Məhkəmə qərarları › İş №2-1(103)-953/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-953/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-953/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Bəktaşi Səadət İnayət qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən X1 Bakı şəhəri,Xəzər rayonu, Şüvəlan qəsəbəsi 273 saylı bağ sahəsindən çıxarılmamasına dair hərəkətləri qanunsuz hesab edilməsi, dəymiş mənəvi və ziyana görə 100000 manat, maddi ziyana görə 200000 manat pul icra şöbəsindən tutularaq ödənilməsi, Xəzər Rayon Məhkəməsinin 10.07.2015-ci il tarixli 2(003)-2583/2015 saylı qətnaməsinin tam şəkildə icra olunması Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5544/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən X1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 273 saylı bağ sahəsindən çıxarılmamasına dair hərəkətləri qanunsuz hesab edilməsi, dəymiş mənəvi və ziyana görə 100000 manat, maddi ziyana görə 200000 manat pul icra şöbəsindən tutularaq ödənilməsi, Xəzər rayon Məhkəməsinin 10.07.2015-ci il tarixli 2(003)-2583/2015 saylı qətnaməsinin tam şəkildə icra olunması Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5544/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan İddiaçı apelyasiya şikayəti vermiş və şikayətində göstərmişdir ki, Hazırkı iddia tələbləri ilə ilk öncə Xəzər rayon məhkəməsinə müraciət etmişdir. Xəzər rayon məhkəməsi hesab etmişdir ki, kompensasiya xarakterli tələblərə inzibati məhkəmə baxmalıdır. Xəzər rayon məhkəməsinin bu mövqeyini apellyasiya instansiya məhkəməsi də müdafiə etmişdir. Buna görə də məcbur olub bu tələbi inzibati məhkəməyə vermişdir. Nəticədə, ümumi məhkəmə onu inzibati məhkəməyə yönləndirib, inzibati məhkəmə isə işə baxmadan, mahiyyəti araşdırmadan iddianı mümkün hesab etməyib. Hakim qeyd edib ki, iddia o zaman mümkün sayıla bilər ki, öncədən kompensasiya ilə bağlı cavabdehə müraciət edilmiş olsun. Halbuki, hərəkətsizlik və onun nəticəsində əmələ gələn kompensasiya tələbi üzrə cavabdehə yazılı müraciət etmək məhkəməyə müraciət etmək üçün məcburi şərt deyil. Bu məcburetmə iddiası deyil. Bu hərəkətsizlikdən edilən şikayət üzrə kompensasiya tələbidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:...2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1.-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən göründüyü kimi iddia tələblərin bir hissəsi –Xəzər rayon Məhkəməsinin 10.07.2015-ci il tarixli 2(003)-2583/2015 saylı qətnaməsinin icra olunması tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi hüququ təsbit edilmişdir ki,bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər (hərəkətsizliyi) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: 1.Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində göstərilən - dəymiş mənəvi və ziyana görə 100000 manat, maddi ziyana görə 200000 manat pul icra şöbəsindən tutulması tələblə bağlı məhkəməyə qədər cavabdehə müraciət etməmişdir. Belə ki, iddiaçı tərəfindən Bakı şəhər Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı məhkəmədə iddia qaldırılmazdan əvvəl hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etməsinə dair heç bir sübut və ya müraciətə dair cavab məktubu iddia ərizəsinə əlavə olunmamış və iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.10.2020-ci il tarixli, 2-1(112)-5544/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar