Məhkəmə qərarları › İş №2-1(103)-952/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-952/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-952/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)- 5043/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-5043/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim Ş.Həsənova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 03.02.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, əmək pensiyasın yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiasının hüquqi əsasının dəyişdirilməsini qəbul edib Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2008-ci il tarixli Qərarının göstərişlərinə əməl etməklə 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 5-ci hissəsinin müddəasını tətbiq etməklə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən əmək pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsinə edilmiş və 01.09.2019-cu il tarixdən qüvvəyə minmiş 12 iyul 2019-cu il tarixli Qanunda göstərilmişdir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşı əlavə ödənilir; Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin aylıq vəzifə maaşı Azərbaycan Respublikası Milli Məclisinin sədrinin aylıq vəzifə maaşı həcmində (2475 manat) müəyyən edilir; hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı ödənilir. Ali Məhkəmənin sədrinin vəzifə maaşı Milli Məclisin sədrinin aylıq vəzifə maaşı həcmində 2475 manat müəyyən edildiyinə görə rayon məhkəmə hakiminin aylıq vəzifə maaşı rayon məhkəmə sədrinin vəzifə maaşının 80 faizi olmaqla 1385,6 manat müəyyən edilmişdir. 2019cu ilin oktyabr ayına dair əmək pensiyası hesablanarkən rayon məhkəmə hakimlərinin aylıq vəzifə maaşının 1385.6 manat olması nəzərə alınmış, lakin, hakimlərə ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərini yerinə yetirilməsi ilə bağlı ödənilən 25 faiz pul təminatının 15 faizi əvvələr olduğu kimi nəzərə alınmış, yeni artırılmış 10 faiz nəzərə alınmamışdır. “Əmək pensiyaları haqqında" Qanunun 20.7-ci maddəsinin tələbinə görə əmək pensiyası hesablanarkən “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində edilmiş dəyişiklik haqqında" Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaş həcmində vəzifə maaşının əlavə ödənilməsi və hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi deyil, 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsi nəzərə alınmalıdır. Lakin DSMF-nin Yasamal rayon şöbəsi əmək pensiyasını hesablayarkən qeyd etdiyi artımları nəzərə almamışdır. Onun pensiya işi DSMF-nin Yasamal rayon şöbəsindən Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş və həmin idarədə də pensiyası hesablanarkən yuxarıda qeyd etdiyi artımlar nəzərə alınmamışdır. O, əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 27 yanvar 2020-ci il tarixli ərizəsi ilə müraciət etmişdir və ərizəsi iddia ərizəsi əlavə etdiyi “poçt göndərişinin verilinəsi haqqında" xəbərnamədən göründüyü kimi 30 yanvar 2020-ci il tarixdə nazirliyə daxil olmuşdur. Həmin ərizəsi nazirlikdən Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş, oradan isə baxılması üçün cavabdeh Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Xüsusi Şərtlərlə Təyinat İdarəsinə gedib ərizəsi baxılmasının nəticəsini öyrənmək istədi və ona bildirmişlər ki, ərizəsinə rəsmi cavab göndərəcəyik. Lakin, bu günə qədər ərizəsi cavab verilməmişdir. Hesab etmişdir ki, cavabdeh ərizəsinə cavab verməkdən imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.02.2014-cü il tarixli qərarı qüvvəsini itirmədiyinə görə ona həmin qərarın müddəalarının tətbiq edilməli olduğunu bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini, birinici instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul ediılməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuşdur. - 16.10.2019-cu il tarixli iddiaçının cavabdəhə ünvanladığı ərizədən və Azərpoçt MMCnin 16.10.2019-cu il tarixli qəbzindən görünür ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması və yenidən hesablanarkən hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavənin və hakimlərə səlaiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatının ödənilməsinin nəzərə alınması, eləcə də əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsini xahiş etmişdir. - İddiaçıya məxsus 19.09.1980-ci il tarixli əmək kitabçasının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 03.07.1988-cı ildən 02.09.2000-ci il tarixədək Lənkəran rayon xalq məhkəməsinin hakimi, 02.09.2000-ci ildən 28.07.2007-ci il tarixədək Bakı şəhəri Sabunçu rayon hakimi vəzifələrində işləmişdir. - Məhkəməyə təqdim edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin 12.09.2008-ci il tarixli qərarı ilə İddiaçı İİ qrup əlilliyə görə hakim kimi 01.08.2008-01.09.2009cu il tarixədək 933,89 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal şöbəsinin pensiya dəyişdirilməsi haqqında 13.08.2014-cü il tarixli sərəncamına əsasən İddiaçı 1344,44 manat, 27.01.2015-ci il tarixli sərəncamına əsasən 1436,20 manat, 07.2018-ci il tarixli sərəncamına əsasən 2081,72 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 29.05.2020-ci il tarixli, **********9 №-li qərarı ilə əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanaraq (01.09.2019-cu il tarixdən s.y.y. pul təminatı – 25 faiz) 2420,88 manat müəyyən edilmişdir. Belə ki, 12 iyul 2019-cu il tarixli, 1647-VQD №-li “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa əsasən 01.09.2019-cu il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 106-ci maddəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı 03.07.1988-cı ildən 02.09.2000-ci il tarixədək Lənkəran rayon xalq məhkəməsinin hakimi, 02.09.2000-ci ildən 28.07.2007-ci il tarixədək Bakı şəhəri Sabunçu rayon hakimi vəzifələrində işləmişdir. 28 iyul 2007-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar hakim səlahiyyətlərinə xitam verilmiş, cavabdeh inzibati orqanın 12.09.2008-ci il tarixli qərarına əsasən iddiaçının 19 illik hakimlik stajı nəzərə alınmaqla 2-ci qrup əlilliklə ona pensiya təyin edilmişdir. Hazırda İddiaçı “Məhkəmələr və hakimlər haqqında" Qanunun 106-cı maddəsində edilmiş dəyişiklik haqqında" 12 iyul 2019-cu il tarixli, 1647- VQD №-li Qanunda qeyd edilmiş hakimlərə bir aylıq vəzifə maaş həcmində vəzifə maaşının əlavə ödənilməsini nəzərə alaraq əmək pensiyasının yenidən hesablanması və əmək pensiyanın az hesablanması ilə əlaqədar yaranmış fərqin ona ödənilməsini cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı 28.07.2007-ci il tarixədək hakim işlədiyindən, bununla da “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-ci maddəsinə 12 iyul 2019-cu il tarixli, 1647-VQD №-li Qanuna əsasən edilmiş dəyişikliklərlə nəzərdə tutulmuş əlavələri işlədiyi dövrdə almadığı üçün həmin əlavələr iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Ona görə də cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-5043/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-5043/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar