Məhkəmə qərarları › İş №2-1(103)-953/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-953/2022

02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-953/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızı ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9289/2021 19.11.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 2-ci mərtəbəsində 10 saylı qeyri-yaşayış sahəsinin və X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində 83, 85, 86, 87 və 91 saylı qeyri-yaşayış sahələrinin üzərindən ipoteka yüklülüyünün götürülməsi və eyni zamanda həmin əmlaklar üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat apararaq Azərbaycan Respublikası Mərkəzi Bankının adına rəsmiləşdirilməsi, habelə mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12.03.2018-ci il tarixli, 2(007)-88/2018 saylı qətnaməsinə görə, "xxxx" ASC-nin Mərkəzi Bank qarşısında cəmi 5.611.482,22 manat borcun ödənilməsi üçün X2 xüsusi mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 2-ci mərtəbəsində 10 saylı qeyriyaşayış sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın satılması və satışdan əldə olunacaq pul vəsaitləri hesabına borcun Mərkəzi Banka ödənilməsi qərara alınmışdır. Bundan başqa, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.08.2019-cu il tarixli, 2(001)- 116/2019 saylı qətnaməsinə əsasən “Atrabank" ASC-nin Mərkəzi Bank qarşısında 16.12.2009-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 2.310.583,51 manat borcun ödənilməsi üçün tutmanın ipoteka predmetləri olan X7 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 nömrəli binanın 6-cı mərtəbəsində 83, 85, 86, 87 və 91 saylı qeyri-yaşayış sahələrinə yönəldilməsi, həmin daşınmaz əmlakların Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satılması və satışdan əldə olunacaq pul vəsaitləri hesabına borcun Mərkəzi Banka ödənilməsi qərara alınmışdır. Qeyd edilən əmlaklar müvafiq olaraq Xətai rayon icra və probasiya şöbəsinin sifarişi əsasında "xxxx" MMC, Binəqədi rayon icra və probasiya şöbəsinin sifarişi üzrə isə "xxxx" MMC tərəfindən keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından Mərkəzi Banka təklif olunmuş və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən Mərkəzi Bank tərəfindən əldə edilmişdir. İpoteka predmetlərinin ipoteka saxlayanın mülkiyyətinə verilməsi hərracın yekunları barədə 29.07.2019-cu və 18.03.2020-ci il tarixli protokollarla təsdiq olunmuşdur. Mərkəzi Bank tərəfindən X3 və X7 məxsus əmlaklar üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat apararaq həmin əmlakların Mərkəzi Bankın adına rəsmiləşdirilməsi və mülkiyyət hüququnu təsdiq edən çıxarışların verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) 13.07.2021-ci il tarixli məktubu ilə Mərkəzi Bankın qeyd edilən müraciətindən imtina etmiş və bununla bağlı bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq məktubu ilə sözügedən əmlakların üzərinə müvəqqəti məhdudiyyət qoyulmuşdur. Belə ki, Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 18.11.2019-cu il tarixli məktubuna əsasən X6, 16.03.2020-ci il tarixli məktubuna əsasən isə X1 mülkiyyətində olan qeyri-yaşayış sahələrinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi məqsədəmüvafiq hesab olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9289/2021 19.11.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9289/2021 19.11.2021-ci il tarixli qərardadının ləğv edilməsini, inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müraciət üzrə imtina cavabı da Xidmət tərəfindən verildiyindən Mərkəzi Bank Xidməti cavabdeh qismində tanımaqla ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq qeyd olunmuşdur ki, Mərkəzi Bank tərəfindən oxşar məsələlərlə bağlı əvvəllər də Xidmətə müraciət edilmiş və müvafiq çıxarışlar alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9289/2021 19.11.2021-ci il tarixli qərardadının ləğv edilməsini, inzibati işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9289/2021 19.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Bakı ərazisində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət etməli olduğu halda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı məhkəməyə müraciət etməklə cavabdeh seçimində səhvə yol vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının müraciətinin cavablandırılması hazırkı iddia üzrə cavabdeh qismində iştirakına əsas vermir. Qeyd olunanlara əsaən məhkəmə hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən, Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda nəzərdə tutulmuşdur (31.1.4-cü bənd). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 2012ci il 07 dekabr tarixli, 08 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlaka dair çıxarışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”: 1.1. Elektron xidmətin adı: Daşınmaz əmlaka dair çıxarışların tərtib edilməsi üçün müraciətin və sənədlərin qəbulu; 1.2. Elektron xidmətin məzmunu: bu xidmət qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış müəssisələr tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, daşınmaz əmlak barəsində notariat qaydada bağlanılmış əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün müraciətlərin və sənədlərin qəbul edilməsi, elektron xidmət istifadəçisinə müraciətin qəbulu, işin icra mərhələləri barədə bildirişlərin verilməsi, çıxarışların verilməsindən imtina edildiyi hallarda bu barədə elektron xidmət istifadəçisinin məlumatlandırılması ilə bağlı qaydaları müəyyən edir; 1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri; 1.5. Elektron xidmətin digər icraçıları: yoxdur. Göründüyü kimi, Bakı ərazisində yerləşən daşınmaz əmlak üzərində hüquqların dövlət qediyyatına alınması və çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından hüquqi yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya izah edilmişdir ki, hazırki iddia ona cavab verməli olmayan cavabdehə qarşı qaldırılmışdır. Cavabdehin əsl cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi iddiaçıya təklif olunmuşdur. Lakin iddiaçı tərəfindən bununla bağlı hər hansı hərəkət olunmamışdır. Qeyd olunanları nəzərən məhkəmə hesab edir ki, cavabdeh qeyd olunan iddiaya cavab verməli olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9289/2021 19.11.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar