Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-952/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8724/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********143600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli, xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-65030/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) e-2-1(112)-8724/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli, **********052100 nömrəli, xx.xx.2024-cü il tarixli, **********393600 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-65030/2024 nömrəli qərarları ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı uçot baza məlumatlarına əsasən xx.xx.2004-cü il tarixdə vergi qeydiyyatına alınmış və əsas fəaliyyət sahəsi “Sanitar dərman və oxşar xidmətlər”, əlavə olaraq “Mərkəzi ofislərin fəaliyyəti” və “Malların saxlanması və anbarlara yığılması üzrə fəaliyyəti” olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 2023-cü il mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 264.191,50 manat dəyərində e-qaimə fakturalar xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Həmçinin, 2023-cü il mənfəət vergisi bəyannaməsinin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər”, "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannamənin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə “Ehtiyatlar”ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (264.191,50 manat riskli eqaimə fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər ), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 265.175.04 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən vergi öhdəliyinin yayınması halı kimi qiymətləndirilmişdir. Bununla yanaşı, vergi ödəyicisi tərəfindən 2024-cü il yanvar ayı üzrə xx.xx.2024-cü il tarixdə və 2024-cü il mart ayı üzrə xx.xx.2024-cü il tarixdə, həmçinin xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş bəyannamə araşdırılarkən xx.xx.2023xx.xx.2023-cü il dövrləri üzrə vergi orqanı tərəfindən riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş müvafiq elektron qaimə-fakturalara əsasən (riskli elektron qaimə fakturaların siyahısı qoşma faylda təqdim edilir) vergi ödəyicisi tərəfindən əldə edilmiş 264191,50 manat (ƏDV-siz) dəyərində elektron qaimə-fakturaların əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər xərc sənədi kimi nəzərə alınmamışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə 2024-cü ilin yanvar ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********998000 nömrəli, 2024-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə xx.xx.2024-cü il tarixli **********184900 nömrəli və 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə isə xx.xx.2024-cü il tarixli **********995500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2024-cü ilin yanvar ayı üçün 20.934,63 manat, mart ayı üçün 6390,00 manat əlavə dəyər vergisi bəyannamələri üzrə, 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə isə 53.035.01 manat əlavə vergi məbləği hesablanmış və bu barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********143600 nömrəli, xx.xx.2024-cü il tarixli **********052100 nömrəli və xx.xx.2024-cü il tarixli **********393600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Həmçinin vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsərrüfat subyektində (obyektində) xx.xx.2024-cü il tarixli, **********549600 nömrəli qərarla keçirilmiş vergi nəzarəti tədbirinin nəticələrinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilmişdir. xx.xx.2024-cü il tarixli **********577500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara münasibətdə bildirir ki, vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən 45970,47 manat dəyərində e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən 27324,63 manat ƏDV məbləği nəzərə alınmaqla 18645,84 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********756800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannamələrinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2024-cü ilin iyun ayı üçün 18645,84 manat manat əlavə vergi məbləği hesablanmış və bu barədə müvafiq olaraq xx.xx.2024-cü il tarixli **********577500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçının əməliyyat apardığı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektlərinin olduğu yeri müəyyən etmək üçün qeyd olunan ünvanda müşahidə baxış zamanı qeyd olunan hüquqi şəxsin həmin ünvanda olmadığı məlum olmuşdur. Həmçinin keçmişdə obyekti icarəyə vermiş fiziki şəxs X3 ilə əlaqə saxlanılmış və həmin şəxs 5 il öncə obyekti satdıqlarını qeyd olunan ödəyicinin saxta imza vasitəsilə obyekti vergi orqanında uçota qoyduğunu və bununla bağlı vergi orqanına məktub yazdığını bildirmişdir. Həmçinin "xxxx" MMC-nin və MT-Sistem” MMC-nin təsərrüfat subyektinə (obyektinə) müşahidə baxış keçirilən zaman obyektinin vəziyyətinin bağlı olduğu müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən vergi nəzarəti tədbiri ilə faktiki olaraq əmtəəsiz əməliyyatın aparılmasının təsdiq edilməməsi qeyd edərkən məhkəmə cavabdeh tərəfindən təqdim olunan sübutlara düzgün qiymət verməmişdir. Belə ki, vergi orqanı tərəfindən əməliyyatın əmtəssiz olmasının araşdırılması zamanı "xxxx" MMC-nin, "xxxx" MMC-nin və MT-Sistem” MMC-nin təsərrüfat subyektlərinə (obyektinə) müşahidə baxış keçirilmiş və həmin MMC-lərin obyektlərinin bağlı olduğu, hətta "xxxx" MMC-nin həmin ünvanda olmadığı məlum olmuşdur. Məhkəmə qərarından da görünür ki, məhkəməyə baxış keçirilməsini təsdiq edən arayışlar təqdim olunsa da, həmin sübutlara məhkəmə münasibət bildirməmiş və əsassız olaraq MMC-lərlə sənəd üzərində aparılan əməliyyatların əmtəəsiz olmasının sübuta yetirilmədiyini qeyd etmişdir. Halbuki, vergi orqanı araşdırma zamanı bütün mövcud imkanlarından istifadə etmiş və əmtəəsiz əməliyyat aparılmasını sübut etmişdir. Həmçinin qərarda qeyd olunur ki, “Bundan əlavə, qeyd olunmalıdır ki, iddiaçı ilə əməliyyatlar aparılan zaman (2023-cü il) "xxxx" MMC riskli vergi ödəyicisi qrupunda olmamışdır. Belə ki, işə əlavə olunan xx.xx.2024-cü il tarixli qərardan göründüyü kimi, həmin qurum iddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. Bundan əlavə, iddiaçı ilə əməliyyatlar aparılan zaman "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC riskli vergi ödəyicisi qrupunda olmamışdır. Belə ki, işə əlavə olunan Dövlət Vergi Xidmətinin “Riskli vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidmətindən çıxarışlardan göründüyü kimi, həmin qurumlar iddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyicisi kimi tanınmışdır”. Vergi orqanında aparılan araşdırmalar zamanı yuxarıda adları qeyd olunan vergi ödəyicisinin məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması müəyyən edilmiş, bu səbəbdən də həmin vergi ödəyiciləri riskli vergi ödəyici siyahısına daxil edilmiş, bu barədə müvafiq qərarlar qəbul edilmişdir. Bu barədə sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq sübutların qiymətləndirilməsi zamanı nəzərə alınmamışdır. Məhkəmənin istinad etdiyi "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarlar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, əməliyyat aparılan zaman həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur. Həmçinin, yuxarıda adları qeyd olunan vergi ödəyiciləri məhz hazırkı iddiaçı ilə apardıqları əməliyyatların riskli hesab olunması səbəbindən riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə qərarlar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə qərar qəbul etməzdən əvvəl "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin idxal və mal alışını, həmin hüquqi şəxslərin həmin ünvanda olub-olmasını müəyyən etməli, adları çəkilən qaimələrdəki malların mövcud olub-olmasını müəyyən etməli idi, lakin heç bir hüquqi əsas olmadan məhkəmə riskli vergi ödəyicilərinin riskli hesab edilməsi barədə qərarların tarixini əsas götürmüşdür. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01 aprel 2024-cü il tarixli, **********143600 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2024-cü il yanvar ayı üçün əlavə dəyər vergisi üzrə 20.934,63 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 may 2024-cü il tarixli, **********052100 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2024-cü il mart ayı üçün əlavə dəyər vergisi üzrə 6.390,00 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 24 may 2024-cü il tarixli, **********393600 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2023-cü il üçün mənfəət vergisi üzrə 53.035,01 manat əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 16 avqust 2024-cü il tarixli, 3-21-2-3/2- 65030/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2024-cü il iyun ayı üçün əlavə dəyər vergisi üzrə 18.645,84 manat əlavə vergi məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet vergi məlumatlarına əsasən iddiaçı ilə əməliyyatlar aparılan zaman "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC riskli vergi ödəyicisi qrupunda olmamışdır. Həmin vergi ödəyiciləri iddiaçı ilə əməliyyatlar aparıldıqdan sonra riskli vergi ödəyicisi kimi tanınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatların aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-lərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya eqaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Belə ki, vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8724/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-952/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-952/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver