Məhkəmə qərarları › İş №2-1(103)-951/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-951/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-951/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin təsdiq edilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5070/2021 saylı, 29.10.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 Bakı şəhər İH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv metr torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 13 nömrəli 11.01.1998-ci il tarixli sərəncamına əsasən X3 fərdi ev tikintisi məqsədilə BŞlHin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv metr torpaq sahəsi ayrılmışdır. “Binəqədineft" NQÇİ-nin rəisinin Binəqədi rayon İcra Hakimiyyətinə ünvanladığı 06-4/953 saylı 03.11.1998-ci il tarixli məktubundan görünür ki, “Binəqədineft” NQÇİ vətəndaş X4 Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış massivdən fərdi ev tikmək üçün bir pay torpaq sahəsi ayrılmasına etiraz etməmiş və torpaq sahəsinin sxemi də məktuba əlavə edilmişdir. X1 torpaq sahəsinin cizgisini təsdiq etdirə bilməmişdir. Belə ki, O, 21.03.2010-cu il tarixdə vəfat etmişdir. İddiaçı onun həyat yoldaşı olub və hazırda qeyd edilən torpaq sahəsi onun istifadəsindədir. Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 Bakı şəhər İH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv. m. torpaq sahəsinin cizgisinin təsdiq edilməsi ilə bağlı 15.02.2021-ci il tarixdə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən indiyə kimi heç bir rəsmi cavab verilməmişdir. Əvvəlki müraciətinə cavabda isə təqdim edilən cizgi ilə torpaq sahəsinin mövcud ölçüləri arasında uyğunsuzluq olması müəyyən edildiyi, torpaq sahəsinin cizgisinin arxiv arayışının rayon icra hakimiyyətinə təqdim ediləcəyi təqdirdə müraciətə baxılacağı bildirilmişdir. Hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin bu hərəkəti qanunsuzdur. Çünki Binəqədi RİHBnin Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən imzalanmış və möhürlənmiş cizginin vaxtında arxivə təhvil verilməməsi iddiaçının günahı ucbatından baş verməmişdir. İddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 ayrılmış 600 kv.m torpaq sahəsinin cizgisinin təsdiq edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması kimi qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5070/2021 saylı, 29.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5070/2021 saylı, 29.10.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi cizginin yerində araşdırılması zamanı müəyyən edilmişdir ki, iki yerə bölünmüş həyət evlərinin ortasından hasar çəkilmiş və təqdim edilmiş cizgi iki fərdi yaşayış evini əhatə etməklə qanunsuz tikililərin tanınmasına yönəlmişdir. Əlində olan 600 kv.m sənəd əsasında faktiki iki yerə bölünmüş torpaq sahəsinin tanınmasını istəyir. İddiaçı ümumilikdə 22 sot torpaq sahəsini hasara almış və orada qanunsuz olaraq üç fərdi yaşayış evini tikmiş, əlində olan 600 kv.m torpaq sahəsinin sənədlərindən istifadə etməklə iki fərdi yaşayış evlərinin tanınmasına nail olmaq istəyir (sputnik görüntüsü əlavə olunur). Müvafiq dövlət qurumu tərəfindən iddiaçıya ayrılan torpaq sahəsinin ölçülərinin götürülməsi məqsədi ilə əraziyə baxış keçirildikdən və plan-cizginin uyğunluğu yoxlanıldıqdan sonra “qanuni gözləntisi”nin olması üçün əsas ola bilər. İddiaçı qanunsuz olaraq ona ayrılmış torpaq sahəsindən əlavə 18 sot torpaq sahəsini zəbt etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994cü il tarixli Sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim ədilmiş cizgi əsasında 600 kv.m torpaq sahəsinin cizgisi yalnız yuxarıda qeyd olunan müvafiq prosessual hərəkətlər həyata keçdikdən sonra təsdiq oluna bilər, əks halda qeyrimüəyyən cizginin təsdiq olunması qonşu torpaq sahələrində hüquq sahiblərinin mənafelərinin pozulması ilə nəticələnə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - İddiaçının müraciətinə cavab olaraq Binəqədi rayon icra hakimiyyəti tərəfindən bildirilmişdir ki, sənədlərin araşdırılması zamanı təqdim edilən cizgi ilə torpaq sahəsinin mövcud ölçüləri arasında uyğunsuzluq olduğu məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, əlavə torpaq sahəsinə və mövcud tikiliyə dair hüquqmüəyyənedici sənədlərin surətinin, həmçinin sözügüdən torpaq sahəsinin cizgisinin Arxiv arayışı Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra müraciətinə yenidən baxıla bilər. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən vətəndaş Z.İddiaçı fərdi ev tikintisi məqsədi ilə BŞİH-nin 659 saylı 02.05.1994-cü tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən torpaq sahəsinin ayrılması haqqında Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamı təqdim edilmişdir. Həmin sərəncama əsasən müəyyən olunur ki, vətəndaş X4 fərdi ev tikintisi məqsədi ilə BŞİH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Z.İddiaçı bir pay torpaq sahəsinin ayrılmasına dair “Binəqədineft” NQÇİ-nin Binəqədi rayon icra hakimiyyətinə 03.11.1998-ci il tarixli müraciəti və “Binəqədineft” NQÇİ-nin geoloqu tərəfindən torpaq sahəsinin sxemi arxiv sənədlərinə əlavə edilmişdir (Əsas: Fond – 146, siy-1, iş-1322, vər- 45, 46, 48). - Ölüm haqqında şəhadətnaməyə əsasən, X5 21.03.2010-cu il tarixdə vəfat etmişdir. - Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X6 ilə X11 arasındakı nikah 20.08.1983-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, nikahdan sonra arvada “Mamedova” soyadı verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyinin alınması haqqında qərardad qəbul edilmişdir: o BŞİH başçısının 02.05.1994-cü il tarixli 659 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsinin cənub hissəsində, Şamaxı şossesində “Binəqədi-Neft” istehsalat birliyinin işçilərinə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsindən Binəqədi rayon icra hakimiyyəti başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli Sərəncamına əsasən X2 ayrılmış 600 kv.m. torpaq sahəsinin (bundan sonra-torpaq sahəsi) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunması barədə; o Həmin torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); o Həmin torpaq sahəsi üzərində hüququn forması barədə (dövlət, bələdiyyə və xüsusi mülkiyyət); o Həmin torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən müəyyən olunur ki, iddiaçının idda etdiyi və natirada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin mütəxəssisləri ölçülmüş ərazinin baza məlumatlarını və sair texniki parametrlərini əks etdirən sxemlər hazırlanmış, həmin sxemlər rəyə əlavə olunmuşdur. Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: o Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamının əlavəsi olan müraciətə əlavə edilmiş cizgi miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafə göstərilməklə hazırlanmadığından və hazırlandığı müddətdən uzun illər keçdiyi üçün situasiyanın dəyişdiyindən bu cizgidə qeyd edilən torpaq sahəsinin naturada yerinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli sərəncamına əsasən X2 ayrılmış torpaq sahəsinin sənəd üzrə (sxemdə qeyd edilən torpaq sahəsini koordinata gətirilməsi) yerləşmə yerini naturada müəyyən etmək mümkün olmamışdır. Lakin İddiaçı iddia etdiyi və naturada göstərdiyi Sulu-Təpə qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki sahəsi (622 kv.m.) ölçülüb koordinatları müəyyən edilmişdir. Sxem rəyə əlavə edilmişdir; o Həmin torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində olmaqla məqsədli təyinatı sənaye, nəqliyyat, rabitə təyinatlı torpaq sahəsidir; o Həmin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır; o Həmin torpaq sahəsindən istifadəyə dair yüklənmə (məhdudiyyətlər) barədə məlumat aşkar edilmədi. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamına əsasən, vətəndaş X4 fərdi yaşayış evinin tikintisi məqsədi ilə BŞİHnin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə “Binəqədineft” NQÇİ-nin işçilərinə ayrılmış ərazidən təqdim edilmiş cizgi əsasında 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Sərəncamın 2-ci bəndinə əsasən torpağın ayrılması rayonun baş memarına tapşırılmışdır. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə üzrə nümayəndəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi (Sulutəpə) ərazisində vətəndaş X4 BŞİH-nin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m. torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına X10 Presedent hüququnun mülkiyyət hüququna dair müddəalarını, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsini, torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 14, 22, 29, 57-ci maddələrini, Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsini tətbiq etməklə hesab etmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilmiş olsa da, sərəncam tam şəkildə icra edilməmiş, torpaq sahəsinin hüdudlarını müəyyən edən səlahiyyətli qurum tərəfindən təsdiq edilmiş dəqiq cizgi mövcud deyildir. Məhkəmə araşdırması zamanı həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Sxem iş materiallarında mövcuddur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı müvafiq öhdəliyin qoyulmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Ona görə də iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən qüvvədə olmuş Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il № 372 fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir (16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür). Həmin Əsasnamənin 13-cü maddəsinin (İcra hakimiyyəti başçısının əsas səlahiyyətləri) “q)” bəndinə əsasən torpaqdan istifadə, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı məhz Bakı şəhər İcra Hakimiyyətinin 659 saylı 02.05.1994-cü il tarixli sərəncamı və Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 11.01.1998-ci il tarixli 13 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi (Sulutəpə) ərazisində X2 ayrılmış 600 kv. m. torpaq sahəsinin cizgisinin təsdiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı iddia etdiyi və naturada göstərdiyi Sulu-Təpə qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki sahəsinin 622 kv.m. olduğu müəyyən edilmişdir. İddiaçı isə məhz sərəncama əsasən ona verilmiş torpaq sahəsinə dair cizginin təsdiq edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5070/2021 saylı, 29.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar