iki vəsaitlər üzrə ümumilikdə müəyyən edilmiş 13206.90 manat dəyərində vəsaitin, eləcə də sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğdə yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, prokurorluq orqanlarında 12 oktyabr 1981ci il tarixdən 01 iyun 2009-cu il tarixədək xidmət etmiş, Azərbaycan Respublikasına 1989-cu ilin aprel ayının 19-dan keçmiş SSRİ Baş Prokurorluğundan köçürmə yolu ilə gəlmiş və həmin vaxtdan 01.06.2009-cu il tarixədək Azərbaycan Respublikasının prokururluq orqanlarında xidmət etmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeydlər vardır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunda xidmət etdiyi zaman, 04.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon prokurorunun müavini vəzifəsindən aşağı vəzifəyə keçirilməsi haqqında barəsində Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən 04.07.2000-ci il tarixli, 02/60-03/239-k saylı (qanunsuz) əmr verilmişdir. Aşağı vəzifəyə keçirilməsi haqqında verilmiş həmin əmrdən sonra 04.07.2000-ci il tarixdən 14.02.2001-ci ilə tarixədək, yəni 8 ay müddətində sərəncamda olmuş və yalnız 14.02.2001-ci il tarixdə Baş Prokurorun N03/207-K saylı əmri ilə o, Abşeron rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur. Sərəncamda olduğu 8 ay müddətində ona heç bir əmək haqqı və qanunla nəzərdə tutulan digər müavinətlər verilməmişdir. Belə ki, 2009-cu ildə işdən azad edildiyi vaxt cavabdeh tərəfindən barəsində aparılmış son haqq-hesab zamanı, eləcə də bundan sonra 2018-ci ilin iyun ayında onun cavabdehə göndərdiyi ərizələri üzrə aparılmış əlavə hesablama vaxtı cavabdeh tərəfindən onun sərəncamda olduğu həmin 8 ay müddət üzrə ona verilməli olan əmək haqqı hesablanmamış və onun ödənilməsi təmin edilməmişdir. Son haqq-hesab barədə sənədlərdən açıq-aydın görünür ki, 2009-cu ilin dekabr ayında aparılmış haqq-hesab zamanı Azərbaycan Respublikasında xidmət etdiyi 20 il müddətində yalnız məzuniyyətdən istifadə etmədiyi illər üzrə ödəmələr hesablanmışdır. Eləcə də həmin vaxt ona ödənilmiş vəsaitə dair hesablama arayışından da açıq-aydın görünür ki, sərəncamda olduğu müddət üzrə almadığı əmək haqqı nəzərə alınmamış və hesablanmamışdır. Bundan əlavə sərəncamda olduğu 8 ay müddətində ona əmək haqqının verilməməsi faktı digər sübutlarla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasında xidmət etdiyi 20 il ərzində (1989- 2009) o, cəmi 6 dəfə, yəni 1990, 1991, 1998-ci, 2004-2006-ci illərdə məzuniyyətə getmişdir. Qalan 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə isə məzuniyyət hüququndan istifadə etməmişdir. Cavabdeh onun barəsində hesablama apararkən 1989-cu ildən 1999-cu il müddət üzrə həmin zaman qüvvədə olan Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin normalarını düzgün tətbiq etməmiş, eləcə də 2000-ci ildən bəri müddət üzrə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin normalarını ciddi pozmuşdur. Qanun və Normaların tələblərinə əsasən o, Azərbaycan Respublikasına köçürmə yolu ilə gəldiyinə görə 1989-cu ildə ona məzuniyyət verilməsindən ötrü Azərbaycan Respublikasında 11 ay xidmət etmək zəruriyyəti yaranmamışdır. Eləcə də həmin vaxt onun artıq 9 il iş stajı olduğuna görə, ona 1989-cu il üzrə 27 gün deyil, 39 gün (yəni 15 gün əsas məzuniyyət+24 gün əlavə məzuniyyət günləri və bunun cəmi=39 gün) müddətində məzuniyyət verilməli idi. Hesablama zamanı 1989-cu ildən 1999-cu ilədək həmin vaxtı qüvvədə olan əmək qanunvericiliyin, bundan sonra 2000-ci ildən 2009-cu ilədək qüvvədə olan əmək qanunvericiliyin normalarını tətbiq edərək, ona 1989-ci il üzrə 39 gün, 1990-1991ci il üzrə 25 gün, 1992-ci -1997-ci ilədək hər il üzrə 39 gün, 1999-cu il üzrə 39 gün, 2000- 2003-cü illər üzrə hər il 30 gün və 2009-cu il üzrə 5 ay işlədiyi səbəbə görə 12,5 gün olmaqla, cəmi- 469,5 gün müəyyən edilib hesablanmalı idi. (ƏM-114, 116, 136 və 144-cü maddələri). Lakin cavabdeh tərəfindən 402 gün müəyyən olunmuşdur. Bundan əlavə cavabdeh tərəfindən barəsində son haqq-hesablamanın düzgün aparılmaması, hesablama zamanı orta əmək (bir gün əmək) haqqının məbləğinin də düzgün müəyyən edilməməsi ilə təsdiq olunur. Ona sonuncu məzuniyyət 2008-ci il üzrə 19 dekabr 2008-ci il tarixli, 367 saylı əmrlə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1294/2020 saylı 20 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iddianın təmin edilməsi və qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iş üzrə obyektiv araşdırılma aparılmalı və işdə olan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Məhkəmə qərar qəbul edərkən cavabdeh tərəfindən iddia tələbində qoyulmuş əmək haqqı və kompensasiyanın hamısının ona ödənilməsi qənaətinə gəlmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Buna da səbəb kimi ödəmələrə dair həmin sənədlərin saxlama müddətinin ötdüyünə görə məhv edilməsi və cavabdeh orqan tərəfindən təqdim edilməsinin mümkün olmaması göstərilmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı tələbi 3 hissədən ibarətdir:

1. onun barəsində son haq-hesab üzrə hesablama aparılması və onun nəticəsində müəyyən edilmiş 1989, 1990, 1991, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərdən müəyyən edilmiş cəmi 469.5 gün məzuniyyətlərin dəyərinin, müəyyən edilmiş bir gün əmək haqqı məbləği olan 52.79 manat məbləğə vuraraq əldə edilən 24784.90 manat məbləğdə vəsaitdən cavabdeh tərəfindən ona ödənilmiş 20140 manat vəsait çıxmaqla qalan 4644.90 manat dəyərində vəsaitin;

2. 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş (sonuncu əmək haqqı olan 1070.25 manat məbləğində hər ay olmaqla) cəmi 8562 manat pul vəsaitinin, hər iki vəsaitlər üzrə ümumilikdə müəyyən edilmiş 13206.90 manat dəyərində vəsaitin,

3. sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq məbləğdə yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin də cavabdeh tərəfindən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin təmin olunmasına, eyni zamanda onun iddia müddətini ötürməklə məhkəməyə müraciət etməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxıb qərar qəbul etməklə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakı məsələləri diqqətə çəkir: Əvvəla qeyd olunmalıdır ki, bundan əvvəl iddiaçının Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı oxşar tələblərlə bağlı iddiası olmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş (cild İİ, i.v. 111-118) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2721/2019 saylı 20 noyabr 2019-cu il tarixli qərarından görünür ki, iddiaçının həmin inzibati işdə tələbi “Azərbaycan Respublikası prokurorluq orqanlarında xidmət etdiyi 1989-cu ildən 2009-cu ilədək məzuniyyətdən istifadə etmədiyi 1989, 1992- 1997, 1999-2003 və 2009-cu illər üzrə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8-ci, 20.9-cu və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq yardımın, 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin, eləcə də, məzuniyyətdə olduğu 2004-2006-cı illər üzrə ona ödənilməmiş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan müalicə üçün 2 aylıq məbləğində yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin sonuncu iş yeri üzrə “böyük köməkçi” vəzifəsi və “kiçik ədliyyə müşaviri” rütbə maaşlarına müvafiq olaraq yenidən hesablanması və müəyyən edilmiş həmin ümumi məbləğdən, 2009-cu ildə cavabdeh tərəfindən ona son haqq-hesab edilən zaman ödənilmiş 20.140,20 manat məbləğin dəyərini həmin məbləğdən çıxmaqla, ödənilməmiş qalan məbləğin ona ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə olmuşdur. Həmin iş üzrə iddia 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3957/2018 saylı 03 dekabr 2018-ci il tarixli qərarı ilə rədd edilmiş və sözügedən məhkəmə qərarı yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə 1989, 1992-1997, 1999-2003, 2009-cu illərdə istifadə etmədiyi məzuniyyətlərlə bağlı, eləcə də onun sərəncamda olduğu 2001-ci ildə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan 2 aylıq əmək haqqının, müalicə üçün 2 aylıq yardımın və 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətlərinin ona ödənilməsi barədə iddia tələbləri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2721/2019 saylı 20 noyabr 2019-cu il tarixli qərarı ilə münasibət bildirilmiş iddia tələblərinin bir hissəsi ilə, yəni onun 1989-cu ildən 2009-cu ilədək istifadə etmədiyi məzuniyyətlərlə bağlı, eləcə də həmin illər üzrə (o cümlədən bu işdə tələb etdiyi 2001-ci il sərəncamda olduğu müddət də daxil olmaqla) adı çəkilən Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan pul təminatlarının ödənilməsi barədə iddia tələbləri ilə eynilik təşkil edir. Sadəcə həmin iddia tələbləri arasındakı fərq yalnız hazırki işdə istifadə olunmayan məzuniyyət günlərinə görə tələb olunan kompensasiyanın əlavə olaraq iddiaçı tərəfindən həm də 1990, 1991-ci illər üzrə tələb olunması ilə bağlıdır. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının bu işdə qoyduğu (1989, 1992-1997, 1999-2003, 2009-cu illər üzrə istifadə edilməyən məzuniyyətlərə görə və onun sərəncamda olduğu 2001-ci il üzrə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulan pul vəsaitlərinin ona ödənilməsi barədə) və artıq əvvəllər inzibati məhkəmə icraatında olmuş inzibati iş üzrə kassasiya instansiya məhkəməsinin hüquqi mövqe bildirdiyi bu tələblərə yenidən mahiyyəti üzrə baxıb qərar qəbul etməkdə haqlı olmamışdır. Odur ki, həmin tələblər üzrə iddia bu səbəbdən qeyri-mümkün sayılmalıdır. Digər tərəfdən, iddiaçı tərəfindən hazırki işdə əlavə olaraq qoyulan- 1990-1991-ci illər üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya və 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək onun sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş pulların tələb olunması barədə iddia tələbləri üzrə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçının mübahisə açdığı məsələ (əlavə olaraq bu işdə qoyulan və yeni tələb kimi çıxış edən- 1990-1991-ci illər üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya və 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək onun sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş pulların ödənilməsi) İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. İddiaçı ilə bağlı əmək münasibətlərinə xitam verildiyi tarix 2009-cu il olmuş, iddia tələbində 1990-1991-ci illər arasında cavabdeh tərəfindən pozulmuş hüquqların bərpası, yəni həmin dövrdə işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya, 2000-2001-ci illərdə sərəncamda olduğu müddətdə ona verilməmiş pulların ödənilməsi xahiş olunur. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Beləliklə, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Lakin hazırki işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi pul tələbləri ilə (1990-1991-ci illər üzrə istifadə olunmayan məzuniyyət günlərinə görə kompensasiya və 04.07.2000-ci il tarixdən 14.02.2001-ci il tarixədək onun sərəncamda olduğu 8 ay müddətində cavabdeh tərəfindən ona verilməmiş pulların ödənilməsi barədə) məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, eyni hüquqi mövqe oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarlarda da (2-1(102)-478/2021 saylı inzibati işdə) öz əksini tapmışdır. Bununla da, işə birinci instansiya qaydasında baxmış məhkəmə qeyd olunan halları araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılması üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1294/2020 saylı 20 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar