Məhkəmə qərarları › İş №2-1(103)-953/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-953/2024

31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-953/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərarın ona aid hissədə ləğv edilməsi və əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12097/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İddiaçının Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən aparılmış müayinəsinə dair çıxarışdan görünür ki, ona ilkin olaraq 27 mart 2017-ci il tarixdən ikinci dərəcəli 5 il müddətinə əlillik təyin edilmişdir. Bu fakt Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı ilə bağlı elektron sistemdən çıxarış məlumatları ilə təsdiq olunur. Əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçıya əlilliyin təyinatından əlavə müalicə- ixtisaslaşmış müalicənin davam etdirilməsi, diaqnozun əlillik təyin etməməsi əsasları ilə imtina edilmiş, sonradan cavabdeh tərəfindən əlilliyin təyin edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərardan görünür ki, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 23 noyabr 2022-ci il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən əlilliyin təyinatı barədə qərar ləğv edilmişdir. Bundan sonra İddiaçı əlilliyinin bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “əlilliyin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə ona aid hissədə cavabdehin 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərarın ləğv edilməsi və onun əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2017-ci il tarixdən 2-ci qrup əlillik, daha sonra 28 mart 2022-ci il tarixdən 5 il müddətinə yenidən ikinci qrup əlillik təyin edilmişdir. Təyin edilmiş əlillik 27 dekabr 2022-ci il tarixdən etibarsız hesab edilmiş, əlilliyin ləğvi barədə ona heç bir məlumat verilməmiş, tibbi yoxlaması aparılmamışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciətlər etsə də, sonuncu tərəfindən bu müraciətlər cavabsız qalmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı 23 noyabr 2022-ci il tarixdə əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir, əlilliyin təyinatı barədə qüvvədə olan qərarın ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12097/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı əlilliyin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin dekabr 2022-ci il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, İddiaçı təyin edilmiş əlilliyinin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apelyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, prosessual pozuntu təkcə inzibati icraat gedişində və qəbul edilən qərarda təyin edilmiş əlilliyin ləğvinə əsas ola biləcək inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması və əlilliyin ləğv edilməsinin əsaslandırılmaması ilə bağlı olmamış, cavabdeh əyani müayinəyə iddiaçını çağırarkən də növbəti prosessual pozuntuya yol vermişdir. Məhkəmənin mövqeyi ilə razılaşmır, eyni zamanda hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib-vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayəti həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1403/2022 saylı xx.xx.2022-ci il tarixili, 2-1(102)- 824/2022 saylı xx.xx.2023-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci ii tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müvafiq bəndlərinə istinadən əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyətinə gəldikdə isə hazırki işin hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş və iddiaçıya 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra isə əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması adı ilə əlillik ləğv edilmişdir. İddiaçı onun əlilliyinin bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmiş, bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsi zamanı aparılmış inzibati araşdırmanın inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun olmamasına, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair cavabdeh tərəfindən öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsaslarının müəyyən edilməməsinə, qəbul edilmiş əlverişsiz inzibati aktın əsaslandırılmamasına, iddiaçının əyani müayinədə iştirakının təmin edilməməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, iddiaçıya Bakı 38 saylı şəhər Poliklinikasının göndərişi əsasında xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində ilkin olaraq 27 mart 2017-ci il tarixdə 5 il müddətinə, sonradan isə 28 mart 2022-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonradan cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 02 dekabr 2022-ci il tarixli qərardan göründüyü kimi, əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün iddiaçı 23 noyabr 2022-ci il tarixdə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmiş, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən əlilliyin təyinatı barədə qərar ləğv edilmişdir. Cavabdeh inzibati orqan elektron sənədə istinad edərək bildirir ki, 29 nəfərin əlillik təyinatı barədə qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin düzgünlüyünə şübhə yaranmış və həmin şəxslər barəsində inzibati icraat aparılmışdır ki, bu şəxslərin əyani müayinəyə çağırılması barədə də məktublar göndərilmiş, 1 nəfərin əlilliyi qüvvədə saxlanılmış, 1 nəfərə tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı dəyişdirilmiş, digər 27 nəfər şəxsin əlillik təyinatı barədə qərarlar ləğv edilmişdir. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçıya Bakı 38 saylı şəhər Poliklinikasının göndərişi əsasında ilk dəfə 2017-ci il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, bu əlillik sonradan 28 mart 2022-ci il tarixli qərarla yenidən 5 il müddətinə verilmiş, 02 dekabr 2022-ci ildə isə mövcud sənədlər əsasında aparılmış araşdırmaya əsasən iddiaçıya təyin edilmiş əlillik cavabdeh tərəfindən ləğv edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, iddiaçıya verilmiş əlillik cavabdeh inzibati orqan tərəfindən ləğv olunarkən inzibati icraat qaydalarına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X6 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçıya təyin edilmiş əlilliyin ləğv edilməsindən öncə, cavabdeh orqan tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş əlilliyin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İşə birinci instansiya qaydasında baxılarkən məlum olmuşdu ki. cavabdeh inzibati orqan öz təşəbbüsü ilə başladığı inzibati icraata iddiaçını da dəvət etmək və onun müayinəsini aparmaq məqsədilə sonuncuya bildiriş göndərmiş, hansı ki, həmin bildirişin məhz iddiaçının poçt ünvanına göndərilməsi, nəticədə onun və ya ailə üzvləri tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Bildişi qəbul edən “Məmmədov” adı şəxsin iddiaçıya məxsus ünvanda olub, iddiaçının adına gəlmiş sənədi qəbul etməsi faktı öz təsdiqin tapmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının müayinəyə dəvət olunması ilə bağlı cavabdeh orqanın onu lazımi qaydada xəbərdar etməməsi nəticəsinə gələrək inzibati icraatın qanunvericiliklə müəyyən olunmuş qaydada aparılmadığı qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən öz təşəbbüsü ilə başlanılmış inzibati icraat nəinki iddiaçının iştirakı, onun müayinəsinin aparılması ilə həyata keçirilməmiş, hətta cavabdeh iddiaçının maraqlı şəxs olaraq inzibati icraata dəvət olunduğu, iddiaçının iştirakı olmadan inzibati icraatı aparmaqda haqlı olduğuna istinad etdiyi halda belə, qəbul etdiyi inzibati aktı “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq qaydada əsaslandırmamışdır. Belə ki, işdə olan cavabdeh qurumun Tibbi Sosial Ekspert Komissiyasının 2022-ci ilin dekabr ayında qəbul etdiyi qərarın məzmunundan görünür ki, 29 nəfər vətəndaşın, o cümlədən İddiaçı əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması həyata keçirilmiş və müəyyən olunmuşdu ki, Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı dair tibb müəssisəsinin 4118003AAEZV nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2022-ci il tarixində əyani müayinəyə araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Göründüyü kimi, cavabdh inzibati orqanın mübahisələndirilən dekabr 2022-ci il tarixli qərarı əlilliyi ləğv edilmiş 29 nəfər vətəndaşdan biri olan İddiaçı da münasibətdə əsaslandırılmamışdır. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. Göründüyü kimi, mübahisləndirilən dekabr 2022-ci il tarixli inzibati akt yuxarıda qeyd olunan şəkildə əsaslandırılmamış və qanunla onun əsaslandırılmasının tələb olunmadığı hallar hazırki işdə mövcud olmamışdır. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya ilk dəfə xx.xx.2017-ci ildə, sonradan isə xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlillik bu barədə onun xeyrinə əlverişli inzibati aktın (İİ dərəcə əlilliyinin təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraat lazımi qaydada aparılmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxs- iddiaçı inzibati icraata dəvət edilmədən, onun dinlənilmə hüququ təmin edilmədən, müayinəsi aparılmadan, qəbul etdiyi akt yazılı inzibati akt olduğu üçün yazılı şəkildə əsaslandırılmadan şəxsin məzmununa etimad göstərdiyi əlillik təyinatı ilə bağlı inzibati akt ləğv edilmiş və bununla da iddiaçının qanunla qorunan sosial təminat hüququna qanunsuz olaraq müdaxilə edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Lakin hazırki işdə iddiaçının xeyrinə qəbul edilmiş xx.xx.2022-ci il tarixli əlverişli inzibati aktın məhz hansı əsaslarla ləğv edilməsi mübahisələndirilən dekabr 2022-ci il tarixli qərardan görünmür. Kollegiya onu da bildirir ki, iddiaçının ona münasibətdə mübahisələndirdiyi dekabr 2022-ci il tarixli qərar işə birinci instansiya qaydasında baxılarkən cavabdeh qurum tərəfindən imzalanmamış şəkildə məhkəməyə təqdim olunmuşdur. Bunu nəzərə alan məhkəmə kollegiyası həmin qərarın imzalanmış surətinin məhkəməyə təqdim olunmasını cavabdehə təklif etmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddiaçının mübahisələndirdiyi qərarın elektron qaydada imzalanmış nüsxəsini məhkəməyə təqdim etmiş və bu zaman müəyyən olunmuşdu ki, həmin qərar 02 dekabr 2022-ci il tarixdə qəbul olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş İİ dərəcəli əlilliyin qüvvədə olduğu halda həmin əlilliyin ləğv edilməsi məsələsi inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilərək, iddiaçıya əlilliyin təyin edilməsinə dair qərarın ləğv edilməsi barədə cavabdehin dekabr 2022-ci il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və iddiaçıya təyin edilmiş əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin e-2-1(112)-12097/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarı cavabdeh inzibati orqanın iddiaçıya aid hissədə ləğv edilmiş qərarının tarixi “02 dekabr 2022-ci il” göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-12097/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarı cavabdeh inzibati orqanın iddiaçıya aid hissədə ləğv edilmiş qərarının tarixi “02 dekabr 2022-ci il” göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar